“Moskva və Ankaranın Qarabağ məsələsində mövqeləri çox fərqlidir”.
KONKRET.az xəbər verir ki, bunu siyasi elmlər namizədi, Beynəlxalq Strateji Araşdırmalar Təşkilatının analitik mərkəzinin Avrasiya siyasəti üzrə eksperti Kərim Has deyib.
Politoloq prezidentlərin Soçidəki son görüşündən sonra Rusiya-Türkiyə münasibətlərinin vəziyyətini şərh edib: “Türkiyədə keçirilən seçkilərdən sonra Ankara ilə Moskva arasında gərginlik müəyyən qədər artdı. Bu gərginliyi nəzarətə götürmək, ikitərəfli münasibətlərdə daha böyük böhrana çevrilməsinin qarşısını almaqdan ötrü belə bir sammitə ehtiyac vardı”.
Kərim Has onu da qeyd edib ki, Ərdoğan dəfələrlə Rusiya prezidentinin Türkiyəyə səfərini gözlədiyini bəyan etsə də, nəticədə Türkiyə prezidenti özü Soçiyə gedib: “Putinlə Ərdoğan arasında son dörd görüş də Rusiya ərazisində baş tutub. Hələlik Türkiyə-Rusiya münasibətlərindəki assimmetriya Moskvanın xeyrinə qalır”.
Ekspertin sözlərinə görə, Moskva və Ankaranın Cənubi Qafqazdakı vəziyyətlə, xüsusən də Qarabağ məsələsi ilə bağlı mövqeləri çox fərqlidir. “Ona görə də Qarabağ məsələsində tərəflərin açıq şəkildə hər hansı bəyanat verməsi düzgün olmazdı. Düşünürəm ki, biz gələn il Qarabağ məsələsinin çox qızğın müzakirəsinin şahidi olacağıq. Türkiyə Azərbaycanla birlikdə Ermənistana hərbi-siyasi təzyiqləri artırır. Xüsusən Ukrayna-Rusiya münaqişəsindən sonra rusların yüklənməsi buna təkan verir”.
O həmçinin bildirib ki, ABŞ Avropa İttifaqının köməyi ilə Rusiyanın xaricdə, ilk növbədə postsovet məkanında təsirini azaltmaq istəyir.
Vəli Həsənov,
KONKRET.az