Almaniya paytaxtında amerikalı rejissor, prodüser və ssenarist Martin Skorsezeyə 74-cü Berlin Beynəlxalq Film Festivalının fəxri “Qızıl Ayı” mükafatı təqdim edilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, pərəstişkarları 81 yaşlı Skorsezeni əvvəlcə qırmızı xalıda, sonra isə zalda sürəkli alqışlarla qarşılayıblar. Bu zaman səhnədə Martin Skorsezenin filmlərindən parçalar nümayiş etdirilib və orkestr onun son əsəri olan “Çiçək ayın qatilləri” əsərindən mahnını səsləndirib.
Mükafatlandırma mərasimində Skorsezenin nailiyyətləri qeyd olunub və misilsiz xidmətlərinə görə ona mükafat təqdim edilib.
Alman rejissoru Vim Venders çıxışında amerikalı ustadı “tamaşaçılara yarım əsrlik qeyri-adi kino səyahəti bəxş edən brend” adlandırıb. Amerikalı rejissorun Film Fondunun 1000-dən çox filmi bərpa etdiyini və kino irsini ictimaiyyətə əlçatan etdiyini vurğulayıb.
Scorsese isə alman jurnalistlərinə bildirib ki, hazırda Məsihin həyatı haqqında film üzərində işləyir. “Hal-hazırda bu barədə düşünürəm. Bunun necə film olduğunu tam başa düşə bilmirəm. Ancaq sizi düşündürəcək, unikal və fərqli bir şey yaratmaq istəyirəm”, – deyə əlavə edib.
Xatirə Sadiq,
KONKRET.az