Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi bütün dövrlərdə olub və proses son üç ildə kulminasiya nöqtəsinə çatıb. Rəsmi Parisin Azərbaycana qarşı son dərəcə aqressiv siyasəti ermənilərə olan simpatiyaları ilə bağlıdır.
Uzun illər ATƏT-in Minsk qrupuna həmsədrlik etmiş Fransanın vasitəçilik missiyası da simulyativ xarakter daşıyıb. 44 günlük Vətən müharibəsindən sonra daim Ermənilərin maraqlarını müdafiə edən Fransanın siyasi əxlaqının hansı səviyyədə olması üzə çıxdı.
2020-ci ildən bəri siyasi platformalarda Azərbaycanı hədəfə alan Fransanın təşəbbüsü ilə bir-neçə dəfə BMT TŞ-nın iclası çağırılıb. Məqsəd Azərbaycan əleyhinə qətnamə qəbul etmək və ölkəmizi cəzalandırmaq olub. Amma rəsmi Parisin planları baş tutmayıb və yalnız Fransanın kiçik şəhər və qəsəbə rəhbərliyi səviyyəsində “qətnamələr” qəbul edilib.
Əlbəttə, bu proseslər Fransadakı erməni diasporunun təsiri altında baş verib və onları sakitləşdirməyə hesablanıb. Bundan əlavə Fransa senatının Azərbaycan əleyhinə qətnamələrinin də şahidi olmuşuq. Bir neçə dəfə Fransa parlamentində ölkəmizə qarşı qərəzli bəyanatlar verilib. Bu həftə də senatda eyni ssenari davam etdirilib. Erməni sevgisinin təsirindən qurtula biləməyən fransalı deputatlar Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamə qəbul edərək yenidən çirkin niyyətlərini gizlətməyiblər.
Azərbaycanı hədəfə alan Fransanın məqsədi nədir və Parisin hansı niyyəti var?
İsrailli jurnalist və publisist Rostislav Qoltsman bildirib ki, Makronun indiki yanaşması döyüşdən sonra yumruqlarını yelləməyə bənzəyir:
“Cəmiyyətdə total nizam-intizam yaratmaq istəyi, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə, vahid məktəbli formasının tətbiqi Makronun qəflətən oyanmasını göstərir. Fransa özünü “zəiflərin müdafiəçisi” kimi təqdim edir. Qafqazda isə heç kimi qorumağa ehtiyac yoxdur. Kütləvi soyqırımı faktının aşkar olunmadığı Qəzza hadisəsində olduğu kimi, BMT ekspertləri Qarabağda da buna bənzər heç nə tapmayıblar. Lakin Makronun yanaşması döyüşdən sonra yumruqlarını yelləməyə bənzəyir. Cənubi Qafqazda sülh mürəkkəb məsələdir və bu, qorunmalı və pozulmamalıdır. Əgər orada atəş açmırlarsa, bu, artıq böyük nailiyyətdir. Lakin Fransa Senatının etdikləri məhz revanşizmi qızışdırmaqdır. Fransa Senatının qəbul etdiyi qətnamə iyrənc görünür”.
Rusiyalı politoloq Ruslan Aisin hesab edir ki, Fransa hazırda Ermənistanın kuratorudur. Ermənistan subyekt deyil, obyektdir və bir sıra qruplar tərəfindən idarə olunur:
“İrəvanın müstəqil olmaması və xarici oyunçulardan tam asılılığı Paşinyan və komandasının davranışı ilə təsdiqlənir. Fransa Senatının yeni qətnaməsinə gəlincə, düzünü desəm, mən çox təəccübləndim ki, zahirən demokratik görünən Fransa bu cür saxtakarlığa əl atıb. Bu saxtakarlarla öz imiclərini də məhv ediblər”.
Onun sözlərinə görə, ölkədə çox güclü erməni lobbisindən fransız senatorlarına nəzərəçarpacaq təzyiqlər var:
“Fransa hazırda kəskin siyasi böhran mərhələsindədir. Ona görə də Fransa bütün uğursuzluqları ilə indi özü üçün ciddi siyasi sahə ayırmalıdır ki, bu süni böhran vasitəsilə dünya proseslərinə təsir göstərə bilsin. Paris Azərbaycanla Ermənistan arasında gərginlik yaratmaq və bu manipulyasiyanın köməyi ilə regiona daxil olmaq niyyətindədir. Bəs Makronun bu avantürist siyasəti uğur qazanacaqmı? Mən buna şübhə edirəm. Fransanın əvvəlki resursları yoxdur. Üstəlik, Azərbaycan müstəqil ölkədir, öz maraqlarını səmərəli şəkildə müdafiə etməyə qadirdir”.
Vəli Həsənov,
KONKRET.az