Yenilənmiş proqnozlar göstərir ki, 2024-cü və 2025-ci ildə illik inflyasiyanın hədəf diapazonu daxilində (4±2%) qalacağı proqnozlaşdırılır.
Bu barədə KONKRET.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bildirilib ki, AMB-nin inflyasiya üzrə 2024-cü ilə oktyabr proqnozu 5.1% təşkil edir. Qeyd olunub ki, 2024-cü ilə illik inflyasiya proqnozuna tənzimlənən qiymətlər 0.6 faiz bəndi, dövlət istehlakı 0.42 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 0.96 faiz bəndi, kənd təsərrüfatı istehsalçıları qiymətləri 2.25 faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiya 3.82 faiz bəndi artırıcı təsir edəcək: “NEM-in -1.24 faiz bəndi və digər amillərin -1.72 faiz bəndi azaldıcı töhfəsi gözlənilir. 2024-cü ilə dair oktyabr proqnozu iyul proqnozuna nəzərən 0.3 faiz bəndi aşağı reviziya edilmişdir. Əsas səbəb ticarət tərəfdaşlarında inflyasiya proqnozunun aşağı doğru reviziyasıdır. Oktyabr proqnozuna görə 2024-cü ilin sonuna ticarət tərəfdaşlarında inflyasiyanın 9.8% olacağı gözlənilir (iyul proqnozu 10.3%). Bu reviziyanın inflyasiya proqnozuna təsiri -0.2 faiz bəndidir.
2025-ci ilə inflyasiyanın oktyabr proqnozu 5.8% təşkil edir. 2025-ci ilə proqnozlaşdırılan illik inflyasiyaya dövlət istehlakı 0.41 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 1.61 faiz bəndi, KİQİ 3.33 faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiya 2.42 faiz bəndi, digər amillər 0.16 faiz bəndi artırıcı, NEM isə -2.13 faiz bəndi azaldıcı təsir edəcəkdir. 2025-ci ilə oktyabr proqnozu iyul proqnozuna nəzərən 0.3 faiz bəndi yuxarı reviziya edilmişdir. Yuxarı reviziyanın səbəbi NEM-in möhkəmlənmə tempinə dair proqnozun aşağı doğru reviziyasıdır. Oktyabr proqnozuna görə 2025-ci ilin sonuna NEM-in 7.9% möhkəmlənəcəyi gözlənilir (iyul proqnozu 8.7%). Bu reviziyanın inflyasiya proqnozuna təsiri 0.22 faiz bəndidir. Eyni zamanda KİQİ-nin proqnozunun yuxarı doğru reviziyası da illik proqnoza təsir edir. Belə ki, oktyabr proqnozuna görə 2025-ci ilin sonuna KİQİ-nin 6.8% artacağı gözlənilir (iyul proqnozu 3.3%). Bu reviziyanın inflyasiya proqnozuna təsiri 1.72 faiz bəndidir. Proqnozların reallaşması bir sıra xarici və daxili inflyasiya amillərinin dəyişimindən asılı olacaqdır. Manatın nominal effektiv məzənnəsi, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tarifləri başlıca amillər hesab olunur. Eyni zamanda, iqlim dəyişiklikləri və istehsal xərclərinin artımı kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi vasitəsilə inflyasiyaya təsir edə bilər. İnflyasiyaya təsir edə biləcək digər daxili amillərə isə məcmu tələbin dinamikası aiddir”.
“İnflyasiya gözləntiləri cari ildə sektorlar üzrə fərqli istiqamətlərdə dəyişmişdir. Həyata keçirilən real sektorun monitorinqinin nəticələrinə əsasən ilin ötən dövrü ərzində sahələr üzrə ən yüksək qiymət artımı gözləntisi xidmət sektorunda qeydə alınmışdır. Digər sektorlardan tikinti və ticarət üzrə gözləntilər isə son 2 ayda mənfi zonada qalmağa davam etmişdir. Qeyri-neft sənaye sektorunda il ərzində dəyişkənlik müşahidə edilmiş və gözləntilərdə mənfi zonadan müsbət zonaya keçid olmuşdur.
Sənaye sektorunda qiymət indeksi sentyabr ayında 0.07 (ötən ilin müvafiq dövrü 3.88 ), ticarətdə -14.28 (ötən ilin müvafiq dövrü -2.35), tikintidə -0.29 (ötən ilin müvafiq dövrü 5.40), xidmət sektorunda isə 21.59 (ötən ilin müvafiq dövrü 22.79) olmuşdur”, – məlumatda qeyd olunub.