“Geosiyasi dalğalanmalar, xüsusilə qonşu ölkələrdə baş verən hadisələr, Türkiyədə dolların lirə qarşısında yenidən dəyər qazanması ciddi bir şəkildə Azərbaycana təsir göstərir. Bu təsir get-gedə daha da artacaq”.
KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Elman Sadıqov deyib. O, bildirib ki, bank sisteminin geosiyasi şoklara nə dərəcədə davamlıdır sualı Mərkəzi Bank tərəfindən cavablandırıla bilər:
“Geosiyasi dalğalanmalar, xüsusilə qonşu ölkələrdə baş verən hadisələr, Türkiyədə dolların lirə qarşısında yenidən dəyər qazanması ciddi bir şəkildə Azərbaycana təsir göstərir. Bu təsir get-gedə daha da artacaq. Birinci növbədə bu kimi təlatümlərin iqtisadiyyata təsiri var. İkinci növbədə manatın özünə təsiri var. Üçüncü növbədə isə maliyyə-bank sisteminə təsiri var. Bank sisteminə təsir ölkənin iqtisadiyyatından və manata olan təsirindən asılıdır. Çünki bank sistemi bu iki təsirdən birbaşa olaraq təsirlənir. Bank sisteminin geosiyasi şoklara nə dərəcədə davamlıdır sualı Mərkəzi Bank tərəfindən cavablandırıla bilər. Bu şokların nə dərəcədə davamlı olub-olmaması bank sistemində müxtəlif stress-testlərin aparılmasından sonra qeyd oluna bilər. Bizim bank sektorundakı hər hansı bir maliyyə göstəricilərinə baxmaqla, bunu deməyimiz çətindir. Həm sistem əhəmiyyətli banklar, həm digər banklar, həm də ümumən bank sisteminin özündə stress-testlərin keçirilməsi və bu testlərin nəticəsi olaraq da Mərkəzi Bank şoklara davamlılığın nə dərəcədə olduğunu elan edə bilər”.
Ekspert vurğulayıb ki, manatın taleyi daha çox neftin qiymətlərindən asılıdır:
“Hazırda bank sisteminin likvidliyi kifayət qədər normaldır. Amma burada əhalinin alıcılıq qabiliyyəti aşağı düşərsə və istehlak kreditləri ilə bağlı hər hansı problemlər formalaşarsa, banklara nə dərəcə təsir göstərə biləcəyi banklarda ayrı-ayrılıqda keçiriləcək stress-testlərin nəticələrindən asılıdır. İkinci təsir isə manata olan təsirdir. Bu get-gedə artacaq. Qonşu ölkələrin valyutalarının dollar qarşısında dəyərdən düşməsi, heç şübhəsiz manata da öz təsirini göstərir. Burada ən önəmli məsələ, manata olan təsirin ölçülməsi məsələsidir. Əlbəttə, bu təsir nisbətən azdır. Bizdə əsas təsir neftin qiymətləri ilə bağlıdır. Manatın taleyi daha çox neftin qiymətlərindən asılı olur. Amma çox təəssüf ki, hazırda çox ciddi təlatümlər baş verir. Bu təlatümlü iqtisadiyyatların bizim iqtisadiyyatımıza təsirsiz olmayacağı bəllidir. Burada mütləq şəkildə ayrı-ayrı ciddi təhlillər aparılmalıdır. Birbaşa xarici investisiyaların, ölkəyə daxil olan pul baratlarının artma-azalma tempi, o cümlədən əmək bazarı ilə bağlı mövcud dinamika əsas diqqət mərkəzində olan faktorlardır”.