“Maskalar çoxdan cırılıb, amma türlü-türlü şaiyələr dövriyyəyə buraxılır” – MÖVQEbackend

"Maskalar çoxdan cırılıb, amma türlü-türlü şaiyələr dövriyyəyə buraxılır" - MÖVQE

Elman Babayev, əməkdar jurnalist

Son günlər ABŞ-da yaşananlar demokratiya pərdəsinə bürünənlərin ikiüzlülüyünü tam çılpaqlığı ilə ortaya qoymaqdadır. Neçə gündür ki, ABŞ Konqresinə məlum hücum bu ölkədəki Tramp əleyhdarları, eləcə də ayrı-ayrı nüfuzlu beynəlxalq qurumlar tərəfindən kəskin formada pislənməkdədir. Seçkilərdə qalib gəldiyi elan edilən Bayden hətta vurğulayıb ki, bu terror, hadisənin iştirakçıları terrorçu, baş verənlər isə qiyamdır. Hadisələri izlədikdə bu mövqe ilə hardasa razılaşmaq olar. Amma məsələnin diqqət çəkən məqamı tam başqadır.

Maraqlıdır, nə üçün ABŞ başqa ölkələrdə baş verən analoji proseslərə demokratiya adı qoyur, öz ölkəsində yaşananlara terror? Gəlin baxaq, son illər belə hadisələr Qərb, ayrı-ayrı berynəlxalq qurumlar, Soros tərəfindən dəstək alan qüvvələrin törətdiyi ssenariyə tam oxşardır. Məhz bu dairələrin dəstəyi ilə demək olar ki, əksər ölkələrdə əl müxalifəti formalaşdırılıb və ayrı-ayrı ölkələrin misalında idarəolunan müxalifətin zaman-zaman törətdiyi iğtişaşların şahidiyik. Belə çıxır ki, Qərb başqa ölkələrin daxili siyasətinə müdaxilə edib, iğtişaşlara dəstək verirsə bunun adı demokratiyadır. Eyni hadisələr öz ölkəsində törədilirsə, bu, terrordur.

Uzağa getmədən başqa bir hadisəni xatırlatmaq yerinə düşər. Ötən ilin  iyul ayının 14-də dinc aksiya iştirakçılarının bir qrupunun Azərbaycan parlamentinə hücumu və bunun fonunda baş verənlər hamının yaxşı yadındadır.

Birincisi, hadisələri müqayisə etdikdə ABŞ polisindən fərqli olaraq Azərbaycan polisinin daha səbrli və nəzakətli davrandığını görürük. Nəyə görə, Vaşinqtonda polis qəddarlığı və 5 nəfərin ölümü  demokratiyadır, Azərbaycanda isə təxribatçı qrupların həbsi anti-demokratiya?

İkincisi, həmin hadisələrdən sonra rəsmi Vaşinqton və Qərbin müxtəlif institutları tam fərqli mövqe ortaya qoydular. Deməli, qanun pozuntusu, iğtişaş Vaşinqtonda baş verəndə terror və qiyam, Azərbaycanda isə xalqın istəyi və ya hakimiyyətin basqısı? Sual olunur, Vaşinqtonda Konqres binasına daxil olanlar terrorçu, Azərbaycanda Milli Məclisə soxulanlar isə günahsız insanlardır?

Bu qəbildən olan misalların sayını genişləndirmək olar. Fəqət məsələnin gün üzünə çıxan mahiyyəti tam başqadır. Dünənə kimi ABŞ, Qərb institutları demokratiya mələyi maskasına bürünməyi bacarırdı. Lakin son hadisələr bu maskanın cırılmasına vəsilə olub. Bu o deməkdir ki, bütün məsələ siyasi manipulyasiyadadır. Soros, onun ətrafı, Qərbin ayrı-ayrı ermənipərəst dairələri Azərbaycanda   maliyyələşdirdikləri və istiqamətləndirdikləri  “5-ci kolon”un qalıqlarını nə etmələrindən asılı olamayaraq dərhal müdafiəyə qalxırlar.

Bu gün dünya demokratiyasının ikisifətli olmasını Ermənistanda baş verənlər də isbatlayır. Qərb bu ölkədə bundan əvvəl hakimiyyətdə olan xunta rejiminin cinayətlərinə, həmçinin indi hakimiyyətdə olan Paşinyanın müxalifətə qarşı törətdiyi anti-demokratik addımlara münasibətdə lal və kordur. O qədər kordur ki, Ermənistanın 30 ilə yaxın davam edən müharibə cinayətlərini, Azərbaycanın tarixi abidələrinin, məscidlərinin dağıdılmasını “görmür”.

Artıq əminliklə vurğulamaq olar ki, Qərb üçün demokratiya, insan haqları despotizmin ən irəli gedən şəklini alıb. 

Məsələnin ən təəssüf doğuran başqa bir məqamı Azərbaycan dövlətçiliyinə qarşı olan hücumlar zamanı radikal müxalifətin xarici dairələrin safında yer almasıdır. 44 günlük Vətən müharibəsində susub sonradan fəallaşan bu dairələr indi Qələbəyə kölgə salmaq xətti götürüblər. Türlü-türlü şaiyələr dövriyyəyə buraxılır. Gah hakimiyyətin Xankəndinin adını çəkə bilmədiyi, gah da sülhməramlıların hərəkətlərinə göz yumulduğu iddia olunur. Prezident İlham Əliyev son çıxışında bütün bu iddiaları alt-üst etdi. Xankəndiyə son səfərlər, sülhməramlıların davranışlarına sərt münasibət bildirildi və sonuncu xəbərdarlıq edildi.

Amma 1990-cı illərdə qaçıb gizlənənlər, indi üzə çıxıb dövləti haqsız olaraq hədəfə götürənlər, həmçinin bu gün Qərbdə oturub Azərbaycana qarşı mübarizə aparanlar, xarici ölkələrdə öz dövlətinə qarşı kampaniya təşkil edənlər susmaq bilmir.

Onları və havadarlarını narahat edən verdikləri bütün proqnozların alt-üst olması, İlham Əliyevin nüfuzunun daha da artması və bunun fonunda onun siyasi rəqiblərinin daha da gücsüzləşməsi, varlıqlarının getdikcə hiss olunmamasıdır. Ona görə də yenidən şaiyələrlə gün üzünə çıxmaq xəttinə sarılıblar. Sosial medianın verdiyi imkanlardan yararlanan bu qüvvələr şər-böhtan yolu ilə iqtidarı gözdən salmağa çalışırlar.

Fəqət yenə də unutduqları incə bir nüans var. Bu simalar Azərbaycan cəmiyyəti üçün yeni deyil. AXC-Müsavat dövründə hakimiyyətdə olanlar və başqaları elə zənn edirlər ki, vaxt ötüb, cəmiyyət onların Azərbaycanı 1 illik hakimiyyətləri dövründə necə cəhənnəmə çevirdiklərini tan unudublar. Qısaca yadlarına salaq ki, həmin dövrdə

  • proseslər müstəqilliyin əldən verilməsi təhlükəsinə qədər irəliləmişdi,
  • xaos, anarxiya, talançılıq, oğurluq, özbaşınalıq hakimiyyətin həyat tərzinə çevrilmişdi,
  • Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı fonunda ölkədə vətəndaş müharibəsi alovlanırdı.

Həmin vaxt bu “bəylər” özlərinin də həyatına təhlükə yarandığını gördükdə məcbur qalıb hər cür imkanlardan məhrum etdikləri, siyasi keçmiş saydıqları Heydər Əliyevə üz tutdular.

Ölkədə sabitlik tam bərqərar olduqdan sonra isə qaçıb gizlənən, hakimiyyətə təsadüf nəticəsində gəlmiş bu şəxslər yenidən siyasi səhnəyə qayıdıb özlərinin reabilitasiyası ilə məşğul olmağa başladılar. Onların bu cəhdi illərdir ara vermir və hər fürsətdə ortaya düşüb cəmiyyətin dəstəyinə nail olmaq istəyirlər.

Kimdir həmin vaxt hakimiyyətdə olan və indi adlarını demokrat qoyub radikallıq nümayiş etdirən bu adamlar?

Ümumiləşdirsək, zəif, iradəsiz  adamlar, heç vaxt heç bir idarəyə rəhbərlik etməyən şəxslər. Həmin vaxt ölkənin bölgələrində də təsadüfi adamlar idarəetmədə idi. Bütün bölgələrdə əsasən, təcrübəsiz və naşı adamlar vəzifəyə gətirilmişdi. Böyük idarəetmədə təsadüfi adamlar yığını. Azərbaycanın belə qabiliyyətsiz bir komandanın əlinə düşməsi sırf tarixi təsadüf idi.

Bu dəstənin daha çox canfəşanlıq edəni Əli Kərimlidir. Azərbaycanda siyasi dönük, flüger deyilən kimi ağla gələn ilk adam. Zaman dəyişsə də, onun öz lideri Əbülfəz Elçibəyə xəyanəti yaddaşlardan silinməyib.

Aradan böyük illər keçib, amma bu insanlarda nə xarakter, nə üslub dəyişib, dövlət idarəçiliyinə baxış dəyişib. Yenə də hakimiyyət uğrunda mübarizədə kiminlə gəldi əməkdaşlıq etməyə hazırdırlar…

Bu gün Qarabağın 30 il davam edən işğalına son verən Azərbaycanın, onun siyası hakimiyyətinin gələcək, Qarabağın dirçəldilməsi haqqında çox aydın təsəvvürləri, planları, proqramları var. Xarici dairələrin, ermənipərəst qüvvələrin, onların maşalarının çabalarına rəğmən, güclü siyasi iradə, böyük maliyyə resursları bu planlar həyata vəsiqə qazanmasına imkan verəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*