“Hicri-qəməri təqvimin ilk ayı olan Məhərrəmin başlanması müsəlmanlar üçün matəm günlərinin başlanğıcı hesab edilir. İslam tarixində mühüm yer tutan bu ayın 10-cu Aşura günü İmam Hüseynin (ə) Kərbəla çölündə şəhid edilməsi ilə yadda qalıb. Bu münasibətlə hər il dünyanın müxtəlif yerlərində, o cümlədən Azərbaycanda da yas mərasimləri təşkil olunur”.
Bu fikirləri ilahiyyatçı Elvüsal Məmmədov KONKRET.az-a açıqlamasında səsləndirib.
“Ənənəyə görə, Məhərrəm ayının 10-da başlayan və 40 gün davam edən bu mərasimlər “Məhərrəmlik” adlanır. Şiə məzhəbində İmam Hüseynin xatirəsini uca tutmaq məqsədilə bu dövrdə toy-nişan mərasimləri keçirilmir, şadyanalıqdan və əyləncələrdən çəkinilir”.
İlahiyyatçı qeyd edib ki, İslam dinində Məhərrəm ayında şənliklərin və ya digər ictimai tədbirlərin keçirilməsinə dini qadağa qoyulmayıb. Lakin bu, şiə inanclarına əsaslanan və könüllü şəkildə yerinə yetirilən dini-əxlaqi bir yanaşmadır.
“Azərbaycan multikultural dəyərlərə malik ölkə kimi bütün dini inanclara və mərasimlərə hörmətlə yanaşır. Şiə müsəlmanların çoxluq təşkil etdiyi bölgələrdə bu matəm ənənəsinə ehtiram göstərilməsi həm dinin, həm də cəmiyyətin birgəyaşayış prinsiplərinin göstəricisidir. Digər məzhəblərin üstünlük təşkil etdiyi ərazilərdə isə toy və digər tədbirlərin keçirilməsinə heç bir qadağa yoxdur”.
Aynurə İsmayıl
KONKRET.az