29 oktyabr 2025-ci il tarixində MEDİA könüllülərinin II şəbəkələşmə görüşü keçirilib.
KONKRET.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, Agentliyin fəaliyyətində gənclərin iştirakı və könüllülük fəaliyyətinin təşviqi mühüm yer tutur. “MEDİA könüllüləri” proqramının informasiya savadlılığının, peşəkar bacarıqların və sosial məsuliyyət hissinin inkişafında mühüm platformaya çevrildiyini diqqətə çatdıran Əhməd İsmayılov sözügedən təşəbbüsün gənclərin media sahəsində bilik və təcrübə qazanması ilə yanaşı, ölkənin media mühitinin inkişafına və yeni nəsil jurnalistlərin formalaşmasına mühüm töhfə verdiyini bildirib.
Agentliyin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova proqramın ötən illər ərzindəki fəaliyyəti barədə təqdimatla çıxış edərək “MEDİA könüllüləri” proqramının inkişaf yolundan, əldə olunan nəticələrdən, həmçinin proqram məzunlarının media sahəsindəki uğurlarından bəhs edib.
Görüş zamanı “MEDİA könüllüləri”nin himni təqdim olunub, eləcə də könüllülərin iştirakı ilə “MEDİA könüllüsünün bir günü” adlı səhnəcik nümayiş etdirilib. Tədbir “MEDİA könüllüləri peşəkar mediada” adlı videoçarxın təqdimatı ilə davam edib.

