Mədəniyyət Nazirliyi ətrafında son günlər yaşanan konsert qalmaqalı daha da dərinləşir. Belə ki, bir sıra tanınmış musiqiçilər – müğənnilər, ifaçılar nazirliyi qeyri-şəffaf fəaliyyətə görə ittiham edir, ölkədə və xaricdə təşkil olunan tədbirlərdə daim eyni sənətçilərin dəvət edilməsini sistemli problem kimi göstərirlər. Sənət camiəsində artan narazılıq fonunda növbəti proseslər müəyyən müzakirələr yaradır. Artıq məsələ telekanallarda müzakirə olunur. Narazı müğənnilərə efir verilir, onların fikirləri ictimaiyyətə təqdim olunur.
Bu proses sonda nə ilə nəticələnə bilər?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan araşdırmaçı-yazar Əkbər Qoşalı deyib ki, bir neçə gündür müxtəlif yaradıcı şəxslər, incəsənət nümayəndələri və təşkilatçılar nazirliyin fəaliyyətində “qapalı çevrə”, “səfər və konsertlərdə eyni şəxslərin təkrarlanması”, “qeyri-şəffaf seçim mexanizmləri”, “hesabatlılığın zəifliyi” kimi məsələləri qabardırlar:
“Ümid edirəm ki, nazirlikdə daxili araşdırma və audit aparılacaq, məsələlərin yalnız bir neçə layihənin təşkili və ya müəyyən qrupların üstün tutulmasına dair şikayətlərdən ibarət olub-olmadığı dəqiqləşdiriləcək. Çünki səslənən fikirlər təkcə prosedur deyil, mədəniyyət idarəçiliyinin fəlsəfəsi, sektorda çeviklik, yaradıcı mühitin inklüzivliyi və idarəetmədə şəffaflıq kimi daha fundamental məsələlərə toxunur. Azərbaycanın mədəniyyət sahəsi ölkə imicini formalaşdıran, diasporla əlaqələri gücləndirən və beynəlxalq əməkdaşlıq istiqamətlərini müəyyən edən strateji bir sahədir”.
Araşdırmaçı qeyd edib ki, səslənən iddiaların bir qismi illərin emosional yığımı kimi görünə bilər, lakin konkret faktların göstərilməsi düşündürücüdür:
“Bəzi məsələlərə rəsmi cavab verilməsi zərərli deyil, əksinə, faydalıdır. Eyni şəxslərin tədbirlərə davamlı dəvət olunması, yeni adlar üçün imkanların məhdudluğu, mədəni mühitin qeyri-rəsmi “klublaşması”, bir sıra layihə və xarici səfər siyahılarının ictimaiyyətə açıqlanmaması, yaradıcı mühitlə formal dialoq təsiri, sağlam rəylərin nəzərə alınmaması – bunlar doğrudanmı belədir? Əgər bu şikayətlər müxtəlif bölgələrdən və yaradıcı şəxslərdən eyni məzmunla səslənirsə, deməli, məsələ təkcə “narazı sənətçilər”in emosiyası deyil. Mədəniyyət Nazirliyi öz növbəsində bu iddiaların hamısını qəbul etməyə və müəyyən məqamları “idarəçilik zərurəti” kimi izah edə bilər. Lakin obyektiv baxış üçün bəzi məqamların etirafı faydalı olardı. Məsələn, nazirliyin fəaliyyəti çağdaş idarəçilik standartlarına nə dərəcədə uyğunlaşdırılıb? Tədbir seçimi, sənət adamlarının xarici səfərlərə cəlbi və digər məsələlər üzrə meyarların geniş şəkildə açıqlanması daha məqsədəuyğun olmazmı? Mədəni mühitdə real rotasiya varmı? Bu da cavab gözləyən əsas suallardandır. Gənclər, regionlarda yaşayan sənətçilər və yeni yaradıcı fəallar üçün sistematik imkanlar genişləndirilsəydi, “təkrarlanan adlar” problemi və digər oxşar narahatlıqlar xeyli azalardı”.
Əkbər Qoşalının sözlərinə görə, nazirliyin strateji kommunikasiya siyasəti gücləndirilməlidir:
“Çünki şəffaflıq olmadıqda ittihamlar artır və informasiya boşluğu şayiələrə yol açır. Bu səbəbdən, nazirlik ətrafında yaranan narazılıqlara “bütövlükdə əsassızdır” demək də doğru olmaz, iddiaların tam əsaslı olduğunu söyləmək də bəlkə düzgün deyil. Rəqəmlər, mexanizmlər və seçim qaydaları açıqlanmadıqca, şübhələr və qeyri-müəyyənliklər qalacaq.
Prosesin bundan sonrakı mərhələsi üçün iki ssenari mümkündür. Birinci – “yumşaq islahat” ssenarisi. Bu halda nazirlik ictimai təzyiqi nəzərə alaraq, mədəni tədbirlərin seçim meyarlarını açıqlaya, İctimai Şura və onun ekspertləri ilə daha sistemli və təsirli əməkdaşlıq qura, büdcə xərcləri üzrə şəffaflıq paneli yarada bilər. Bu, ən konstruktiv və sabit nəticə verə biləcək yoldur. İkinci ssenari isə qalmaqalın böyüməsi və proseslərin nəzarətdən çıxmasıdır ki, nə bunun baş verməsini, nə də genişlənməsini arzulayırıq.
Nəticə olaraq, işlər düzgün istiqamətdə aparılarsa, proses siyasi müstəviyə keçməz, mədəni mühitdə qütbləşmə artmaz və yeni layihələrə etimad zəifləməz. Mədəniyyət sahəsi həssas sahədir və geniş qalmaqal həm reputasiyaya, həm də sektorun inkişafına zərər vurur. Bu gün artan ictimai narazılıqlar diqqət tələb edir. Əgər meyarlar, seçim qaydaları və nəticələr şəffaf mexanizmlərlə idarə olunsa, nə ittihamlar sıxlaşar, nə də narazılıqlar artar. Mən və sahəni yaxından tanıyan həmkarlarım son dörd ildə nazirlikdə ünsiyyət imkanımız olan hər kəsə bu məsələləri dəfələrlə çatdırmışıq. Müxtəlif iclaslarda, görüşlərdə mədəniyyət sahəsinin vəziyyəti, tendensiyaları və artıq “qanunauyğunluq” kimi görünən məqamları izah edib, ictimai dinləmələrin və monitorinqlərin aparılmasını təklif etmişik. Bəzi hallarda buna nail olsaq da, geniş şəkildə nəzərə alınması təəssüf ki, mümkün olmadı. Kaş ki, artıq keçmiş hesab olunan İctimai Şuranın mövqeyinə daha çox diqqət yetiriləydi. Azərbaycan mədəniyyəti bütün xalqın dəyəridir. Buna görə də regiondan gələn gənc musiqiçi, təcrübəli ustad, müstəqil rəssam və ya eksperimental sənətlə məşğul olan hər bir yaradıcı şəxs üçün bərabər imkanların yaradılması ümumi işin inkişafına xidmət edər. Mədəniyyət Nazirliyindəki bəzi vəzifəli şəxslər tənqidi “təhlükə” kimi deyil, islahat üçün fürsət kimi görsələr, bu, ən doğru və səmərəli yanaşma olardı”.
