Bəzən mağazalarda müştərilərin ehtiyatsızlığı məhsulların dağılmasına və yararsız hala düşməsinə səbəb olur. Belə vəziyyətlərdə isə tərəflər arasında mübahisə və anlaşılmazlıq qaçınılmaz olur. Bəzən isə müştəri təması olmadığı halda məhsullar yerə düşərək yararsız hala düşür. Belə insanlar isə vitrinə qoyulan malın səliqəli düzülməməsindən şikayətlənir. Hər iki halda isə yararsız vəziyyətə düşmüş malın ödənişi müştəridən tələb olunur.
Mağazada bu hallar baş verəndə məsuliyyəti kim daşımalıdır?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, qeyd olunan məsələ ilə bağlı qanunvericilikdə hər hansı maddə yoxdur:
“Qanunvericilikdə bu məsələ ilə bağlı hər hansı maddə yoxdur. Lakin dünya təcrübəsinə baxdıqda görürük ki, yararsız hala düşmüş malın ödənişi istehlakçı tərəfindən ödənilməli və kassa çeki götürülməlidir. Bu mövzuda biznes qurumu istehlakçıya güzəştə gedə bilər”.
Malların hansı məsafədə olmasına və düzülüş qaydasına aydınlıq gətirən sədr qeyd etdi ki, bununla bağlı biznes qurumları arasında müəyyən standartlar olsa da, ona əməl edilmir:
“Məhsulların düzülüşü və hansı məsafədə yerləşdirilməsi ilə bağlı biznes qurumları arasında müəyyən standartlar var, amma buna əməl edilmir. Lakin Nazirlər Kabineti sözügedən mövzu ilə bağlı qərar qəbul etməyib”.
Onun sözlərinə görə, bəzən satıcılar yararsız malı özləri elə yerə qoyur ki, istehlakçı toxunanda yerə düşsün, nəticədə malın ödənişi edilsin:
“Satıcılar bəzən bilərəkdən sınmış əşyanı elə yerə qoyur ki, istehlakçı ona toxunsun, yerə düşürsün və pulunu ödəsin. Buna diqqət etmək lazımdır. Hətta istehlakçılar dəst boşqablar alanda belə onun hər birinə bir-bir baxmalıdır. Çünki qablarda qırıqlar ola bilir. Əgər alıcı məhsulu özü qırdığını etiraf edərsə, mağaza tərəfindən ona güzəştə gedilə bilər, əks halda istehlakçı məhsulun ödənişini etməlidir”.
Aygün Mirakif,
KONKRET.az