Markedonov: “Münaqişə bitməyib, hələ anklavlar, sərhədlərin delimitasiya və demarkasiya prosesi qarşıdadır”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi, “International Analytics” jurnalının baş redaktoru Sergey Markedonov deyib.
Əksər hallarda ermənilərin mövqeyini müdafiə edən Markedonov bu dəfə Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətindən danışıb:
“Gəlin problemə hərtərəfli nəzər salaq. Birincisi, əsas məsələ Qarabağ məsələsindən uzaq olan Ukraynadır. Rusiya bu sahəyə üstünlük verib və xarici siyasətində bu sahəni mərcə qoyub. Orada uğursuzluq riski bütün digər sahələrdə olduğundan qat-qat yüksəkdir. Bu baxımdan, Rusiya, ümumiyyətlə, başqa yerdə hansısa eskalasiyaya yol verə bilməz və istəmir. İkinci xətt isə Ermənistanın özünə aiddir. Bu, Ermənistanda Qarabağa münasibətin dəyişməsindən gedir. Erməni cəmiyyətində Qarabağ diskursunun Azərbaycan cəmiyyətindən fərqi ondan ibarətdir ki, Azərbaycanda bu mövqe çox dəyişməyib, Ermənistanda isə dəyişib.
Ermənistanın yaratdığı Qarabağın müqəddəsliyi getdikcə itdi və 2023-cü ilin yazında baş nazir Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması və ondan əvvəl də eyni, lakin daha üstüörtülü formada bunu etməsi də məsələləri sürətləndirdi. Qarabağla bağlı səhifə artıq qapanıb və bu, Rusiyanın Qarabağdakı hərbi mövcudluğunun başa çatması deməkdir. Amma hələ Ermənistan-Azərbaycan münaqişəsi bitməyib. Hələ anklavlar, sərhədlərin delimitasiya və demarkasiya prosesi qarşıdadır. Baxın, Qərbi Azərbaycan, İrəvan xanlığı barədə bəyanatları sadəcə piar və ya seçki mülahizələrinə aid etmək olmaz. Bütün bunlar daha ciddidir”
.
Vəli Həsənov,
KONKRET.az