Makron Xankəndiyə gələ bilərmi? – “Bu, baş verərsə, Azərbaycan…”backend

Makron Xankəndiyə gələ bilərmi? - “Bu, baş verərsə, Azərbaycan...”

“99,9 faiz inanıram ki, Makron nəinki Xankəndiyə gəlməyəcək, heç Ermənistana səfər etməyəcək. Bu kimi məlumatlar daxili və xarici qüvvələrə təsir etmək üçün ermənilərin ortaya atdığı siyasi avantüradan başqa bir şey deyil”. 

KONKRET.az xəbər verir ki, bunu politoloq Əlimusa İbrahimov Fransa Prezidenti Emmanuel Makronun İrəvana səfər edəcəyi barədə Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyanın verdiyi məlumatın ardınca, onun həmçinin buradan Xankəndiyə də getmək kimi avantürist niyyətə düşəcəyi barədə yayılan informasiyalara münasibət bildirərkən deyib. Həmsöhbətimiz Makronun, ümumiyyətlə, Ermənistana belə səfərə gələcəyinə inanmır:

“Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfər edəcəyilə bağlı məlumatı Nikol Paşinyan verib. Lakin bu məlumat Fransa hökuməti və Makronun özü tərəfindən təsdiq olunmayıb. Ona  görə də Makronun Ermənistana səfər edəcəyi barədə məlumat dezinformasiyadır, daxili siyasi vəziyyəti sabitləşdirmək və Rusiyaya qarşı əks addımlar atmaq niyyətilə verdiyi məlumat ola bilər”.

Politoloq Makronun İrəvana səfərə gələcəyi təqdirdə belə, avantüraya düşərək buradan Xankəndiyə gedəcəyinə də inanmır:

“Bu, mümkün deyil. Çünki Azərbaycan bu gün mümkün vasitələrdən istifadə edərək, müəyyən təsir göstərmək imkanlarına malikdir”.

Makron həmin avantürist addıma gedərsə, bu halda Ə. İbrahimova görə, Azərbaycanın Parislə diplomatik münasibətləri ən aşağı səviyyəyə enəcək:

“Bu, baş verərsə, Azərbaycan ciddi reaksiya verərək, dünyanı ayağa qaldıracaq. Ancaq Makron bütün hallarda həmin avantürist addıma getsə, Azərbaycan Fransanın ATƏT-in Minsk qrupunda fəaliyyətinin dayandırılması barədə bəyanatla çıxış edəcək. Bakı artıq Parisin Minsk qrupunda fəaliyyət göstərməsini istəməyəcək. Diplomatik münasibətlər ən aşağı səviyyəyə endiriləcək”./Qaynarinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*