Yelizabet Fyodorovna bəlkə də kraliça və şahzadələr arasında ən faciəli ömrünü yaşayıb. 1864-cü ildə anadan olmuş Yelizabet 1884-cü ilin noyabrın 1-də II Aleksandrın oğlu Sergeylə evlənib. 1891-ci ildə Sankt-Peterburqa köçən, öz gözəlliyi ilə hər kəsi heyran edən knyazina rus pravoslavlığını qəbul edib. 1905-ci ildə Sergeyin ölümündən sonra Yelizabet ət yeməyi dayandırıb. O, öz istəyi ilə əmlakını sataraq Moskvada xəstələrə və qocalara kömək etmək üçün bir monastrda yerləşib. Rahibə kimi həyat tərzi sürdüyü üçün onunla bağlı geniş məlumatlar yoxdur.
Yelizabetin ağlına gəlməyən başına gəlib. O, 1918-ci ildə Leninin göstərişi ilə həbs olunub. Elə faciəli taleyi bundan sonra daha dəhşətli sonluqla bitib. Əsilzadə xanım əvvəlcə Perm şəhərinə sürgün edilib. Sonra Yekaterinburqa, oradan isə Alapaevskə köçürülüb. Amansız Leninin son əmri ilə onu gözləri bağlı tərk edilmiş bir dəmir mədəninə aparıblar.
Yelizabet Fyodorovna həmin dəmir mədənində əzablı bir şəkildə ölümə məhkum edilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az