“Kino batıb, kino yoxdur, Adamı həvəsdən salırlar” – Mədəniyyət Nazirliyindən səs-səmir çıxmırbackend

“Kino batıb, kino yoxdur, Adamı həvəsdən salırlar” – Mədəniyyət Nazirliyindən səs-səmir çıxmır

Bu gün Azərbaycan kinosunun yaranmasından 126 il ötür. Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakıda elmi-foto dərnəyinin katibi, fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirib. Həmin tarix Azərbaycanda kinonun yaranma günü hesab olunur.

Avqustun 2-si həmçinin kino işçilərinin peşə bayramı kimi də qeyd olunur. Bu gün Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə təsis olunub.

Azərbaycan kinosunun yaranmasının ildönümü ilə əlaqədar kino haqqında danışmaq üçün KONKRET.az kinoşünas Aydın Kazımzadə ilə həmsöhbət olub.

Aydın Kazımzadə bildirib ki, hazırda Azərbaycanda kinonu yaradan, inkişaf etdirən insanlar artıq yoxdur:

“Kino batıb, kino yoxdur. Kinonu yaradan, inkişaf etdirən insanlar da artıq yoxdur. Onlar olmayan yerdə kino haradan olsun? Kinoya gərək varlığınla bağlanasan. Ayrı bir şey düşünməyəsən. Beyində gərək ancaq kino olsun. Məsələn, Həsən Seyidbəyli belə idi”.

“İndiki filmlərdə və teleseriallarda aktyor və aktrisaların oynadıqları obrazlarda məişət üslubundan çox rəsmi və digər üslublar daha çox üstünlük təşkil edir. Bu isə obrazların süniliyini qabardır. Bütün bunların səbəbi nədir?” sualına 36 kitabın müəllifi olan Aydın Kazımzadə belə cavab verdi ki, aktyor olmaq istəyən şəxsdə gərək Allahdan vəhy olsun:

“İndiki aktyor və aktrisaların aldıqları təhsil budur. Aktyorda gərək Allahdan vəhy olsun. Nəyə görə, hamı şair olmur? O şəxs şair olur ki, Allahdan o vəhy alıb. Aktyorda da bu olmalıdır. Deyirlər ki, mən aktyor olmaq istəyirəm, amma aktyor olmaqla deyil axı?! Gərək aktyor doğulasan. Mirzağa Əliyev və digərləri oxumayıblar, amma böyük istedad sahibləri idilər. Çünki aktyorluq onların içlərində idi. Aktyorlar var idi ki, gedib təhsil alırdılar, müəllimlərin dediklərindən əlavə kitablardan oxuyurdular, öyrənirdilər. Əvvəllər müəllimlər var idi. Məsələn, Adil İsgəndərov, Elmira Şabanova, hazırda da Şəfiqə Məmmədova. Düzdür, Şəfiqə Məmmədova incəsənətdə deyil, konservatoriyadadır. Amma necə olur ki, Şəfiqə Məmmədovanın yetirməsi Rusiya Dövlət Akademik Böyük Teatrının (“Bolşoy teatr”ı) aktrisasıdır?

Artıq bu şəxslər kimi müəllimlər yoxdur. Baxırsan universiteti bu gün bitirir, sabah da müəllim olurlar. Onların birinci özünü öyrətmək lazımdır. Universiteti bitirmək o demək deyil ki, sən böyük aktyorsan, sənin gərək böyük təcrübən olsun ki, dərs deyə biləsən. O müəllimlərin öyrətdikləri də bu gün çəkilən seriallarda, kinolarda iştirak edirlər. Onlar klassikanın nə olduğunu bilməyən adamlardır”.

– Azərbaycan kino dünyasının inkişaf etməməsinin səbəbi nədir?

“Əvvəllər planlı şəkildə kino çəkilirdi. Cari və perspektiv plan var idi. Bir adam ssenarini yazırdı, onun annotasiyasını kinostudiyoya verirdi. 5 illik plan hazırlanırdı. Biz bilirdik ki, 5 ildə hansı kinolar çəkiləcək.

Oturub ssenarini yazırdılar. Ssenari yazılandan sonra onu bədii şuraya verirdilər.

Bədii şura baxıb təzədən işləmək üçün geri göndərirdi. Şura üzvlər göstərişlərini verirdi, onların tənqidi qeydləri əsasında ssenariyə düzəlişlər edilirdi. Bundan sonra yenidən Bədii Şuraya təqdim edilirdi. Müəyyən məqamlar olarsa, yenidən düzəlişlər edilirdi. Daha sonra ssenari tam formada rejissora verilirdi. Rejissor ssenarisi ilə, yazıçı ssenarisi ayrıdır. Rejissor ssenarisini hazırladıqdan sonra Bədii Şuraya təqdim edirdi, tənqidi qeydlər əsasında düzəlişlər edilirdi. Bu etaplardan keçdikdən sonra film çəkilirdi”.

Aydın Kazımzadə Bədii Şuranın şəffaf çalışmaması barədə fikirlər də səsləndirdi:

“Mədəniyyət Nazirliyinin Kino Agentliyi var idi. Agentlikdə ssenarilərin müsabiqəsi keçirilirdi. Müsabiqədən sonra komissiya ssenariləri seçdi. Bədii Şura komissiyanın seçdiyi ssenarinin bəzilərini kənara qoydu, öz bildiyi kimi ssenariləri seçdi. Mən Vaqif Mustafayevə dedim ki, sən bədii şuranın üzvü idin, bu niyə belə olur? Dedi ki, mən o vaxt burada olmadım, əgər mən burada olsa idim, orada 2 ssenari var idi, onları qəbul olunmağa qoymazdım. Vaqif Mustafayev savadlı, tanınmış rejissor, ssenaristdir. Deməli, burada şəffaflıq yoxdur. Cəlaləddin Qasımov gözəl yazıçıdır, ssenaristdir. O da ssenari təqim etmişdi. İlqar Fəhmi komissiyanın üzvü kimi onun ssenarisini 3 turdan keçirib, üçündə də tərifləyib. Bədii Şuraya çatanda isə şura ssenarini götürüb qırağa atıb. Onun yerinə təriflənməyən ssenarini seçiblər. Bunun maliyyələşməsini dövlət edir. Dövlət də görür ki, onlar şəffaf iş görmürlər. Yenə də öz bildiklərini edirlər. Ona görə də o pulu kəsir, düz də edir. Mən dövlətin yerinə olsam, ümumiyyətlə, pul vermərəm. Gedin pul tapın, kinonuzu istədiyiniz kimi çəkin”.

“Artıq Həsən Seyidzadə, Həsən Seyidbəyli, Ağarza Quliyev, Şamil Mahmudbəyov kimi şəxslər yoxdur. Dünən pırtlayıb ortaya çıxan bir rejissor ayağını ayağının üzərinə aşırıb, kinodan danışır. Bu, ayıbdır. Deyir ki, film çəkmişəm, festival üçün çəkirəm. Hardan bilirsən ki, sənin çəkdiyin film gedib festivalda nəsə qazanacaq? Lap qazanırsa, hanı film? Yoxdur! Mənim özümün 84 yaşım var. 25 il veriliş aparmışam. Hələ yadıma gəlmir ki, verilişdə ayağımı ayağımın üstünə aşırdım. Çünki cavan vaxtlarımda fikirləşirdim ki, mənə yaşlı adamlar baxır. İndi fikirləşirəm ki, 90, 100 yaşında adam mənə baxır”.

Kinoşünas söylədi ki, Azərbaycan kinosunu inkişaf etdirmək üçün rəhbər şəxslərin olmasının vacibdir:

“Kinoya şəxsiyyət rəhbərlik etməlidir ki, gəlib hər kəsə bərabər yanaşsın. Şəxsiyyət olan insan heç vaxt icazə verməz ki, qaranlıq işlər görülsün. Bəs şəxsiyyət hanı? Yoxdur!”.

Azərbaycan komediyasından gileylənən Aydın Kazımzadə bu sahəni də sərt tənqid etdi:

“Hərdən komediyaxana göstərirlər. Ona baxıram. Mirzağa Əliyev, Əliağa Ağayev, Siyavuş Aslan, Yaşar Nuri, Nəsibə Zeynalova – bunlar komediya ustadları idi. Nə oynayırdılarsa, heç vaxt gülmürdülər. Ən gülünc yerdə çox ciddi olurdular. Hətta əsəb keçirirdilər, amma camaatın ürəyi gedirdi gülməkdən. İndi komik aktyorlar oynayırlar, camaatı güldürəndə əvvəlcə özləri gülürlər. Belə olmaz. Ara qarışıb, məhzəb itib məsələsidir. Kim nə edir bilinimir”.

Kinoşünas son kitabını yazdığını və artıq bundan sonra kitab nəşr etdirməyəcəyini vurğuladı:

“Mən kino çəkmirəm, 36-37 kitabın müəllifiyəm. Onların hamısı kinodur. Kinonun adamları və kinonun tarixi. Mən nə şeir, nə də roman yazıram.

İki cildlik “Azərbaycan Kinosunun Salnaməsi” kitabını yazmışam. Onun birinci cildi çıxıb. İkinci cildi də tamamlayıb Dövlət Film Fonduna verdim. Orada baxıb düzəlişlər edildi. Daha sonra Mədəniyyət Nazirliyinə verdim, amma indiyə qədər xəbər yoxdur. Hanı bu kitab? Əgər qəbul olunursa, niyə nəşriyyata verilmir? Qəbul olunmursa, niyə deyilmir? İndi mən sonuncu kitabımı yazmışam. Bundan sonra kitab yazmayacam. Azərbaycan Kino Ensiklopediyasını yazıram, birinci cild çoxdan çıxıb. İndi ikinci cildi hazırlayıram, amma baxıram ki, bu da Salnamənin vəziyyətinə düşəcək. Hazır edib veririk, sonra səs-səmir çıxmır. Belə olmaz axı. Adamı həvəsdən salırlar”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*