Rusiyanın “Lukoyl” şirkəti ABŞ sanksiyalarına görə “Şahdəniz” layihəsindəki 19,99 faizlik payını 13 dekabra qədər satmağa çalışacaq. Məlumata görə, ABŞ-ın sanksiyaları qüvvəyə mindikdən sonra şirkətin bütün beynəlxalq bank əməliyyatları dayandırılacaq, bu da “Lukoyl”un layihə üzrə öhdəliklərini icra etməsini mümkünsüz edəcək.
Şirkətin Azərbaycandan çıxması ölkənin enerji sektorunda hansı iqtisadi və geosiyasi dəyişikliklərə yol aça bilər?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, “Lukoyl”un Azərbaycan bazarından çıxması ölkəmiz üçün ciddi təsirlər yaratmayacaq:
“Çünki şirkətin mövcud payını xüsusilə Türkiyə və Avropa ölkələrinin enerji şirkətlərinin əldə etməsi mümkündür. Bu isə Azərbaycana əlavə investisiya cəlb olunmasına, yeni texnologiyaların tətbiqinə və enerji sektorunda modernizasiya prosesinin sürətlənməsinə müsbət təsir göstərə bilər. Hesab edirəm ki, Rusiyanın üzləşdiyi sanksiyalar nəticəsində “Lukoyl”un defolt riski yaranıb. Şirkətin bazardan çıxması bu təhlükənin Azərbaycana ötürülməsinin qarşısını alacaq, həmin sahədə çalışan yüzlərlə, hətta minlərlə əməkdaşın işsiz qalması ehtimalını azaldacaq”.
İqtisadçı bildirib ki, geosiyasi müstəvidə ABŞ və digər Qərb investorlarının “Lukoyl”un payını əldə edilməsi Azərbaycanın mövqelərini gücləndirə bilər:
“Bu, ölkəmizin enerji bazarında daha dayanıqlı və balanslı tərəfdaşlıq münasibətləri qurmasına, həmçinin Avropa üçün cəlbedici enerji tərəfdaşı kimi mövqeyinin möhkəmlənməsinə səbəb ola bilər. Rusiya-Azərbaycan münasibətlərinə gəlincə, bunu əsasən simvolik bir addım kimi qiymətləndirmək olar. Enerji sektorunda Rusiya şirkətinin payının azalması Azərbaycanın suverenliyini gücləndirə, eyni zamanda Moskvada müəyyən reaksiyaların yaranmasına gətirib çıxaracaq”.
Eyyub Kərimli qeyd edib ki, “Lukoyl” şirkəti artıq avadanlıq və texnologiyalarını təzələməkdə çətinlik çəkirdi:
“Sanksiyalar fonunda şirkətin gələcək fəaliyyəti də qeyri-müəyyən idi. Bu isə Azərbaycanın Avropa maliyyə sisteminə və ümumilikdə Qərb iqtisadi məkanına inteqrasiyasına maneələr yarada bilərdi. Beləliklə, əsas məsələ şirkətin payının kimlər tərəfindən alınacağıdır. Gələcəkdə bu dəyişiklik enerji ixracının şaxələndirilməsinə də əhəmiyyətli töhfə verə bilər”.
