“Kontakt Home” mağazalar şəbəkəsindən narazı müştərilərin sayı durmadan artır. Sosial şəbəkələrdə və mediada bu şirkətlə bağlı, demək olar ki, hər gün neqativ fikirlər səsləndirilir. Müştəriləri mağazalardan narazı salan əsas səbəblər isə malların keyfiyyəti və xidmətin aşağı olmasıyla bağlıdır.
Şirkətin ünvanına növbəti belə irad isə Xəyal Süleymanov adlı müştəri tərəfindən ünvanlanıb. Vətəndaşı “Kontakt Home”dan narazı salan səbəbləri sosial şəbəkə hesabında açıqlayıb. Bildirib ki, noyabrın 26-da şirkətin mağazasından online qaydada paltaryuyan sifariş edib. Sifariş zamanı məhsulun maksimum bir həftə ərzində çatdırılacağı bildirilib. Lakin məhsul təxminən bir ay sonra müştəriyə təhvil verilib. Və vətəndaş gecikmə ilə bağlı mağazaya narazılığını bildirib. Mağazadan isə müştəriyə deyiblər ki, gecikməni kompensasiya etmək üçün ona kupon veriləcək.
Xəyal Süleymanov qeyd edib ki, kuponu əldə etmək üçün “Sahil” filialına yaxınlaşdıqda isə ona bu barədə mağazaya baş ofisdən məlumat verilmədiyi bildirilib. Deyilib ki, məsələ dəqiqləşdiriləndən sonra ona məlumat veriləcək. Buna baxmayaraq, müştəri hətta həmin mağazanın sosial şəbəkə üzərindəki rəsmi səhifəsinə müraciət etsə də, geridönüş olmayıb.
Beləcə istehlakçı şirkət tərəfindən hüquqlarının pozulduğunu bildirərək, məhkəməyə müraciət etməklə məsələni hüquqi müstəvidə yoluna qoyacağını deyir.
KONKRET.az xəbər verir ki, “Kontakt Home” mağazalar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Vəfa Rüstəmova isə şikayətlə bağlı sorğumuza belə cavab verib:
“Vətəndaş müraciəti “Müştərinin səsi” platformasında rəsmi qaydada cavablandırılıb və Xəyal bəyin özü ilə də Müştəri Məmnuniyyəti Departamenti tərəfindən danışılıb. Məsələ ilə bağlı sizə də məlumat vermək istərdik. Doğrudur ki, “Böyük cümə” kampaniyası dövründə sifarişlərin çoxluğu ilə əlaqədar standart çatdırılma müddətindən kənaraçıxmalar baş verə bilir. Belə uzanmalar qlobalda “Black Friday” kampaniyası vaxtı tanınmış və etibar qazanmış şirkətlərdə də olur. “Böyük cümə” kampaniyası zamanı daxili logistika resursları ilə bərabər, ölkədə fəaliyyət göstərən digər logistika xidmətlərindən istifadə edilsə də, sifarişlərin çoxluğu ilə əlaqədar hətta kənar resurslarla belə qısa zamanda çatdırılma mümkün olmur”.
Vəfa Rüstəmova əlavə edib ki, Xəyal Süleymanovun məhsulu dekabrın 8-də təhvil verilib. “Məmnuniyyəti təmin etmək məqsədilə müştərimizə növbəti alış-verişlərində istifadə edə biləcəyi xüsusi endirim kuponu da təqdim olunub. O, mağazamıza kupondan yararlanaraq yeni məhsul almaq məqsədilə müraciət edən zaman kassir müştəriyə doğru məlumat təqdim etmədiyi üçün həmin gün kupondan yararlana bilməyib. Hazırda müştəri istənilən mağazamıza yaxınlaşıb, kupondan yararlana bilər. Bundan əlavə, yaranmış anlaşılmazlığın aradan qaldırılması məqsədilə müştərimizə seçdiyi məhsulu gün ərzində ünvanına çatdırmaq da təklif olunub”.
Şirkət sözçüsü xüsusi olaraq vurğulayıb ki, adıçəkilən müştərinin məmnunluğunu qazanmaq üçün şirkət tərəfindən bütün zəruri addımlar atılıb. “İnanırıq ki, Xəyal bəy növbəti alış-verişləri zamanı mağazalarımızdan daha xoş təəssüratla ayrılacaq”, – deyə Vəfa Rüstəmova qeyd edib.
Bünyamin Bünyadzadə,
KONKRET.az