“Rəsmi bayram və qeyri-iş günlərinə təsadüf edən kredit ödənişlərinə görə gecikmə faizi adətən hesablanmır. Bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bankların daxili qaydalarına uyğun şəkildə tənzimlənir”.
Bu fikirləri iqtisadçı Kənan Quluzadə KONKRET.az-a açıqlamasında səsləndirib.
“Belə hallarda ödəniş tarixi növbəti iş gününə keçirilir. Əgər vətəndaş ödənişi həmin ilk iş günü həyata keçirərsə, bu, gecikmə kimi qiymətləndirilməyəcək və əlavə faiz və ya cərimə tətbiq olunmayacaq”.
Ekspert qeyd edib ki, bu praktika vətəndaşların hüquqlarının qorunması və texniki gecikmələrin qarşısının alınması məqsədilə tətbiq olunur.
“Bu qayda yalnız rəsmi istirahət və bayram günlərinə aid edilir. Digər hallarda, yəni iş günlərində gecikən ödənişlər üçün banklar gecikmə faizi hesablaya bilər”.
Aynurə İsmayıl
KONKRET.az