Maskalı şəxsin yaydığı video erməni təxribatı da ola bilər – AÇIQLAMAbackend

Maskalı şəxsin yaydığı video erməni təxribatı da ola bilər - AÇIQLAMA

Ötən gün sosial şəbəkələrdə könüllü olaraq orduya getdiyi və ərazi bütövlüyümüz uğrunda vuruşduğu iddia edilən bir şəxsin videosu yayılıb. Həmin videoda o, ailəsinin maddi durumunun yaxşı olmadığını, kirayədə yaşadığını və yerli icra hakimiyyəti tərəfindən diqqətdən kənar qaldığını söyləyib. Bundan əlavə həmin şəxs dövlətin və əhalinin orduya göndərdiyi ərzaqların, siqaretlərin əsgərlərə pulla satıldığını iddia edib.

Bununla bağlı KONKRET.az-la fikirlərini  bölüşən Ümid Partiyasının sədri İqbal Ağazadə təəssüflə bildirib ki, sosial durumu zəif olan ailələrə qarşı icra strukturlarının etinasızlığı hər zaman olub: “Təəssüf ki, yerli icra hakimiyyətləri ilə bağlı problemlər həmişə olub. Sadəcə müharibə dönəmində insanlarımız bu problemləri sadalamaq istəməyiblər. Hazırda dövlət tərəfindən bununla əlaqədar kompleks tədbirlər həyata keçirilməlidir. Müharibədə könüllü olaraq iştirak edən vətəndaşlarımızın ailələrinin bütün sosial problemləri yerli icra hakimiyyətləri tərəfindən həll edilməlidir. Yerli icra hakimiyyətləri cəbhə bölgəsində olan əsgər və zabitlərin ailələri ilə bir-bir maraqlanmalı, bütün problemlərini yerindəcə həll etməlidirlər. Eləcə də digər səlahiyyətli qurumlar bu dönəmdə Vətəni qoruyan əsgər və zabitlərimizin ailələrinə mütləq şəkildə diqqəti artırmalıdırlar. Çünki onlar ailələrini dövlətə əmanət edərək, ərazi bütövlüyümüzün bərpası üçün cəbhəyə yollanıblar”.

ADP sədri Sərdar Cəlaloğlu isə məsələ ilə bağlı mövqeyini belə ifadə edib: ”Biz bir nəfərin videosundan çıxış edərək, onu fakt kimi qəbul edə bilmərik. Yəni Müdafiə Nazirliyi söylənilən faktları araşdırmalıdır. Düz olacağı təqdirdə kimisə ittiham edə bilərik. Özünü təqdim etməyən maskalı bir insanın dedikləri doğru olmaya da bilər. Bəlkə elə o videonu yayan ermənidir və bu yolla Azərbaycanda müəyyən narazılıq yaratmaq istəyir. Doğrudur, orduda əsgərlərə göndərilən yardımların satılması kimi iddiaları mən də eşitmişəm. Lakin biz bütün bu iddiaları o zaman ciddi şəkildə dəyərləndirə bilərik  ki, fakt araşdırılsın və hüquqi qiymətini alsın. Yoxsa üzü maskalı insanların şifahi bəyanatına əsasən kimlərisə ittiham etmək düzgün deyil. Məsələn, əgər ötən gün yayılan video həqiqətdirsə, onu yayan şəxs konkret olaraq yaşadığı rayonu, icra başçısının adını çəkməli idi. Yoxsa icra başçılarını ümumi şəkildə ittiham etmək doğru deyil.

Ümumiyyətlə, könüllü olaraq döyüşə gedən insan bütün məhrumiyyətləri nəzərə almalıdır. Və kiminsə onların ailələrinə yardım etməsi könüllü şəkildə olmalıdır. Yəni bununla bağlı icra başçılarının üzərinə hər hansı öhdəlik qoyulmayıb. Döyüşə könüllü gedənlər bunu kiməsə minnət etməməlidirlər. Sözsüz ki, müharibəyə gedən hər bir insanın ailəsinə yardım edib, problemini həll etmək bizim borcumuzdur. Amma heç kim də bu barədə kiməsə minnət edə bilməz. Bu öhdəlik olmadığına görə biz hər hansı icra başçısını qınaya bilmərik. Ən yaxşı halda vətənpərvər və həssas olmadığına görə qınamaq olar. Bu isə sözsüz ki, insani keyfiyyətlərlə bağlı olan bir məsələdir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*