“Elm və Təhsil Nazirliyi (ETN) tələbələrin universitetlərə qeydiyyatı üçün heç bir sənəd tələb olunmadığını deyir, lakin bəzi universitetlər qeydiyyat üçün kəndirli papka, notarial təsdiqlər, DİM-dən arayış, yaşayış yerindən arayış, qonşudan arayış və s. tələb edir. Bu dərəcədə olacağını gözləmirdim”.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib:
“İRİA və ETN bir neçə ay öncədən elan ediblər ki, universitetlərə qəbul olanlardan kağız sənədlər toplanmayacaq, paralel qediyyatlar olmayacaq, qeydiyyat yalnız portal.edu.az üzərindən olacaq. Həmçinin ETN bildirib ki, portalda qeydiyyat üçün tələbələrdən heç bir sənəd tələb olunmur.
Yəni tələbə sistemə daxil olanda özünün bütün sənədlərini (attestat, yaşayış yeri, DİM məlumatları, Hərbi Çağırışla bağlı məlumatlar, Güzəşt hüququ verən sənədlər və s.) sistemdə görür və onları sadəcə təsdiqləyir. ETN universitetlərə də bu sənədlərə giriş imkanı yaradıb. Yəni universitetə tələbənin atestatı lazımdırsa, universitet öz giriş məlumatları ilə ETN sisteminə daxil olaraq onu görə bilir, bu məlumatların hamısını özünə çəkə bilir və s. Bundan artıq nə olmalıydı? Yəni əsl rəqəmsal hökumət komponentləri bu qeydiyyat prosesində qurulub”.
O bildirib ki, ötən gündən etibarən tələbələrin universitetlərə qeydiyyat prosesini monitorinq edir:
“Monitorinqin bəzi nəticələri çox düşündürücüdür və təssüf doğurur. Universitetlərin elanlarından görünür ki, yenə də portal.edu.az-dan kənar, paralel qeydiyyat aparanlar, kağız sənədlər tələb edənlər var :
1. BDU – heç bir sənəd və paralel qeydiyyat tələb etmir.
2. AzTU – heç bir sənəd və paralel qeydiyyat tələb etmir
3. BMU – özü üçün kağız formada əlavə sənədlər tələb edir.
4. GDU- özü üçün “Kəndirli qovluq” və digər çoxsalı sənədlər istəyir, Köhnə Yevlax avtovağzalının yanında.
5. ATU- əlavə çoxsaylı kağız sənədlər tələb olunur.
6. ADPU – əlavə kağız sənədlər tələb olunur.
Ümid edirəm ETN və İRİA da bunlardan xəbərdardır. Hökumət fərqindədir ki, dövlətin ayırdığı bu qədər resurslar “kəndirli qovluq” dövrünə qayıtmaq üçün məzərdə tutulmayıb. Anlamıram ki, absurd və qanuna zidd, tələbələrdə və valideynlərdə çaşqınlıq və narazılıq yaradan, hökumətin apardığı siyasətə sayğısızlıq nümayiş etdirən bu tip elanlarla universitetlər nə demək istəyirlər”.
Aygün Mirakif,
KONKRET.az