“Avtokredit bazarında avtomobilin mənşəyi, birinci, yoxsa ikinci əl olması, bankların kredit qərarlarında mühüm rol oynayır. Yeni avtomobillərin alınması zamanı nisbətən az risklə üzləşən banklar, ikinci əl avtomobillər üçün daha ehtiyatlı davranırlar”.
Bu fikirləri bank üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında bildirib:
Əkrəm Həsənov
“Yeni avtomobillər adətən rəsmi avtosalonlardan alınır. Belə hallarda alıcı avtomobilin qiymətinin müəyyən hissəsini əvvəlcədən ödəyir, qalanını isə bank kredit kimi təqdim edir. Bu zaman bank, avtomobilin satış qiymətinə əsaslanaraq risklərini hesablayır və maşını girov kimi götürür. Lakin burada da müəyyən risklər mövcuddur. Yeni avtomobil avtosalondan çıxan kimi onun bazar qiyməti aşağı düşür. Məsələn, 50 min manata alınan avtomobil dərhal satış dəyərinin bir hissəsini itirir. Bu isə, kredit ödənişi dayandıqda bankın həmin avtomobili hərraca çıxararaq borcunu qaytarmaq imkanını çətinləşdirir”.
Ekspert əlavə edib ki, kredit qaytarılmadıqda bank məhkəmə prosesinə əl atmalı olur:
“Məhkəmə illərlə uzana bilər. Bu müddətdə isə avtomobil istifadə olunur və köhnəlir. Həmin avtomobilin sonradan satılması daha da çətinləşir və bankın mümkün zərəri artır. İkinci əl avtomobillərlə bağlı vəziyyət daha da mürəkkəbdir. Bu tip avtomobillərdə texniki qüsurların gizlədilməsi halları geniş yayılıb. Alıcı avtomobili aldıqtan sonra problemlər ortaya çıxır. Belə avtomobillərin real bazar dəyəri çox vaxt kredit müqaviləsində göstərilən qiymətdən aşağı olur. Banklar isə bu riskləri nəzərə alaraq, ikinci əl avtomobillərə kredit verməyə ya meyilli olmur, ya da yüksək ilkin ödəniş və faiz dərəcəsi tələb edirlər”.
Ekspertin fikrincə, Azərbaycanda bir çox vətəndaşlar avtomobil alarkən “qonşudan geri qalma” prinsipi ilə hərəkət edir və gəlirlərini real qiymətləndirmədən kredit götürürlər:
“Bu isə həm alıcı, həm də kredit təklif edən bank üçün riskləri artırır.
Beləliklə, bankların avtokreditlərə ehtiyatla yanaşması, əsasən avtomobilin dəyərinin sürətlə düşməsi, məhkəmə proseslərinin ləngliyi və istifadə zamanı yaranan əlavə köhnəlmələrlə bağlıdır. Bu risklər ikinci əl avtomobillərdə daha da dərinləşir və nəticədə kredit şərtləri sərtləşdirilir”.
Aynurə İsmayıl
KONKRET.az