Korrupsiyaya bulaşanlar kimlərdir? – Adlar açıqlanacaq / “MTN işi”backend

Korrupsiyaya bulaşanlar kimlərdir? - Adlar açıqlanacaq / "MTN işi"

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöb ənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

KONKRET.az-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində bu gün keçirilən iclasa da əvvəlkilər kimi jurnalistlər buraxılmayıb.

Hakim Elbəy Allahverdiyev açıq keçirilən məhkəmə iclasına jurnalistlərin buraxılmaması barədə göstəriş verib.

İyunun 14-də keçirilən məhkəmə prosesi Yasin Məmmədovun qardaşı İlqar Məmmədovun şahid qismində sərbəst ifadəsi ilə davam etdirilib. Ardından təqsirləndirilənin əmisi oğlu İlham Akif oğlu Məmmədov da şahid qismində ifadə verib.

Hər iki şahid deyib ki, Yasin Məmmədovun adına olan əmlakları vaxtilə onlar alıblar. Sadəcə Yasin Məmmədovun adına rəmiləşdiriblər. Dövlət ittihamçısı isə deyib ki, Yasin Məmmədovun çox böyük obyektləri, evləri var. Vaxtilə həmin evlər, obyektlər Yasin Məmmədovun sərəncamına keçsə də, o, həmin əmlakları öz adına rəsmiləşdirməyib. Odur ki, üzərinə həbs qoyulan əmlakların Yasin Məmmədovun özünə məxsus olmaması inandırıcı deyil.

Təqsirləndirilən Yasin Məmmədov çıxışında əksini sübit etməyə çalışıb, zərərçəkənlər İbrahim Zeynalovdan 8 milyon manat, Əfsəl Həsənəliyevdən, Sərdar İsmayılov və digərlərindən müxtəlif məbləğlərdə pul almasını danıb.

Özünü peşəkar adlandıran Yasin Məmmədov Mövlam Şıxəliyevlə düşmənçiliyinin, ədavətinin olduğunu diqqətə çatdırıb. Bildirib ki, isitntaqa cəlb edilməsi Mövlam Şıxəliyevlə onun müavini olmuş Təhsin Ağayevin qurduğu torlar əsasında baş verib.

O, üzünü Mövlam Şıxəliyevə tutaraq “sən mənim düşmənimsən, adam belə nakişilik eləməz” deyib.

Mövlam Şıxəliyev Yasin Məmmədovun sözlərinə əhəmiyyət verməyib.

Mövlam Şıxəliyev əmlakları ilə bağlı çıxış edib.

İddia edib ki, 1996-cı ildən onun “Stil” mebel mağazaları şəbəkəsi olub. Həmin şəbəkənin 70 faizi özünə, 30 faizi isə qohumuna məxsusdur. Mövlam Şıxəliyevin sözlərinə görə, həmin şəbəkədən ayda 30 min manat gəlir əldə edib. Ümumilikdə şəbəkədən 5 milyon qazanıb və adına olan əmlakları alıb. Mövlam Şıxəliyev Xaçmaz rayonunda yerləşən, yarısı ona məxsus olan “Çobanbulaq” İstirahət Mərkəzinin üzərinə həbs qoyulmamasının səbəbini də açıqlayıb. Deyib ki, İstirahət Mərkəzinin üzərinə həbs qoyulmaması yüksək vəzifəli məmurlardan birinin marağı çərçivəsində baş tutub.

Məhkəmədən söz istəyən təqsirləndirilən Vüsal Ələkbərov isə çıxışına bir qədər qəzəbli tonlarla başlayıb.

“Texnikabank” rəhbəri Etibar Əliyevə məxsus olan, Bakının “milyonçular məhləsində” yerləşən 5 mərtəbəli mülkün Baş Prokurorluğun yüksək vəzifəli şəxsinə hədiyyə verildiyini açıqlayıb.

Həmin vəzifəli şəxsin adını çəkməyən təqsirləndirilən şəxs bildirib ki, son sözündə həmin şəxsin adını açıqlayacaq.

Vüsal Ələkbərov həmin mülkün bu gün də Baş Prokurorluğun rəhbər şəxsinin sərəncamında olduğunu xüsusi olaraq vurğulayıb.

Hakim Elbəy Allahverdiyev üzünü təqsirləndirilən şəxsə tutaraq iddia etdiyi şəxsin adını çəkməsini istəyib.

Vüsal Ələkbərov həmin şəxsin adını açıqlamaqdan yayınıb. Bildirib ki, bu məsələ prokurorluqla onun münasibətindən asılıdır.

Zərərçəkənlər isə Vüsal Ələkbərovun prokurorluğu açıq şəkildə şantaj etdiyini bildiriblər.

Vüsal Ələkbərovun çıxışının sonrakı hissəsi zalda olanların gülüşünə səbəb olub.

O, deyib ki, ilk həbsi dünya casus şəbəkəsinin – ABŞ, İngiltərə, Rusiya casuslarının marağına uyğun gerçəkləşib. İddia edib ki, bu gün də həmin şəbəkə ondan əl çəkmir.

Bundan sonra zərərçəkən Qulam Bağırov söz istəyib. Üzürlü səbəblərə görə ötən 2 prosesdə iştirak edə bilmədiyini vurğulayıb. Deyib ki, iştirak etmədiyi proseslərdə Sahib Ələkbərov onun barəsində şər-böhtan danışıb, özünü bu yolla təmizə çıxarmağa çalışıb:

– Sahib Ələkbərov mənim məhkəmə prosesində işitirak etməməyimdən istifadə edərək ünvanıma yalan, böhtan və təhqiredici ifadər işlədib, deyib ki, Qulam xəstədir, əqli problemləri var.

Hakim:
– Siz ifadə vermisiz. Dayanın.

Qulm Bağırov:
– Başa düşmədim, Sahib Ələkbərov ağzına gələni danışacaq, mən də dayanıb qulaq asmalıyam? Mən 1995-ci ildə testlə İqtisadiyyat Universitinin İdarəetmə fakultəsinə, əyani bölməsinə qəbul olmuşam. Dövlət hesabına, pulsuz təhsil almışam. 1999-cu ildə bakalavr dərəcəsini fərqlənmə ilə bitirmişəm. Həmin ildə Macarstanda Mərkəzi Avropa Univeritetinin Biznesin İdarə olunması fakültəsinin magistraturasına qəbul olmuşam. 2001-ci ildə magistr dərəcəsini mənimsəmişəm və həmin il həqiqi hərbi xidmətə getmişəm. Azərbaycan Hərbi Hava Qüvvələrində xidmət etmiş, xidmət dövründə mukafatlandrılmışam.

Burada suallar yaranır:

– Əqli xəstə kimdir?
İnsanlara hədə-qorxu gələrək pul tələb edənlər və pul verilməyəndə Baş Prokurorluqla əlbir olub saxta ittiham uydurub girov götürənlər? Girov götürülənin yeganə mənzilini satdırıb pulunu alanlar?Girov götürülən Qulam Bağırovu aidiyyatı olmayan cinayət işinə birləşirib, sonra da məhkəməyə göndərənlər? İndi cavab verin, kimdir ağıldan kəm?

Hörmətli kollegiya üzvləri,
Sahib Ələkbərov məni girov götürüb, evimi satdırıb. Üstəlik ailəmi məcbur edib ki, evin pulundan əlavə borca girib 135 min dollar yığıb düzəltsinlər. Bu pulu Sahib Ələkbərov ailəmdən alıb. Bundan sonra Məhkəmə Tibbi Ekspertizadan adıma saxta tibbi rəy yazdırmaqla girovluqdan azad edib.
Yəni mən xəstə deyiləm, işimlə əlaqədar keçdiyim tibbi müayinələrin cavablarını da təqdim etməyə hazıram. Burada yalandan deyir ki, guya başımda şiş var. Halbuki, belə bir şey yoxdur. Saxta ekspert rəyini yazdıran Sahib Ələkbərovdur. İndi də həmin saxta rəyə istinad edib məni xəstə elan edir. Xəstə onun özüdür. Çox maraqlıdır, görəsən kimin başında şiş var?

Zərərçəkmişlərin hamısı, demək olar ki, eyni ağır xəstəlik diaqnozu qoyulmaqla azad ediliblər. Bunların yalan ifadələri biz zərərçəkmişlər də ikrah və nifrət hissi yaradır! Mən məhkəmənin gedişinə etiraz edirəm, mən məhkəmə prosesində olmadığım halda ünvanıma səsləndirilən təhqirlərə reaksiya vermədiyinizə etiraz edirəm. Baş verən hadisələrin səbəbini isə 2 vəsatətimin təmin edilməməsində görürəm.

Məhkəmənin əvvəlində vəsatət qaldırdıq ki, Sahib Ələkbərov da həsb olunsun. Çünki onun cinayətləri Mövlam Şıxəliyev cinayətlərindən az deyil. Siz neylədiz? Vəsatəti baxılmamış saxladı. Əgər Sahib Ələkbərov həbs edilsəydi, belə gic-gic danışmazdı, keçmiş rəisi kimi başını aşağı salıb “kletka”nin bir küncündə sakit oturardı. Burada cinayətlərinə haqq qazandırmaq üçün bizi şərləməkdə davam etməzdi.

Hakim zərərçəkəndən əyləşməsini istəyib.

Bundan sonra zərərçəkən Sərdar İsmayılov bildirib ki, o da xəstə olmadığı halda barəsində saxta rəy verilib, həmin rəydə xəstə olması göstərilib. Zərərçəkən bu əməlin Yasin Məmmədov tərəfindən həyata keçirildiyini vurğulayıb.

Ardından isə zərərçəkən Əfsəl Həsənəliyev də Yasin Məmmədovu saxtakarlıqda ittiham edib.

Bildirib ki, onun barəsində də xəstə olmasına dair saxta həkim rəyi alıb.

Yasin Məmmədov keçmiş iş yoldaşları olan müstəntiqlərin, Nadir Mustafayevin və digərilərinin dindirilməsinə dair vəsatətlə çıxış edib. O, vəsatətini belə əsaslandırmağa çalışıb ki, zərərçəkənlər onların yanında pul tələb etməsini və almasını deyirlər. Hakim vəsatəti baxılmamış saxlayıb.

Bundan sonra proses iyunun 20-nə qədər təxirə salınıb.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*