Sənət adamlarına verilən fəxri adların ləğvi son günlərin ən çox müzakirə olunan mövzularındandır. İnkişaf etmiş dünya ölkələrinin heç birində mövcud olmayan belə titulların Azərbaycanda da aradan qaldırılması əksəriyyət tərəfindən dəstəklənir.
Hətta bir sıra tanınmış sənət adamları da fəxri adların əleyhinədir. Onların fikrincə, bu titullar Sovetlər İttifaqı tərəfindən sənət adamlarını nəzarətdə saxlamaq məqsədilə təsis edilib və müasir dövrdə elə bir ciddi önəm kəsb etmir. Əksinə, həmin fəxri adlar və titular incəsənət adamları arasında lüzumsuz intriqalara səbəb olur.
Tanınmış incəsənət xadimi, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov isə məsələyə nisbətən fərqli kontekstdən yanaşaraq, fəxri adların yalnız rejissor, aktyor və incəsənət adamlarına verilməsinin tərəfdarı olduğunu bildirib:
“Müğənni niyə fəxri ad almalıdır axı? “Manıs”dır, bütün günü toyda eybəcər-eybəcər işlərlə məşğuldurlar, xalq da onları söyür”.
KONKRET.az Xalq artistinin bu fikirləri ilə bağlı bəzi sənət adamlarının mövqeyini öyrənib.
Tanınmış müğənni Bahar Lətifqızı Şeyx Əbdülün bu fikri xanəndələrə şamil etmədiyini düşünür.
“Şeyxin sənəti və savadı olan xanəndələrlə işi yoxdur. Sadəcə bu gün fəxri adlara layiq olmadığı halda, təltif olunan insanlar var ki, onlar bu adlar altında sənət aləmində “at oynadırlar”. Sözsüz ki, biz dövlətimizin qərarlarına hörmətlə yanaşırıq. Amma analiz edəndə görürük ki, əslində bəziləri o fəxri adlara layiq deyillər. Onların bu titullara necə, hansı yollarla yiyələndiklərini də bilmirik”.
Bahar Lətifqızı əlavə edib ki, müğənni fəxri ad alsa da, almasa da, öz işinə qarşı məsuliyyətli olmalı, sənətini daim təkmilləşdirməlidir.
20 ildir müğənnilərlə çalışan tanınmış prodüsser Vəfa Nuriyeva da mövzu ilə bağlı fikirlərini bölüşüb. O hesab edir ki, titular və fəxri adlar ümumiyyətlə ləğv edilməlidir:
“Bəzi incəsənət xadimləri verilmiş fəxri adları sənətləri ilə təsdiqləyə bilmirlər. Görürsən ki, kimsə Xalq və ya Əməkdar artist adına layiq görülüb, amma səhnədə hər hansı minus üzərində ifa etməkdə çətinlik çəkir, səsi studiyada təmizlənir. Yəni həmin müğənninin sənətinə görə təltif olunmasından söhbət belə gedə bilməz. Fəxri ada layiq olmaq üçün insan sözün əsl mənasında sənətkar olmalıdır. Əgər həmin adlar həqiqi sənətkarların müəyyən bir qisminə verilmirsə, mənə elə gəlir ki, bu haqsızlığa elə Xalq və Əməkdar artist adlarını ləğv etməklə son qoyulmalıdır. Ümumən 2000-ci ildən bu yana verilmiş adlar ləğv edilməlidir”.
O ki qaldı Şeyx Əbdülün səsləndirdiyi fikirlərə, prodüsser onun müğənniləri “manıs” adlandırması ilə razılaşmır: “Müğənnilər arasında çoxlu sənətkarlar var. Bütün oxuyanlar haqqında eyni fikri səsləndirmək doğru deyil. Bu söz təhqir kimi də qəbul edilə bilər. Şeyxin fəxri adların aktyor və rejissorlara, incəsənət adamlarına verilib, müğənnilərə verilməməsi fikri də başadüşülən deyil. O baxımdan fəxri adların tamamilə ləğv olunmasının tərəfdarıyam”.
V.Nuriyeva onu da əlavə edib ki, onsuz da 15-20 ildən sonra internet platformalarındakı göstəricilər hər şeyi deyəcək: “Yəni hətta hansısa müğənni dünyasını dəyişsə belə, xalq özü, xüsusən sənəti anlayan insanlar kimin mahnılarının tarixdə qalacağını, kimin isə tarixdən silinəcəyini müəyyən edəcək”.
Sevinc Paşayeva,
KONKRET.az