“Kreditlərin verilməsi və alınması bankların fəaliyyəti çərçivəsində, bank olmayan kredit təşkilatlarının işi isə qanunvericiliyə uyğun tənzimlənir. Müasir dövrdə kredit məhsullarının əldə edilməsi üçün rəqəmsal texnologiyalardan geniş istifadə olunur. Yeni sövdələşmə üsulları tətbiq edilir. Həmçinin elektron identifikasiya vasitəsi kimi SİMA sistemindən istifadə olunur və bu zaman zəruri məlumatlar toplanır”.
Bu fikirləri Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov KONKRET.az-a açıqlamasında səsləndirib.
“Kredit sövdələşməsi həyata keçirilərkən tərəflər arasında müqavilələr imzalanır. Həmin müqavilələrdə həm kredit alan, həm də verən tərəfin öhdəlikləri və hüquqları dəqiq şəkildə müəyyənləşdirilir. Kredit borclarının hesablanması və icrası ilə bağlı xüsusi elektron portallar fəaliyyət göstərir”.
İqtisadçı qeyd edir ki, kredit borcu olan şəxs adətən, müqavilələrdə göstərilən inzibati məsuliyyət daşıyır.
“Bu məsuliyyət yerinə yetirilmədiyi hallarda məhkəmə qərarları ilə daha sərt tədbirlər görülə bilər. Belə hallara ölkədən çıxış hüququnun məhdudlaşdırılması, aylıq ödənişlərin əmək haqqına uyğun şəkildə məcburi tutulması və borclunun həbs olunması da daxildir. Bu cəza tədbirləri inzibati mexanizmlər tükəndikdən sonra və yalnız məhkəmə qərarı əsasında tətbiq olunur. Eyni zamanda, borclunun əmlakına yönəlik tədbirlər və mülkiyyət hüquqlarının məhdudlaşdırılması da Azərbaycan Respublikasının qanunvericiliyinə uyğundur”.
Aynurə İsmayıl
KONKRET.az