Rusiya idarəolunan, taktiki nüvə başlığı daşıya bilən yeni hava raketini silahlanmasına daxil edib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin (DIA) hesabatına istinadən “The War Zone” məlumat yayıb.
ABŞ kəşfiyyatının sənədində bildirilir ki, bu tip raketlər əsasən MiQ və Su sinifli qırıcı təyyarələrdə yerləşdirilir. Kreml nüvə arsenalını genişləndirərək, “hava-hava” sinifinə aid yeni nüvə raketləri və digər taktiki sistemləri arsenalına daxil edir.
Hazırda Rusiyada 1550-yə yaxın strateji, eləcə də 2000-ə qədər qeyri-strateji döyüş başlığı olduğu qeyd olunur. Eyni zamanda, Belarusda nüvə silahlarının saxlanması üçün anbarlar tikilir və yenidən qurulur. Belarus pilotları isə artıq taktiki nüvə raketləri ilə işləmək üzrə təlimlərə cəlb olunub.
Bununla belə, hesabat müəllifləri qeyd edir ki, Rusiya yalnız ciddi rejim təhlükəsi zamanı nüvə silahına əl ata bilər.
Mütəxəssislərin fikrincə, söhbət çox güman ki, P-37M adlı uzaqmənzilli, xüsusi təyinatlı raketdən gedir. Bu raket əsasən MiQ-31 üçün nəzərdə tutulsa da, artıq Su-30SM, Su-35S və Su-57 kimi çoxməqsədli döyüş təyyarələri üçün də uyğunlaşdırılıb.
Natiq Səlim,
KONKRET.az