2024-cü ilin 22 martında Moskvada baş vermiş və 147 nəfərin ölümü ilə nəticələnmiş “Krokus Siti Holl” terror aktı ilə bağlı məhkəmə prosesi Rusiya Federasiyasında qapalı rejimdə başlayıb. Hazırda məhkəmə qarşısında 19 nəfər dayanır: 4 icraçı və 15 köməkçi şəxs. Onlar arasında saxta silahları döyüş silahına çevirənlər və terrorçulara mənzil kirayələyənlər də var. Rəsmi versiyaya görə, hücumu “Vilayət Xorasan” adlı qruplaşma və… Ukrayna xüsusi xidmət orqanları təşkil edib.
KONKRET.az xəbər verir ki, prosesin başlaması ilə Rusiya mətbuatında diqqətçəkən bir kampaniya müşahidə olunmağa başlayıb — “Krokus”un sahibi Araz Ağalarov hədəfə alınıb. Müxtəlif propaqandaçı şəxslər və qurumlar açıq şəkildə Ağalarovlara qarşı informasiya hücumuna başlayıblar.
Məsələn, özünü “Korrupsiya və Təhlükəsizlik üzrə Federal Layihə” rəhbəri adlandıran Vitaliy Borodin, Araz Ağalarovun “Krokus Siti Holl”dan məhrum edilməsini tələb edib. O, Ağalarovun Bakı şəhərinə getməsini “şübhəli hərəkət” kimi dəyərləndirib. Borodin həmçinin Araz Ağalarovun oğlu Emin Ağalarovun maliyyə çətinliklərindən danışmasını və paralel olaraq “Sea Breeze”də böyük bir tikinti layihəsi aparmasını şübhəli sayır. Onun iddiasına görə, “Ağalarovlar artıq ‘qaçış planı’nı işə salıb, Rusiyadan kreditlər götürüb ölkəni tərk ediblər. Qarşıda bankların onların əmlakını tələb etməsi ehtimalı yüksəkdir”.
Bundan da irəli gedənlər var. Məsələn, “Lenpravda” adlı nəşr qeyd edir ki, “Krokus”da 149 nəfərin öldüyü terror aktı ilə bağlı məhkəmə Moskvada start götürüb. Nəşr, qurbanların əksəriyyətinin atəş nəticəsində deyil, zəif yanğın təhlükəsizliyi səbəbilə yaranmış zəhərli tüstü və alovdan öldüyünü vurğulayır və belə bir sual qoyur: “Necə oldu ki, məhkəmə ərəfəsində obyektin sahibi ölkəni tərk edə bildi?”
Xatırladaq ki, 2025-ci ilin fevralında Ağalarovlar bu iş üzrə rəsmi olaraq zərərçəkmiş şəxs kimi tanınmışdılar. Ancaq cəmi bir ay sonra — Rusiya daxilində Azərbaycan diasporasına qarşı təzyiqlərin artdığı bir dövrdə — onların əleyhinə icra tədbirləri başladıldı. Bütün bu hallar bir sualı doğurur: Rusiya hüquq-mühafizə orqanlarının terror aktı öncəsi və zamanı fəaliyyəti niyə bu qədər “qüsurlarla” dolu idi?
Qeyd edək ki, “Krokus”dakı terrorla bağlı aşağıdakı suallar hələ də cavabsızdır:
Niyə konsertdən bir gün əvvəl silahlı mühafizə geri çəkilmişdi?
Niyə təhlükəsizlik orqanları “Vilayət Xorasan” tərəfindən Moskva ərazisində terror hazırlığı ilə bağlı verilən xəbərdarlıqlara məhəl qoymadı?
Terrorçular hadisədən sonra gizlənmək əvəzinə, eyni mikroavtobusla birbaşa Ukrayna sərhədinə getdilər. Niyə?
Bu suallara cavab verilməli idi, lakin məhkəmə prosesi qapalı keçir. Bu arada, ictimai diqqət diqqətlə yönləndirilir — real günahkarlar yox, kompleksin azərbaycanlı sahibləri “hədəf” göstərilir.
Yekunda isə, 2002-ci ilin 22 oktyabrında Çeçen terrorçular tərəfindən “Nord-Ost” tamaşası zamanı 912 nəfər girov götürülmüş, azadlıq əməliyyatı zamanı tətbiq edilən qaz səbəbilə 130-170 nəfər ölmüşdü. Heç kim bu ölümlərə görə məsuliyyət daşımadı. İndi isə “Krokus” hadisəsində ekspertiza rəyi belə olmadan, Ağalarovlar hədəf alınır. Bəs sual budur: o zaman “Dubrovska” faciəsində kim cavab verdi? Yoxsa yenə də “bu tamam fərqlidir”?
Müşviq Tofiqoğlu
KONKRET.az