Azərbaycanda təhsil problemi hər zaman olub. Mənim birinci sinifim (1993) I Qarabağ savaşının sonuna təsadüf etdiyi üçün dərslik problemləri vardı. Sonrakı 2 ildə isə beynimizi “Oxu” kitabının köhnələri ilə dolandırırdıq. Mən hələ şəhərin ilk metrostansiyalarından olan Nərimanovdakı 212 saylı orta məktəbdən bəhs edirəm. Gör indi region məktəbləri hansı boşluqlarla üzləşib. Pedaqoqların da bəzilərində savaş-atəşkəs travması var idi.
Məsələn, əmək müəllimi cəza olaraq dırnağı ilə saçın kökündən dartırdı. Sinif rəhbəri bir dezodaranta 4 yazırdı. Hələ iqtisadiyyatımız tumurcuq halında idi, çiçəklənmirdi. Eyni paltarı 3-4 il geyinirdik. 11 il ərzində müxtəlif işgəncə metodları gördük. Bir qadın cəbr müəllimi dırnağı ilə qulaq deşir, digər kişi riyaziyyatçının şilləsi Tayson nokautu effektində olurdu. Azyaşlı qızları lövhəyə çıxarıb əl-ələ verən ahıl bioloqumuz vardı. Dərs vaxtı dəhlizdə qarşılaşsan, qorxudan “kəlmeyi-şəhadət” oxuyacaq vəziyyətə salan direktor müavinləri olub. Nə yalan deyim, bizim dövrdə gecikməyə görə döşəmə sildirən, tualet təmizləməklə hədələyən pedaqoqlar, teleulduz direktorlar yox idi. Uzaqbaşı küncə qoyar, dərsə buraxmazdı və bütün məktəblər eyni qayda ilə idarə edilirdi. Yoxsa indi, hansısa yolla təhsil ocağına rəhbər təyin olunur və çomağı əlinə alır ki, “burda mənəm, Bağdadda kor xəlifə”. Təhsilimizin xəlifəsi Bağdadda deyil, elə Bakıdadır, düzü, görmə qüsuru da yoxdur. Yoxsa məktəblərdə bu qədər “görüm-baxım” edilməz.
Qanunsuz olaraq direktorla faizə pul yığan sinif rəhbərləri, bir şüşə konyaka qiymət yazan hərbi hazırlıq, buraxılış imtahanının cavablarını “10 şirvan”a satanlar və onların başında duran satanalar o vaxt da var idi.
Sadəcə, vəziyyət bunca acınacaqlı deyildi. Ramazan ayında günaha batmış olmayım, amma korrupsiyalı məktəblər dükan, restoran şəbəkəsini xatırladır. Hansısa “tanışlıq” və ya “şirinlik” yolu ilə filiallardan birinin başına keçirsən. Sanki sənə obyekt verir və deyirlər ki, “aylıq tasın, mənə çatacaq məbləğ filan qədərdir”. Yəni bəzi məktəblərin fəaliyyəti bundan abırlı şübhə yaratmır. Direktorlar da ziyandan çıxmaq üçün təhsili unudur, ticarətə keçirlər. Pulun hesabına alınan 5 qiyməti, hazırda Azərbaycandakı bir sıra professorlar, əldəqayırma alimlərə oxşayır. Əlqərəz, dar düşüncəlilər olub əməkdar düşüncəli!
Sözüm onda deyil…
İndi çox adam iddia edir ki, Misir Mərdanovdan sonrakı təhsilimiz yeni dərsliklərin halındadır. Misir demişkən, 12 il əvvəl ona Nil çayı uzunluqda sual vermişdim:
– Azərbaycanlı məktəblilər Qazaxıstanda keçirilən bilik yarışmasında birinci yerə çıxıblar.
“Bəli, məlumatlıyam”.
– Bəs niyə olimpiadaya türk liseyinin şagirdləri göndərilib? Bizim orta məktəblərdə təhsilin səviyyəsi o qədərmi aşağıdır?
Yəni təhsil naziri AzTV-nin müxbirindən belə sual gözləmirdi deyə azca məəttəl qaldı və müəyyən etiraflarla dolu cavab verdi. Həmin müsahibəni efirə verməyəcəyimi bildiyim üçün eksklüzivi ANS-dən olan həmkarıma halal eləmişdim. O vaxtdan bəri təhsil nazirləri bir neçə dəfə yeniləndi, hətta qurumun adını da dəyişib Elm və Təhsil nazirliyi qoydular, amma…
Köhnə hamam, köhnə tas!
Nə yaxşı ki, bu ölkənin yetişən kasıb təbəqəsində məktəbi bitirən kimi xaricdə təhsil məntiqi formalaşıb. Bunun səbəbi yalnız keyfiyyətli tədrislə məhdudlaşmır. Orada məzunun məşğulluq planlarının reallığa çevrilməsi daha asandır. Ən azından normal xəyal dünyası yaranacaq. “Prius”a möhtac qalmayacaq.
Anar Rəhimov,
KONKRET.az