Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Dağlıq Qarabağla bağlı məlum üçtərəfli bəyanatından sonra əvvəllər erməni turoperatorları tərəfindən təklif olunan bəzi populyar yerlər, xüsusilə dağ gəzintiləri praktik olaraq əlçatmaz oldu. Ermənistanla Azərbaycan arasındakı yeni sərhədlər yalnız demarkasiya mərhələsində olsa da, turizm şirkətlərinin rəhbərləri artıq həyəcan təbili çalırlar.
“Armland” turizm şirkətinin direktoru Artyom Martirosyan deyir ki, “İndi sovet xəritəsinə görə sərhədləri bərpa etmək niyyətindəyiksə, bütün Zəngəzur yaylası, Şərqi Sevan dağları və Ermənistanın Geğarkunik bölgəsinin Vardenis dağlarının bir hissəsi Zəngəzurun Naxçıvan bölgəsi kimi artıq sərhəd bölgələrə çevriləcək. Hansı ki, göstərilən istiqamətlər həm yerli, həm də xarici turistlər üçün populyar marşrutlar idi”.
“Zəngəzur yaylası Çilinin rəngarəng dağlarını xatırladan və təsvir edilə bilməyən bir gözəllik diyarıdır”, – deyə Martirosyan əlavə edib.
O, Zəngəzur yaylasında 2-3 günlük yeni turizm marşrutlarının hazırlandığını vurğulayıb. Martirosyan artıq bununla bağlı Ermənistan Dövlət Turizm Komitəsinin sədrinə və ölkə parlamentinə müraciət edib. Müraciətdə işləmək üçün ən azı 10-15 km uzunluğundakı bufer zonasının sərhəd demarkasiyası zamanı qorunması xahiş olunur.
Martirosyan Qarabağın itkisi ilə turizm potensialının ciddi ziyan görəcəyini vurğulayır. Çünki son illərdə Qarabağ dağları həmişə populyar tur paketlərinə daxil edilib.
“Xəritəni zəif bilən insanlar torpağın təslim edilməsinin nə demək olduğunu başa düşmürlər. Mən bu ərazilərin hər metrində gəzdim və bunun həm təhlükəsizlik, həm turizm, həm də iqtisadi baxımdan hansı nəticələrə gətirib çıxara biləcəyini bilirəm. Kəlbəcər bu mənada xüsusi əhəmiyyətə malik idi” – Artyom Martirosyan təəssüf hissi ilə qeyd edib.
Onun sözlərinə görə, son dəfə böyük bir turist qrupu ilə 20-23 sentyabr tarixlərində Qarabağda olublar, Qarabağın simvolik dağı olan Kirsə dırmaşıblar. İndi bu marşrutun keçdiyi ərazilər Azərbaycana qaldı.
“Marşrutlar onsuz da dəyişdirilməlidir. Bütün bunlardan sonra turistlərin Ermənistana gəlmək istəyi olub-olmadığını bilmirəm. Amma onu bilirəm ki, yaxşı heç nə olmayacaq”, – deyə Artyom bildirib.
“Tondrak” səyahət şirkətinin direktoru Gor Qəzaryan düşməndə qalan məşhur dağ zirvələrini turizm sektoru üçün çox böyük itki hesab edir. ”Yeni sərhədlərə görə, əsas turizm marşrutları tamamilə Azərbaycana ötürülür “, – deyə Qəzaryan vurğulayıb
O, diplomatik planda ciddi işlər görüləcəyinə inanır. Deyir ki, “Bəzi tədqiqatçılar yalançı nikbinliyə qapılırlar. Qarabağ məsələsinin həll edilmiş sayıla biləcəyinə inanırlar. Deyirlər “Artsax”ın statusu nəhayət ki, həll ediləcək, yollar açılacaq və bəlkə də zirvələrdə döyüş növbətçiliyinə ehtiyac qalmayacaq. Bu halda, sərhəd boyunca uzanan dağlar hər tərəfdən alpinistlər üçün açıq olacaqdır. Bəlkə də son müharibədən əvvəl bizim üçün qadağan edilmiş Zəngəzur dağlarına qalxmaq üçün bir fürsət yaranacaq. Ancaq bu, yalnız bir ehtimaldır”.
“Sputnik Armenia” 5 dekabr 2020.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az.