“LXR” və “DXR”in müstəqilliyinin tanınmasının PƏRDƏARXASI – ŞOK FAKTLARbackend

"LXR" və "DXR"in müstəqilliyinin tanınmasının PƏRDƏARXASI – ŞOK FAKTLAR

Surxay Atakişiyev

Nəhayət, təhlükəli oyun başladı. Rusiya Prezidenti Vladimir Putin qondarma “LXR” və “DXR”in müstəqilliyinin tanınması haqqında fərman imzaladı. Bununla da Beynəlxalq aləmdə yeni və miqyasına görə çox böyük olan qaynar nöqtəyə “can verildi”.

Tez-tez Ukrayna ilə müharibə etməyəcəyini deyən Kreml bəs niyə belə addım atdı? İndiki halda bu bir neçə vəziyyətlə izah oluna bilər.

Birincisi, son bir ayda ABŞ və Avropanın Rusiya ilə Ukrayna arasında müharibənin başlayacağı haqqında çağırışları Moskvanı təbdən çıxartdı. Nəinki təbdən çıxartdı, eləcə də Rusiya iqtisadiyyatına çox ciddi ziyan dəydi. Milli valyuta olan rubl sürətlə dəyərsizləşdi. Avropada Rusiya qazının qiymət bir ayda ən azı 30 faiz ucuzlaşdı. Eləcə də, investisiya bazarında Rusiya aid qiymətli kağızlar və əmlak kəskin dəyər itkisinə məruz qaldı. Bütün bunlarsa Rusiyanı radikal addımlar atmağa məcbur etdi.

İkincisi, Putin “LXR” və “DXR”-i tanımaqla ABŞ-a və Qərbə regionda güc yiyəsi olduğunu göstərdi. Əslində Rusiya bu torpaqları öz ərazilərinə qatdığını elan edə bilərdi. Və onda da vəziyyət indikindən fərqli olmayacaqdı. Amma Kreml daha “sivil” yol tutdu. Əvvəlcə bu separatçı dövlətləri tanıdı, sonra da həmin separatçıların xahişi ilə bu “ölkələrə” Rusiya sülhməramlılarının yeridilməsi barədə qərar verildi.

Necə deyərlər, Rusiya bu dəfə Amerika gedişi etdi. Hər şey demokrtaiyanın və insanlığın qorunmasına “xidmət edir”.

Təbii ki, Moskvanın bu gedişi Vaşinqtonu əməlli-başlı çaşdırdı. Vaşinqton Moskvadan daha radikal addım, daha doğrusu açıq müahribə gözləyirdi. Amma bunu gözləmirdi. Ona görə də Ağ ev hələ şok vəziyyətindədir. Nə edəcəyini konkret bilmir. Doğrudur, ötən gecə Bayden fərman imzaladı. Amma bu fərman son illər  Rusiyaya qarşı tətbiq edilən  iqtisadi sanksiyaların növbətisdir və Rusiya üçün də elə bir təhlükə daşımır. Avropa liderləri isə hələlik müzakirələr aparır. Konkret qərar verməyə çətinlik çəkirlər. Çünki, “LXR” və “DXR”-in müstəqilliyinin tanınması məsələsini Aİ nəzərdən qaçırmışdı. Onlar bütün hallarda  siyasətlərini və təbliğatlarını qanlı müharibə üzərində qurmuşdular. Lakin qanlı müharibəni Rusiya hələlik təxirə saldı. Bu isə ABŞ kimi Avropa dövlətlərinin planlarını pozdu.

Rusiyanın son addımı Kiyevi də çıxılmaz vəziyyətə salıb. Çünki, müharibə variantı Kiyev üçün bu variantdan daha məqbul idi.  İndiki vəziyyət isə Zelenskinin əməlli-başlı qolunu bağlayır. Çünki, Moskva hədəfinə doğru konkret addımlar atır, Ukraynanın isə əlindən quru bəyanatdan başqa. heç nə gəlmir.

Bir sözlə Putunin “at gedişi” bütün dünyanı çaşdırdı. Bu gediş Rusiya-Ukrayna münaqişəsində bütün tərəflərin planlarını pozdu. Necə deyərlər, “kartlar yenidən dağıdılır, yeni oyun başlayır”.

Bəs Rusiyanın son addımı qarşısında ABŞ, Avropa və hətta Ukrayna hansı hərəkətlər edə bilər?

İlk ağıla gələn odur ki, təcili BMT-nin Təhlükəsizlik şurası toplana, Ukraynanın ərazi bütövlüyü müdafiə oluna bilər. Amma bu çox çətin məsələdir. Çünki, TŞ-nın 5 daimi üzvündən biri də Rusiyadır. Və Rusiya bu məsələdə özünün veto hüququndan istifadə edəcək. Hələ Çinin birmənalı olaraq Rusiyanı müdafiə edəcəyini demirik. Beləcə, məsələnin beynəlxalq hüquq müstəvisində həlli qeyri-mümkün kimi görünür. Ən azı Rusiya istəməyənə qədər.

İkinci variant isə müharibə yoludur. Bu yolsa ABŞ-ın, bir qədər də Avropanın işinə yarasa da, Rusiya və Ukrayna müharibəyə o qədər də maraqlı deyil. Yəni indiki halda müharibə variantı istisnadır.

Üçüncü və ən optimal variant danışıqlar masasıdır. Amma indiki halda nə ABŞ, nədəki Avropa maraqlı deyil ki, Putin və Zelenski üzbəüz oturub problemi sülh yolu ilə həll etsinlər. Onları daha çox müharibə variantı maraqlandırır. Çünki  ABŞ, Avropa və bu münaqişədə maraqlı digər dövlətlər istəyirlər ki, Rusiya ilə Ukrayna arasında müharibə olsun. Onlar bu müharibəyə Rusiyanın sonunun başlanğıcı kimi baxırlar.

Amma həyat sürprizlərlə doludur. Burada çoxlarının diqqətdən qaçırdığı, daha doğrusu üstünə kölgə saldığı alternativ variant da var. Azərbaycanla Türkiyənin birgə səyi ilə Rusiya və Ukrayna qısa zamanda danışıqlar masasına otura bilər. Nəzərə alaq ki, İlham Əliyev Rusiyada rəsmi səfərdədir. Və Putinlə bu gün təkbətək görüşü olacaq. Bu görüşdə isə çox güman ki, əsas müzakirə mövzusu Ukrayna-Rusiya böhranı olacaq. Üstəlik, yaxın günlərdə Putin Ankaraya səfər edəcək. Ankara görüşlərində də əsas müzakirə mövzusundan birinin də Ukrayna-Rusiya böhranı olacağı heç kimə sirr deyil.

Zelenski də bu görüşlərə isti baxır. Amma ABŞ və Avropanın əsas hədəfi müharibəni durdurmaq deyil, başlatmaqdır. Danışıqlar yoluna isə hələlik uzaq perspektiv kimi baxırlar. Ən pisi də odur ki, onlar bu münaqişədə nəinki Türkiyə-Azərbaycan, eləcə də heç bir kənar vasitəçiliyi qəbul etmirlər. Çünki, “dava yorğan davasıdır”. ABŞ və Qərbi slavyan xalqlarının taleyi deyil, öz siyasi maraqları narahat edir. Ona görə də ABŞ və Qərb Dağlıq Qarabağ probleminin həllindəki kimi kənarda qalmağı heç arzulamırlar. Son sözün onların deyəcəkləri kimi olacağı xəyalı ilə yaşayırlar. Nə olacağını isə zaman göstərəcək…

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*