“Koronavirus dünyanı xilas etdi” – Faiq Hüsiyevbackend

“Koronavirus dünyanı xilas etdi” - Faiq Hüsiyev

Televiziya Akademiyasının rektoru Faiq Hüsiyev dünyanı ağuşuna almış koronavirus pandemiyası, onun yaratdığı fəsadlar, yeni dünya düzəni haqda fikirlərini Turkustan.info ilə bölüşüb.

KONKRET.az müsahibəni oxuculara təqdim edir.

– Faiq müəllim koronovirus dövründə telekanallarımızın fəaliyyəti sizi qane edirmi? Televiziya mütəxəssisi kimi sizin fikrinizcə,  bu fəaliyyət necə qurulmalıdır?

– İndiki dövrdə əsas məsələ cəmiyyəti məlumatlandırmaq və maarifləndirməkdir. Düşünürəm ki, telekanallar bunun öhdəsindən gələ bilirlər. Təbii ki, müəyyən iradlarım var, amma hazırda bu haqda danışmaq istəməzdim. Əslində koronovirusla bağlı telekanalların və televiziya tamaşaçılarının maraqları üst-üstə düşür. Ənənəvi həlqə işləyir-birincilər məlumat ötürür, ikincilər məlumat alırlar. Digər bir məsələ var. İndiki böhranlı dövrdə dövlətlə cəmiyət arasında maraqlı münasibətlər yaranıb. Belə gərgin tarixi məqamlarda Dövlət real əhəmiyyətini ortaya qoyur və güc vasitəsindən daha çox vətəndaşın hamisi rolunda çıxış edir. Azərbaycan da mütərəqqi addımlar ataraq özünü inkişaf etmiş ölkələrlə bir səviyyədə olduğunu göstərdi. Təbii ki, bu, Prezident İlham Əliyevin qətiyyəti sayəsində mümkün oldu. Virusun yayılması ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi, ölkə vətəndaşlarına müəyyən maliyyə vəsatinin paylanması, öz vətəndaşlarımızın xarici ölkələrdən daşınması və digər tədbirlər təqdirəlayiqdir və başımızı uca edir. Digər əhəmiyyətli məsələ isə vətəndaşlarımızın fərdi məsuliyyət hissinin ortaya qoyulması, verilən tövsiyələrə və karantin şərtlərinə əməl etməsidir.

– İnternetdə bu virusun süni şəkildə yaradılması, bəşəriyyətlə bağlı hansısa planların reallaşdırılmasında bu virusun bəhanə edilməsi haqda yazılar, videomateriallar da dolaşır. Buna münasibətiniz necədir?

– Bilirsiniz, insan fantaziyası sərhəd tanımır. Hərə bir cür düşünür. Amma mən açıq mənbələrdən aldığım rəsmi məlumatların analizinə üstünlük verirəm.

Sizin analiziniz nə deyir?

– Məncə, İsveç məktəblisi Gerta Tunberqin çağırışları koronavirus vasitəsilə dünya səviyyəsində eşidildi.Yer kürəsi karantin dövründə rahat nəfəs alır. Qlobal istiləşməyə səbəb olmuş istixana effekti verən qazlar azalıb – təyyarələr uçmur, böyük şəhərlərdə avtomobillər hərəkətdə deyil, hətta orta və kiçik istehsal müəssisələrinin əksəriyyəti də dayanıb.

– Axı dünya iqtisadiyyatına görün nə qədər zərər dəyir?

– Dünya dağılandan sonra iqtisadiyyat kimin nəyinə lazımdır?! Arktikada buzların əriməsi, təsəvvür edirsiniz, necə fəlakətlərə səbəb ola bilər?! Dünya okeanının səviyyəsi 70-80 santimetr qalxsa, təkcə inkişaf etmiş ölkələrdə ən azı 200 milyon insan suyun altında qalacaq… Belə də ki, yanvar ayından indiyə qədər dünya iqtisadiyyatına 5 tirlyon dollar ziyanın dəydiyi bildirilir. Təkcə ABŞ-da ümumi daxili məhsulun həcmi 22 trilyona yaxındır. Hələ dövlət ehtiyatlarını demirəm. Elə bu yaxınlarda ÜDM-in 10% həcmində ABŞ əhalisinə yardım haqda proqram qəbul edildi. Bir əsas məqama diqqət yetirmək lazımdır. Söhbət Yer kürəsində iqlimin dəyişməsilə bağlı dünya liderlərinin Paris şəhərində yekdilliklə qəbul etdikləri 12 dekabr 2015-ci il tarixli qərarından gedir. Həmin qərara görə, dönüş nöqtəsi kimi 2020-ci ildən başlayaraq havaya atılan karbon qazının səviyyəsinin qəti şəkildə azaldılması labüd hesab edilir. Bu, planetar miqyasda dövlətlərarası yekdilliyin nümayiş etdirilməsini, qabaqlayıcı tədbirlərin hər bir ölkə üçün eyni senari ilə reallaşdırılması, əslində dünyamızın ekoloji baxımdan xilası üçün düşünülmüş, radikal, alternativi olmayan addımdır. Yer kürəsinin xilası ümumbəşəri bir məqsəddir. Bu istiqamətdə danışıqlardan real əməllərə keçilməsi labud idi. Koronavirus bu işə bir təkan vermiş oldu. Hər halda mən belə fikirləşirəm.

Türküstaninfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*