“Kimisə tənqid hədəfinə çevirib deyə, İTV-ni linç etmək haqsızlıq və insafsızlıqdır” – MÖVQEbackend

“Kimisə tənqid hədəfinə çevirib deyə, İTV-ni linç etmək haqsızlıq və insafsızlıqdır” - MÖVQE

Millət vəkili Fazil Mustafanın Milli Məclisdə çıxışı zamanı İctimai TV-ni tənqid etməsi geniş müzakirələrə yol açıb. Fazil Mustafa bildirib ki, televiziya ilkin yarandığı dövrdə cəmiyyətin müəyyən gözləntilərini əks etdirsə də, sonradan özünü doğrultmayıb. Millət vəkili İctimai TV-ni fəaliyyətini düzgün qurmamaqda günahlandırıb.

KONKRET.az xəbər verir ki, tanınmış teleaparıcı Turan İbrahimov mövzu ilə bağlı öz mövqeyini sərgiləyib. Jurnalist  bildirib ki, hal-hazırda İctimai TV hər şeyi düz edir: “Efirini estetik baxımdan möhtəşəm qurub. Məzmun baxımından da yaxşıdı. Ən əsası odur ki, İTV-yə baxanda adamın özünə və mənsub olduğu cəmiyyətə hörməti artır, utanmır, natamamlıq travması almır”.

Turan İbrahimov əlavə edib ki, İTV-nin bircə problemi var. O problemin də səbəbi qətiyyən özü deyil: “İçində bu gün onu tənqid edən deputatların da olduğ riyakar insanların toplusudur. O toplu ki, danışanda yüksək dəyərlərdən, səviyyədən danışır, seçimə gələndə isə tam əksini edir” – deyə teleaparıcı fikirlərini tamamlayıb.

Tanınmış jurnalist, Vision TV-nin baş redaktoru Şöhrət El-Dəniz də mövzu ilə bağlı fikirlərini səsləndirib. O, İctimai Televiziyanı və digər telekanalları tənqid etməyin lazım və vacib olduğunu deyib: “Mən özüm də, efirə cəmiyyətin bütün təbəqələrini çağırmaqda xəsislik edirlər deyə dəfələrlə tənqid etmişəm. O cümlədən bəzi verilişlərə peşəkar münasibətimi bildirib tənqidi mövqeyimi sərgiləmişəm. Və qarşı tərəfdən anlayışlı yanaşma, tənqidə dözümlülük görmüşəm. Amma televiziyanı onları tənqid hədəfinə çevirdiklərinə görə, tənqid edib kütləvi irad bildirmək qeyri-peşəkar yanaşmadır”.

Jurnalist qeyd edib ki, İTV hal-hazırda Azərbaycan teleməkanında ən peşəkar və baxımlı telekanallardan biridir: “Ən əsası da ictimai-siyasi verilişlərin hazırlanmasında, fərqli fikirlərin söylənilməsində öndə gedənlərdəndir. Kadr potensialı peşəkarlardan təşkil edilib. Ona görə də, İTV-ni kimisə tənqid hədəfinə çevirdiyinə görə, bəhanə gətirib linç etmək haqsızlıq və insafsızlıqdır”.

Qeyd edim ki, hazırda jurnalistikada peşəkar kadrların az olduğu, bayağı verilişlərin telekanallarda “at oynatdığı” bir vaxtda İTV həm əməkdaşları, həm də nümayiş etdirdiyi verilişləri ilə rəqiblərini üstələməyi bacarıb. Eyni zamanda kanal cəmiyyəti maraqlandıran ictimai-siyasi verilişlər yayımlamaqla, bayağılıqdan, ucuz çal-çağırdan uzaq mədəni-əyləncəli layihələr təqdim etməklə sözün əsl mənasında böyük izləyici kütləsi toplaya bilib. İTV-ni digər kanallardan fərqləndirən əsas məqamlardan biri də televiziya əməkdaşlarının səlis diksiyaya malik olması və geyim kodeksinə əməl etməsidir. İctimai TV öz fəaliyyəti ilə ictimaiyyətin televiziyası olmağı bacarıb desək, heç də yanılmarıq.

Müşviq Tofiqoğlu

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*