Kredit müqavilələrini imzalayarkən bir çox vətəndaş sənədin detallarına tam nəzər salmadan razılıq verir. Bu, sonradan ciddi maliyyə və hüquqi problemlərə yol aça bilər.
Maraqlıdır, vətəndaşlar kredit müqaviləsini imzalayarkən hansı riskləri gözardı edirlər?
Mövzu ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında bildirib ki, əsas risk kreditin qaytarılmaması ehtimalıdır.
“Vətəndaş bu riski hər zaman nəzərə almalıdır. Əgər söhbət müqavilə şərtlərindən gedirsə, birinci növbədə diqqət yetirilməli əsas məqamlar bunlardır: kreditin məbləği, valyutası, müddəti, faiz dərəcəsi, cərimə faizi. Bu şərtlərin vətəndaşa aydın şəkildə izah edilib-edilməməsi və onun qaydaları düzgün başa düşüb-düşməməsi çox önəmlidir. Digər şərtlər isə adətən standartdır və daha az risk daşıyır”.
Ekspertin sözlərinə görə, burada xüsusi hallar da mövcuddur. Məsələn, əgər vətəndaş kredit götürərkən heç bir əmlakı girov qoymayıbsa, bu zaman riski daha azdır.
“Çünki krediti qaytarılmadığı halda, bank məhkəməni udsa belə, vətəndaşın hər ay verilən gəlirinin yalnız 50 faizinə qədərinə iddia edə bilər. Əgər vətəndaş əmlakını, avtomobilini və ya qızıl-zinət əşyalarını girov qoyubsa, bu halda vəziyyət dəyişir. Bu əmlaklar məhkəmə prosesi başa çatdıqdan sonra satışa çıxarılacaq. Bəzi vətəndaşlar düşünürlər ki, məhkəmədən hissə-hissə ödəmə xahiş edə bilərlər. Ancaq girov qoyulmuş əmlak üçün bu mümkün deyil. Belə hallarda həmin əmlakın satılması qanunla nəzərdə tutulur. Bu səbəbdən vətəndaşlar kredit müqaviləsini imzalamazdan əvvəl şərtləri diqqətlə oxumalı və riskləri tam başa düşməlidirlər”.
Aynurə İsmayıl
KONKRET.az