Korotçenkoya cavab: “Bəs Qərbin bu məqsədini asanlaşdıran nədir?” – ÖZƏL ŞƏRHbackend

Korotçenkoya cavab: "Bəs Qərbin bu məqsədini asanlaşdıran nədir?" - ÖZƏL ŞƏRH

Rusiyalı politoloq, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenkonun fəaliyyətində hər bir azərbaycanlı kimi, mənim də bəyəndiyim məqam onun Cənubi Qafqazla bağlı haqq tərəfdarı olmasıdır. Yəni adam rus olsa da, erməni uydurmalarına qarşıdır və Rusiya mediasında at oynadan hayları müxtəlif dəlillərlə yerinə otuzdura bilir. Sanki bu yolla Kreml federasiya sakinləri olan erməni və azərbaycanlılar arasında efir-fikir tarazlığı yaratmaq istəyir.

Bir vaxtlar qafqazşünas Oleq Kuznetsov da ermənilərin tarix uydurmalarını ifşa etdiyi üçün hay təqib və hədəsi ilə üzləşirdi. Lakin 2022-nin əvvəllərində feysbuk hesabındakı paylaşımlarında ayağısürüşkənlik sindromları müşahidə olundu. Ardınca Bakıya gəl-getdən sonra sosial şəbəkə hoqqaları azaldı. Hətta ötən ay açıqlama əvəzində KONKRET.az-dan qonarar istədi. Belə təcrübənin mövcud olduğu üçün normal yanaşdıq. Bunu xatırlatmaqda məqsəd Korotçenko-Kuznetsov müqayisəsi aparmaq deyil. Onların bənzərlikləri soyadlarının “k” hərfilə başlaması, hərbi-siyasi ekspert və Rusiya vətəndaşı olmaqlarıdır.

Yazının məqsədi Korotçenkonun 5 dekabr şərhini incələməkdir:

“Qərbin məqsədi sülhməramlılarla Azərbaycan Ordusu arasında toqquşmaları qızışdırmaqdır”.

Yoldaş Korotçenko, bəs Qərbin bu məqsədini asanlaşdıran nədir? Bəlkə iki il ərzində separatçıların tərksilah olunmaması, Laçın dəhlizi ilə mina və başqa hərbi sursatların Xankəndiyə daşınmasıdır? Bəlkə Rusiyanın erməni oliqarxı Vardanyanın qondarma rejimə “nazir” kimi göndərilməsidir? Yoxsa Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmalı ermənilərin Xankəndidə “referendum” bağırmaqlarıdır? Cənab yox, yoldaş xitabına görə üzr istəyirəm. Dedim birdən SSRİ dönəmində doğulmusunuz deyə nostalji yaşamaq istərsiniz. Nə gizlədim, şərhinizin haqlı yanı da var. Arutunun yanın demirəm, bu hissə:

“Niyyət budur ki, Rusiya ilə Azərbaycan arasında toqquşmalar sonradan Türkiyənin iştirakı və NATO ölkələrinin Cənubi Qafqaza hərbi kontingent daxil etməsi ilə genişmiqyaslı hərbi münaqişəyə çevrilsin”.

Hazırda Ukraynadakı hadisələri nəzərdə tutursunuzsa, bəli, Bakı bu ssenariyə hələ 2020-nin noyabrında imkan vermədi. Necə? Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanatı imzalamaqla. Həmin bəyanatda Zəngəzur dəhlizi də var. Di gəl ki, adıçəkilən koridor hələ də yoxdur. Onunla razıyam ki, Ukrayna müharibəsi fonunda Rusiya özünə qarşı Qafqazda ikinci cəbhənin açılmasını istəmir. Çünki bu, Kremlə sərf eləmir. Düzü, müharibə heç kimin işinə yaramır. Sizin şərhinizdə ən çox bəyəndiyim nüanslardan biri ermənilərin məkirli planlarından xəbərdar olmağınızdır:

“Bir vaxtlar erməni millətçiləri SSRİ-nin dağılması mexanizmini işə salmışdılar. İndi də Rusiya Federasiyasını parçalamaq istəyirlər. Moskva praktiki siyasətində Rusiya ilə Azərbaycan arasında imzalanan müttəfiqlik bəyannaməsinin əsas prinsiplərindən çıxış etməlidir”.

Bunu siz bu gün yazırsınızsa, yəqin Moskva da dünəndən bilir. O Moskva ki, medianı Qabrelyanov, Simonyanlara təhvil verib. O Moskva ki, Azərbaycana aid toponimləri saxta erməni adları ilə təqdim edir. O Moskva ki, Laçınla Kəlbəcəri ermənilərə koridor kimi vermək, Azərbaycana isə yalnız Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanı qaytarmaq istəyirdi. O Moskva ki, hazırda Ermənistanın sədrlik etdiyi KTMT-nin yaradıcısı və üzvüdür. Korotçenko şərhinin sonuna – “Kaliforniyada isə “Arsax” yaradılmalıdır – orada şərait, iqlim və demoqrafik vəziyyət kifayət qədər uyğundur. ATƏT-in Minsk Qrupu – Kömək edin” hissəsinə alqış və Marsel-Soçi əlavəsi düşür. Onun şərhinin bu hissəsinə isə ardıcıllıqla bir “hə” və bir “yox”um var:

“Qarabağ Azərbaycandır!

Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyət göstərən erməni separatçılarının rejimi Rusiyanın qətiyyən nə dostu, nə də müttəfiqidir”.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*