Türkiyədə artıq bəzi marketlərdə kassirlər fəaliyyət göstərməyəcək. Vətəndaşlar alış-veriş zamanı məhsulları avtomatik kassalarda özləri oxudaraq ödənişi həyata keçirəcəklər. Maraqlıdır, bu sistem Azərbaycanda daha çox kiçik marketlərdə, yoxsa iri supermarketlərdə tətbiq oluna bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, hər hansı yeni texnologiyanı tətbiq etməzdən əvvəl həmin ölkədə insanların mental düşüncə tərzi, sosial-iqtisadi vəziyyəti və innovasiyalara adaptasiya səviyyəsi nəzərə alınmalıdır:
“Türkiyədə bu sistemin tətbiqi ilə bağlı xəbərlər yayılsa da, praktik baxımdan çətinliklər mövcuddur. Azərbaycan da postsovet ölkəsi olduğu üçün bu texnologiyanın tətbiqi real baxımdan çətin görünür. Məsələn, İsveçrə və Finlandiyada bu sistem rahat şəkildə işləyə bilər. Amma Azərbaycanda iki kassa qoysalar, 4 nəzarətçi də təyin etməli olacaqlar. Bu da əlavə problem yaradır”, – deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda aktiv əmək qabiliyyətli əhalinin böyük hissəsi dövlət qurumlarında çalışır, qalanları isə əsasən fərdi sahibkarlıq, taksi fəaliyyəti və market sektorunda işləyir:
“Əgər kassirsiz sistem geniş tətbiq olunarsa, bu, müəyyən qədər işsizlik səviyyəsinə də təsir göstərəcək”, – deyə ekspert vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az