Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome”da yerləşən “Keşlə” bazarında yoxlama keçirilib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, baxış zamanı balıq məhsullarının emalı sahəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, temperatur rejiminə əməl edilmədən balıq məhsullarının soyuducudan kənarda saxlanılaraq satışa çıxarıldığı müəyyən edilib.
Eyni zamanda çəlləklərdə duzlaşdırılaraq antisanitar şəraitdə emal olunan kəskin qoxulu, həşəratlarla sirayətlənmiş ümumi çəkisi 740 kq istehlaka yararsız balıq məhsulu aşkarlanıb.
Faktla bağlı istehlaka yararsız balıq məhsullarının satışının qadağan edilməsi və məhv olunmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, nöqsanlar aradan qaldırılanadək balıq məhsullarının emalı sahəsinin fəaliyyəti dayandırılıb, inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.



