Avropada Azərbaycan əleyhinə aparılan siyasətin heç bir nəticəsi olmayacaq. Fransanın dəstəyi ilə həyata keçirilən anti-Azərbaycan kampaniyasına bəzi beynəlxalq təşkilatlar da qoşulub və ölkəmizi şantaj etməklə məşğuldurlar. Ötən həftə Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə və bəyanatlar da həmin siyasətin tərkib hissəsidir.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural Əliyev bildirib ki, Avropa Parlamenti ilk dəfə deyil Azərbaycan əleyhinə qətnamə qəbul edir:
“Avropa Parlamentinin sərgilədiyi münasibət Azərbaycan cəmiyyətinə bəllidir. Birincisi, Avropa Parlamentinin qəbul etdiyi qərarların heç bir hüquqi əsası yoxdur. İkincisi, Azərbaycanın Avropa Parlamenti qarşısında öhdəliyi yoxdur. Avropa Parlamentinin qəbul etdiyi qərarların arxasında birmənalı olaraq Fransa dayanıb və bu da bir daha sübut edir ki, Avropa Parlamenti ayrı-ayrı dövlətlərin, xüsusilə də Fransanın siyasi alətinə çevrilib. Fransanın məqsədi Ermənistan vasitəsilə bölgəyə soxulmaqla bütövlükdə regionun təhlükəsizliyinə təhdid yaratmaqdır. Qəbul edilən qətnamələrin və siyasi qərarların arxasında məhz bu dayanır”.
Daha sonra Fransa prezidenti Emmanuel Makronun anti-Azərbaycan mövqeyinə toxunan politoloq bildirib ki, Fransa prezidenti Ermənistanla birgə hərəkət edir və Azərbaycanı müəyyən faktlar qarşısında qoymaq üçün məqam axtarır: “Ancaq bu, onlarda alınmır, çünki Azərbaycan və Türkiyə bölgədə yeni bir reallıq yaradıb. Həmin reallıq beynəlxalq hüquqa əsaslanır. Avropa Parlamenti isə əksinə beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirir. Çünki beynəlxalq hüququn ilk növbədə ən ali qanunu suveren hüquqlar və ərazi bütövlüyüdür. Azərbaycan da ərazi bütövlüyü çərçivəsində bütün işləri görüb və separatçılığa son qoyub.
O separatçılıq ki, daim Avropada mövcud olub və hətta hərbi əməliyyatlarla bunun qarşısını alıblar. Bu gün də Avropada müəyyən münaqişə ocaqları var. Bunlardan bəziləri sönüb, bəziləri hələ də fəaliyyətini davam etdirir. Qərb dövlətləri, Fransa da bunu öz suveren hüquqlarına təhdid adlandırır. Ona görə də Azərbaycan da bütün bunları nəzərə alaraq beynəlxalq hüquq normaları çərçivəsində bu addımları atıb. Bu baxımdan da istər Avropa Parlamenti, istərsə də digər beynəlxalq təşkilatların qəbul etdiyi anti-Azərbaycan bəyanatlarının heç bir hüquqi və siyasi çəkisi yoxdur.
Fransa regionda gedən siyasi, iqtisadi proseslərə mane olmaq, etnik təmizləmə adı altında beynəlxalq hüquqi mexanizmləri bölgəyə gətirmək üçün dəridən-qabıqdan çıxır. Onların əsas məqsədi Rusiya sülhməramlılarını çıxarıb yerinə BMT mandatı altında, xüsusən də Fransanın kəşfiyyatçılardan ibarət xüsusi missiyasını Qarabağa gətirməkdir. Bax beləcə, bölgədə tam şəkildə sülhə mane olan bir Fransa peyda olub”.
Vəli Həsənov,
KONKRET.az