“Məhz yalanın sayəsində indiki hakimiyyət 2018-ci ildə uğur qazandı. Yalan ucbatından Ermənistan müharibə ilə üzləşdi və bu müharibədə məğlub oldu. Növbəti yalanları ilə indiki hakimiyyət hələ də qalmaqda davam edir”.
KONKRET.az xəbər verir ki, bu sözləri parlamentin “Ermənistan” fraksiyasından olan deputatı Levon Koçaryan deyib.
“Biz bu yalanı sındırmaq vəzifəsi qarşısındayıq. Mən deyəndə ki, Paşinyan 2018-ci ildə yalanın üstündə hakimiyyətə gəldi, bu o demək deyil ki, hər şey yaxşı idi, təbii ki, problemlər çox idi, insanların haqlı olaraq öz tələbləri var idi. Amma Niko və dəstəsi bu problemləri şüarlara çevirərək istəklərinə nail oldular. Amma vəzifəyə gəldikdən sonra, hər şeyin tam əksi baş verdi. Bir çox məsələlərdə o, keçmiş hakimiyyəti nədə günahlandırdılarsa, elə özləri xalqa qarşı daha kinli davranmağa başladılar və belə etməkdə davam edirlər”, – deyə siyasətçi qeyd edib.
Onun sözlərinə görə, bu problemi aradan qaldırmaq, hakimiyyətin yalanlarını ifşa etmək üçün hələ çox iş görülməlidir.
“Belə görüşlərimiz də buna hesablanıb. Siz isə öz növbəsində dostlarınıza, qonşularınıza, hətta tanımadığınız insanlara vəziyyəti, əsl həqiqəti izah edin. Sirr deyil ki, biz Ermənistanda, müxtəlif şəhərlərdə, ayrı-ayrı rayonlarda, ayrı-ayrı kəndlərdə belə görüşlər keçiririk və bizim hər belə görüşdən sonra hakimiyyətyönlü təbliğat maşını isterikaya qapılır və əks-hücumlara başlayır: yalan, yalan, yalan”.
Natiq Səlim,
KONKRET.az