Meksikalı jurnalist: “Erməni vandalizmi insanlıqla bir araya sığmır” – FOTO/VİDEObackend

Meksikalı jurnalist: “Erməni vandalizmi insanlıqla bir araya sığmır” - FOTO/VİDEO

İşğaldan azad edilən ərazilərimizə səfər edən meksikalı jurnalist Ermənistanın hərbi cinayətləri barədə yazıb.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən KONKRET.az-a verilən məlumata görə, Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan “El Universal” qəzetində ötən ay Azərbaycanın işğaldan azad edilən ərazilərində səfərdə olan, sözügedən qəzetin redaktoru, beynəlxalq siyasi məsələlər üzrə ekspert və Meksikada keçmiş Ermənistan-Azərbaycan münaqişəsi haqda ən çox məlumatlı olan jurnalistlərdən biri Qabriel Moyssenin “Azərbaycan bərpa edir” (“Azerbaiyán, en busca de la reconstrucción”) başlıqlı geniş məqaləsi dərc olunub.

İşğaldan azad edilən Fizuli, Cəbrayıl, Ağdam və Şuşa, həmçinin Gəncə şəhərlərində səfərdə olan jurnalist yazısında 30 ilə yaxın işğalda saxlanılan ərazilərimizdə Ermənistanın apardığı kütləvi minalanmadan bəhs edərək, 44 günlük müharibədən sonra bu günədək yüzlərlə hərbi və mülki azərbaycanlının erməni minalarının qurbanı olduğunu bildirir. Bu xüsusda, Latın Amerikasından olan bir qrup jurnalistlə birlikdə Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfəri çərçivəsində ANAMA tərəfindən aparılan minatəmizləmə işlərinin şahidi olduğunu qeyd edir. Jurnalist həmçinin, Ermənistan silahlı qüvvələri tərəfindən uzun illər işğal dövründə bu ərazilərdə yüz minlərlə minanın yerləşdirildiyi, Ermənistanın mina xəritələrini verməkdən imtina etdiyi barədə məlumat verir, bunun isə həmin ərazilərdə aparılacaq bərpa və yenidənqurma işlərini, habelə bir milyondan artıq qaçqın və məcburi köçkünün öz yurdlarına qayıtma prosesi qarşısında ən böyük maneə olduğunu vurğulayır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayevanın sözlərinə istinad edən jurnalist, sadəcə Ağdam şəhəri ətrafında 97 min partlamamış minanın olduğunu qeyd edir.

Cəbrayılda müsəlman qəbiristanlığının ermənilər tərəfindən dağıdılaraq, burada qəbir daşlarının sındırılmasının, qəbirlərin qazılaraq cəsədlərin çıxarılmasının şahidi olduğunu qeyd edən jurnalist, bu mənzərədən çox təsirləndiyini və bu vandalizmin insanlıqla bir araya sığmadığını vurğulayır.

O həmçinin yazısında, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə səfər etdikləri və hərbi əməliyyatların aparıldığı bölgədən kənarda yerləşən bu şəhərin ermənilər tərəfindən ballistik raketlərlə zərbə endirilməsi nəticəsində günahsız insanların öldürüldüyü, yüzlərlə insanın yaralandığı və böyük dağıntıların yarandığı barədə məlumat verir.

Məqalədə həmçinin, yaxın zamanda açılan Füzuli beynəlxalq hava limanı və “ağıllı şəhər” konsepsiyası sayəsində bu ərazilərə yatırılan investisiyaların miqdarının çoxalacağı və geniş iqtisadi imkanların yaradılacağı qeyd olunur.

Qeyd olunmalıdır ki, “El Universal” qəzetinin internet portalında məqalə ilə əlaqədar videosüjet yayımlanıb. Həmçinin məqalədə reallıqları əks etdirən foto və infoqrafika öz əksini tapıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*