Laçında keçirilən Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli Zirvə görüşünün nəticələrini bir neçə aspektdə qiymətləndirmək mümkündür.
KONKRET.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.
O, qeyd edib ki, üç ölkə Cənubi Qafqazda, o cümlədən, regionun tranzit olaraq yer aldığı Orta dəhlizdə vahid mövqe nümayiş etdirərək Şərqi Zəngəzurda birliyini göstərib. Eyni zamanda, bu birlik mesajı Laçından Cənubi Asiya regionuna da yönəldilib: “Hindistanın Pakistana hücumuna toxunan həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan atəşkəsin əldə edilməsini, eləcə də münaqişənin (Kəşmir) sülh yolu və BMT-nin qətnamələrinə uyğun həllini dəstəkləyiblər. Hər iki lider birbaşa Hindistanı hədəfə almasalar da, BMT qətnamələri və həmrəylik mesajı ilə Pakistana dəstəklərini bir daha ifadə ediblər.”
Nərimanlının sözlərinə görə, Hindistanın hücumundan sonra cəbhəsini gücləndirmək məqsədilə regional turneyə çıxan Şərif Yeni Dehliyə həm İstanbuldan, həm də Laçından “əzələ nümayişi” göstərib.
“Laçın Zirvəsi Ankara-Bakı-İslamabad xəttində “Üç Qardaş Alyansı”nın qurulduğunu təsdiqləyib. Bu alyans siyasi, iqtisadi və digər sahələrdə strateji əlaqələrin genişləndirilməsi ilə 44 günlük müharibədən sonra zaman-zaman gündəmə gələn (əsasən qeyri-rəsmi formada) üçtərəfli hərbi ittifaq perspektivlərinin artdığını göstərir.” , – deyə siyasi şərhçi əlavə edib.
Asif Nərimanlı əlavə olaraq bildirib ki, Türkiyə-Azərbaycan-Pakistan strateji əlaqələri formalaşmaqda olan çoxqütblü münasibətlər sistemində tarazlaşdırıcı və həlledici “Orta güc” kimi qiymətləndirilir. Laçın Zirvəsində bu gücün perspektivləri daha da möhkəmləndirilib. Laçın Zirvəsi Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan strateji əlaqələrin möhkəmlənməsində mühüm mərhələdir. Onun sözlərinə görə, “Üç Qardaş Alyansı” Cənubi Qafqaz və daha geniş regional kontekstdə güclü tarazlaşdırıcı və həlledici gücə çevrilir, bu da həm siyasi, həm də iqtisadi sahələrdə yeni imkanlar yaradır.
Natir Səlim,
KONKRET.az