“Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir”.

Prezident İlham Əliyev bu fikirləri demək olar ki, keçirdiyi hər konfransda təkrar edir. Ölkənin birinci şəxsi bu sözləri ona görə tez-tez vurğulayır ki, məmurlar özlərinin xalqın xidmətçisi olduqlarını anlasınlar, vətəndaşa xidmət və ehtiyac yarandıqda köməklik göstərsinlər, yekəxanalıq etməsinlər.
Amma görünür “Relax” istirahət mərkəzinin sahibi, millət vəkili İqbal Məmmədovun başı istirahətə elə qarışıb ki, nəinki xalqı, heç dövlətin məmurlarını da vecə almır. Belə olmasa idi, özünə məxsus istirahət mərkəzində yoxlama aparamaq istəyən Vergilər Nazirliyi əməkdaşlarına güc tətbiq etdirməzdi. Görünən odur ki, vəzifəsi millətə vəkillik, hökumətin qanunlarına isə əməl etmək olan deputat ona həvalə edilən işlərdən başqa, hər nə ilə desən məşğuldur.
Prezident İlham Əliyev dəfələrlə vurğulayır ki, “cəmiyyətdə normal davranış qaydaları mövcuddur. Hər bir məmur bu davranışlara əməl etməyə məcburdur. Bizi millət kimi saxlayan da məhz bu davranış qaydalarıdır”.
Amma deputat İqbal Məmmədovun davranışları etik çərçivələri aşaraq, hökumətin yürütdüyü siyasətlə uzlaşmır. Özünə məxsus istirahət mərkəzinə vergi əməkdaşlarını buraxmaq istəməyən, onların öz vəzifələrini icra etməsinə maneə yaradan deputat , bu davranışları ilə ölkənin birinci şəxsindən örnək götürə bilmədiyini sübuta yetirir.
Lakin bir deputatın davranışları uzun illərdir missiyası xalqa xidmət etmək olan Azərbaycan hakimiyyətinin apardığı siyasətə kölgə salmaq iqtidarında deyil. Prezident İlham Əliyev hər dəfə öz çıxışlarında məmurlara səmərəli iş, təvazökarlıq və xalqa xidmət missiyası aşılayır. Bu həddləri aşan məmurlar isə tutduğu vəzifədən asılı olmayaraq dərhal cəzalandırılır. Yəqin ki, deputat İqbal Məmmədov haqqında da lazımı ölçü götürüləcək. Bu ölçü ona görə lazımdır ki, ölkənin birinci şəxsinin apardığı siyasəti, davranışlarını, xalqla rəftarını özünə örnək götürə bilməyən digər məmurlara dərs olsun.
Müşfiq Əhmədov