
Sanki insanlarımızın çoxu ağıllı və qeyrətli görünmək yarışına çıxıb. Bunu qazanmaq üçünsə digərlərinin davranışlarını pisləyir. Yəni tənqid etmir, təhqir edir, çamur atır. Beləliklə, çox-çox aşağılarda olan özgüvənini yüksəlib qısa müddətə özü düşüncədə olan fərdlərin gözündə ləyaqətli insan görüntüsü yaradır. Etiraf edək ki, bu məsələdə kişilərimiz daha təcrübəsiz, diletant təsir bağışlayırlar. Digərlərini söyərək əxlaqa dəvət edən kişilərin 99%-i inboxda yaşına-başına baxmadan sadəcə cinsi qadın olan hər kəslə “tanışlığa” can atanlardır. Yəni şəxsi münasibət qurmaq bacarığı belə sıfırın altında, yaradıcılıq yox. Primitiv və qeyri-işlək üsullarla başladığı oyunun “məğlub” və “ən zəif bəndi” olduqlarını anladıqları halda özlərini hörmətsiz etməkdən çəkinməyən ümidsiz oyunçular. Rədd cavabı isə başqa seçim qoymur. Digərlərini dözümsüzcə ənənəvi və mental motivlərlə təhqir etməyə, əxlaqsız “çıxarmağa” çalışır. Bununla da öz zehniyyətində olan çoxluq arasında “barışmaz əxlaq dağarcığı”, “sadiq ailəcanlı əsl kişi” obrazıyla gülünc bir performans göstərir.
Qeyrəti, namusu, əxlaqı ancaq şəxsi fizioloji münasibətlərdə görən kütlə mentalitet bataqlığında boğulur.
Ümumən bu cəmiyyətin əxlaq anlayışlarını pozub, yenidən yazmağın vaxtı çatıb da, keçib…
Mənə görə əxlaq göbəyimizdən bir qarış aşağıda deyil, dilimizdən bir qarış yuxarıdadır. Belə olduqca yaşamaq daha asan, həyat daha gözəl olur…