Məktəb direktorlarının şagirdləri X sinifə qəbul etməmək hüququ varmı? – ŞƏRHbackend

Məktəb direktorlarının şagirdləri X sinifə qəbul etməmək hüququ varmı? - ŞƏRH

“Ümumtəhsil məktəblərində tam orta təhsil (X və XI siniflər) almaq hər bir şagirdin hüququdur və məktəb direktorlarının şagirdləri X sinifə qəbul etməmək hüququ yoxdur”.

KONKRET.az xəbər verir ki, bu sözləri təhsil məsələlər üzrə ekspert Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda IX sinfi bitirən şagirdlərin X sinifə keçməsinə dair məhdudiyyətlər mövcud deyil və bu proses Azərbaycan Respublikasının təhsil qanunvericiliyi ilə tənzimlənir:

“”Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu (maddə 19.) təhsilin pillələri və səviyyələri arasında keçidi təmin edir. Bu qanun şagirdlərin ümumtəhsil məktəblərində tam orta təhsilə (X və XI siniflər) keçid hüququnu təmin edir.

Qanunun bu maddəsinə görə şagirdlər IX sinfi bitirdikdən sonra istər akademik göstəricilərinə, istərsə də fərdi seçiminə görə təhsillərini tam orta təhsil səviyyəsində davam etdirmək hüququna malikdirlər.

“Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi” də tam orta təhsilin məcburi olmadığı hallarda belə, şagirdlərin bu təhsil səviyyəsinə keçidinin məktəb rəhbərliyinin ixtiyarında olmadığını və şagirdlərin öz seçiminə bağlı olduğunu göstərir. Şagirdlər IX sinfi bitirdikdən sonra tam orta təhsili davam etdirmək istəsələr, məktəb bu keçidi təmin etməlidir”.

Ekspert məktəb direktorlarının hüquq və öhdəliklərini də xatırladıb:

“Qanunvericilikdə məktəb direktorlarının şagirdləri X sinifə qəbul etməmək hüququ nəzərdə tutulmayıb. Onların belə bir səlahiyyəti yoxdur.

Əgər məktəbdə yer məhdudiyyəti varsa, bu halda şagirdlər eyni yaşayış ərazisində olan digər məktəblərə yönləndirilə bilər, lakin şagirdlərin təhsildən məhrum edilməsi mümkün deyil.
Yekun olaraq, IX sinfi bitirən hər bir şagirdin X sinifə keçmək hüququ vardır və məktəb direktorları bu prosesə məhdudiyyət qoya bilməzlər. Bu, Azərbaycan təhsil qanunvericiliyində təsbit edilmiş hüquqlardan biridir”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*