Milli Məclisin İran sevgisi və Zərifin kobudluğu – Bilmədiyimiz DETALLAR məlum oldubackend

Milli Məclisin İran sevgisi və Zərifin kobudluğu - Bilmədiyimiz DETALLAR məlum oldu

Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist

Vətən Müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Müzəffər Ordumuz tarix yazdı. Ermənini diz çökdürdü. Torpaqların geri qayıtması ilə nüfuz da qayıtdı. İnsanların ruhu yüksəldi, qəddi düzəldi, kədəri çəkildi, üzü güldü, gözündə sevinc yaşı parladı… İgid əskərimizin gücünü görüb dostlar sevindi, düşmənlər qəmə batdı…

Qəfil gələn qələbə çox mətləblərə aydınlıq da gətirdi. Savaşda həmrəy olub dəmir yumruqla təpələr əzən xalq bu müharibədə həm də Ali Baş Komandanın dediyi kimi, kimin kim olduğunu gördü. Çox mətləblər anladı, çoxunu açıb-ağartmadı.

Biz bu gün qalib xalqıq! Qaliblər mühakimə olunmur! Qaliblər ittiham edir!

***

“Kim kimdir” silsiləsində ən başda düşmənə dəstək verən “dostlar” görünür. Dərinə getmək üçün ipucu olaraq iç xəbərdən başlasaq…

Sovetin şanlı 7 noyabr bayramını Millət Məclisimiz atəşin bəyanatla “qutladı”. Bəyan etdi ki: …Əks-hücum əməliyyatları dövründə İran rəsmilərinin Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, həmçinin İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı fikir və bəyanatları yüksək qiymətləndiririk. Və: “Heç kəs xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətlərinə xələl gətirə bilməz.” Ardınca sübut kimi bir təzə deputata köhnə vərdişlə töhmət verdilər. Reveransın mənası bu idi ki: “dostlar, içimizdə münasibətlərimizə xələl gətirə bilən” biri var idi, dərhal vurduq getdi!

Bakıda bu əhvalat vaqe olanda Vətən Müharibəsində qanlı çarpışmaların 41-ci günü idi. Müzəffər Ordumuz düşməni qabağına qatıb iti qovan kimi qova-qova Qarabağdan çıxardırdı. Artıq xan Şuşaya “bir nəfəs qədər” yaxın idik. Bir-iki günə Qarabağda erməninin izi-tozu qalmayacaqdı. Pələng igidlərimiz  “İrəvan!”, “Göyçə!”, “Zəngəzur!” deyə nərə çəkə-çəkə düşmənin bağrını partladırdı və…

Və Lev Trotski demişkən: “Biz 1917-ci ilin oktyabrında Peterburqda Qış Sarayına hücum edib inqilabı qələbə ilə bitirdik və uğurlu əməliyyatdan sonra əllərimizi yuyurduq ki, Lenin yoldaş Finlandiyadan gəldi çıxdı və zirehli maşının üstünə qalxıb hayqırdı: İnqilabımız baş tutdu! Ura!”…

Bax, belə bir “həlledici” məqamda bizim də qonşuluqdakı “dostlara” vəhy gəlmişdi ki, sən demə, “işğalçı  Azərbaycan torpaqlarından çıxmalıdır” və “ərazi bütövlüyü vacib məsələdir”! “Çox vaxtında” bildirilmiş bu ikitirəli mövqe iki təhlükənin önlənməsinə oxşamasınmı? Bir – darmadağın edilən ermənilərin tam məhvinin qarşısını almaq;  iki – İrəvana, Göyçəyə, Zəngəzura qədər getmək əzmində  olan Azərbaycan qoşununu durdurmaq! Bu iki real təhlükə olmasaydı, adamlara nagahani “vəhy” niyə gəlsin ki?! 30 il idi “dərgahdan” başqa məramlar əyan olurdu: əziz-giram erməniyə silah-sursat ötürmək, yemək-geymək vermək, motoruna yanacaq doldurmaq… Əvəzində “sevgili Azərbaycanın” işğaldakı evlərinin taxta-şalbanını Arazın o tayına daşımaq, məscidlərdə saxlanan donuzların yanından keçib yuxarı Qarabağa qalxmaq, orda erməni qardaşlarla əl-ələ iş qurmaq, hətta erməni saxtakarlarının azərbaycanlılara məxsus Alban kilsələrini mənimsədikləri kimi, Şuşadakı Gövhər Ağa məscidini də öz adına çıxıb “İran məscidi” kimi göstərmək… 30 il idi qonşu müsəlman möminlərinə gələn “haqq-ədalət vəhyi” bu idi! Yalan ha deyil!

Bəs o təzəgələn deputat nə demişdi ki, parlamentin qazdan ayıq “siyasətbazları” yığılıb ona dağ çəkdilər? Demişdi – İranın ali liderinin verdiyi bəyanat alqışlanmalıdır, amma bu, İranın bizə lütfü deyil, beynəlxalq hüququn tələbidir. O hüquqa sadiqliyin nümunəsidir. Demişdi – İran Ermənistan üçün nəfəslikdir, ərazisindən işğalçı Ermənistana silah daşınır…

Burda cəzalıq nə varmış?! Məgər İran Ermənistan üçün nəfəslik olmayıb? Məgər İran ərazisindən Ermənistana silah daşınmayıb? Məgər Min-Vodı və Mozdokdan qalxan təyyarələr 400 ton, sonra 500 ton silah-sursatı, hərbi təyinatlı yükü Gürcüstan hava məkanı bağlı olduğu üçün, “qardaş-soydaş” Qazaxıstandan, Türkmənistandan keçirib İran ərazisinə boşaltmayıb? Ordan da TIR-lara doldurub Ermənistana aparılmayıb? Məgər cənublu qardaşlarımız o TIR-ları durdurmaq üçün ayağa qalxmayıb? Məgər möminlər noyabr ayında “işğalçı çıxmalıdır” deyirsə, sentyabr-oktyabrda dəstək verdiklərinin işğalçı olduğunu bilmirdilər?!

Bütün bunlar külli-aləmə bəllidir, hətta uzaq Britaniyada ekspert Harold Keyn də bilir ki, İranla ermənilərin silah işbirliyi var. Bakıda bunu bilməyən varsa, Haroldun “Narco Karabakh” kitabını oxusun. Görsün ki, “Ermənistanın qanunsuz silah qaçaqmalçılığı artıq beynəlxalq əhəmiyyətli fəsadlara səbəb olub.”

Mənasız və məntiqsiz “töhmət” əməliyyatının sayıq icraçıları elə prinsipial və milli mənafe fədailəridirsə, milli mənafeyə, xalqın iradəsinə və dövlətin siyasətinə zidd mövqe bildirən başqa bir deputata niyə göz yumdular? Milli hökumətin qənimi Qəzənfər Musabəyovun əbəjdadı Rasim Musabəyov “Türk qoşunları Qarabağa gəlməsin” deyə xain bir çıxış etmişdi. Oysa deputatın birinə töhmət, o birinə kökə vermək – Qarabağ məsələsində illərlə gördüyümüz ikili standartın adi növüdür. Belə çıxır ki, canımız-qanımız bir olan qardaş Türkiyə barədə kim istəsə ağlına gələni danışa bilər, amma İranın adını kimsə çəkə bilməz?! Millətin öz Məclisindən gözlədiyi mövqe bu deyil! Milli mənafedən, xalqın və vətənin taleyindən söhbət gedəndə “Elmarməmmədyarovsayağı” yastı-yastı, pişim-pişimlə süni reveranslar etmək nə siyasətdir, nə diplomatiyadır, nə hüququn aliliyidir, nə də dövlətçilik prinsipinə sədaqət. Ən elementar əsmə, titrətmə və yarınma cəsarətsizliyidir. Azərbaycanın qorxmaz əskərlərinin, “Vətənə canım qurban” deyən şəhidlərinin, işğalçını darmadağın edən cəsur ordu komandanlığının nə ruhuna, nə əməyinə, nə də iradəsinə layiq deyil bu sayaq reveranslar! Əminəm ki, heç İranın ağıllı möminlərinə də bu əttökən reverans lazım deyil…

Əgər İİR-in Ermənistanla sıcaq münasibətlərini inkar etməyə qalxan varsa, demək xalqımız Vətən Müharibəsində can qoyanda o, fil qulağında yatıb öz canını qoruyurmuş! Yox əgər bu münasibətləri bilə-bilə ört-basdır edirsə, demək həqiqəti danır. Bu da nə Tanrıya xoş gələn işdir, nə həyatı bahasına Qarabağı azad edən müzəffər Ordumuza, nə bu Ordunun dayağı xalqa, nə də bu xalqla həmrəy şəkildə “dəmir yumruğunu” düşmənin təpəsinə endirə-endirə eyni zamanda bütün həqiqətləri cəsarətlə dünya ermənipərəstlərinin sifətinə çırpan Ali Baş Komandanın iradəsinə!

Elə isə sözün, ifadənin, vicdanın, mətbuatın azad olduğu demokratik bir ölkədə millətin fikrini ifadə etmək üçün seçilmiş deputatın sözünə, danışığına görə cəza verib özlərinə güldürmək bir yana, hələ İranın illərlə erməniyə verdiyi dəstəyi bir konyuktur deyimə görə unudub, nazəndə reveranslar göstərmək kimə, nəyə, niyə lazım imiş? Əksər deputatların cınqırının çıxmadığı Vətən Müharibəsi dövründə gecə-gündüz internetdə, sosial şəbəkələrdə müzəffər Ordumuza mənəvi dəstək olan, döyüşçüləri qələbəyə ruhlandlıran, həqiqətləri dünyaya yayan sadə vətəndaşlar da MM-dəki oyunu etirazla qarşıladılar. “Tarixi həqiqətləri unudub qərar verənləri şiddətlə qınayırıq!” – yazdılar…  Hələ deputat çox ehtiyatlı və xəfif demişdi. Əslində 30 ildir İran Ermənistan üçün “nəfəslik” yox, taybatay geniş açılmış darvazadır.

***

…Vətən Müharibəsi başlayandan rəsmi İran münaqişəni “sülh yolu ilə həll etmək üçün” israrla öz vasitəçiliyini təklif edirdi. Xüsusi aktivlik göstərən xarici işlər naziri Məhəmməd Cavad Zərif  “gəlin sizi barışdırım” deyə gah o tərəfə, gah bu tərəfə telefon açırdı. Bizimkilər təbii, bütün zənglərə səbrlə dözdülər. Çünki uzaq 90-larda “kiçik peşkaların” düşdüyü tuzaqdan xəbərimiz var artıq. İranın keçmiş prezidenti Haşimi Rəfsəncani də 1992-cü ilin may ayında Tehranda bir “zirvə toplantısı” düzənləyib tərəfləri “barışığa” dəvət etmişdi. Həvəslə o görüşə qaçan görməmiş “gədə bəylər” ilə Ermənistanın “tülkü siyasiləri” arasında atəşkəsə dair “Tehran Kommünikesi” imzalandı. Və eyforiya içində elə ordanca “Qarabağda döyüşü saxlayın, atəşkəs imzalamışıq!” demişdilər ki, bir də eşitdilər erməni hücum edib Şuşanı aldı…

Bəli, belə oldu! Amma daha Azərbaycan iqtidarında o vaxtkı kimi, “böyük oyunun kiçik peşkaları” yoxdur. İndiki iqtidar özü reallıq yaradır və “oyundakı peşkalara” öz şərtini diqtə edir!

Distansion diplomatiyanın əhəmiyyətsizliyini görən M.C. Zərif isə yenə “vasitəçilik” sevdasından əl çəkməyib bu dəfə müavini Abbas Əraqçini regiona göndərdi. Bakıya gəlməzdən qabaq A.Əraqçi gedib İran hərbiçilərinin cəmləşdirildiyi həmsərhəd bölgələri gəzdi. Görünür xarici turne öncəsi hərbi hissələrə “diplomatik turnenin” mənası o idi ki,  diqqəti sərhəddə toplaşan hərbi gücə yönəltməklə, guya “xox” atmosferində qarşıdakı danışıqlarda üstünlük şansı qazanılsın. Fəqət “uzaqgörən diplomatlar” nəzərdən qaçırırdılar ki, Bakıda müxtəlif ölkələrdən üstünə gələn özündənrazı ermənipərəstlərə diplomatiyadan “master klass” dərsi keçən və kimsənin qarşısında əyilmədən vüqarla dayanan başqa bir Prezidentlə görüşəcəklər. O Prezidentlə ki, siyasət qrossmeysteri olan mərhum atasının sadəlövhlər üçün nəzərdə tutulmuş sərrast aforizmi xalq arasında dillər əzbəridir: “KOMU TI KREML POKAZIVAEŞ?!”

Xülasə, Əraqçi gəlib şparqalkadakı – “Azərbaycanın ərazi bütövlüyünün vacibliyi və azlıq hüquqları, insan haqları” barədə yazıları oxudu. Açması, – Azərbaycanda “azlıq” olan ermənilərin “hüquqları” qorunmalı və onlar Qarabağda qalıb yaşamalıdırlar, – deməkdir.  Amma Azərbaycan artıq kimin kim olduğunu tanımışdı. “Dost” bildiklərimizin “azlıq hüquqları və insan haqlarına” canıyananlıq etməsi  səmimi olsaydı, bu 30 ildə yurd-yuvasından didərgin düşmüş bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları barədə də bir dəfə dil tərpədər, işğalçıya dur deyər, qaçqınların qayıtmasını tələb edərdi; nəinki onların yurd-yuvasının yağmalanmasına qatılardı… Bu qədər bəsit!

Bir məzəli cəhd də o idi ki, erməni KİV-i, konkret “Armenianreport” saytı dünyaya müraciətlə muzdluları Ermənistana çağıraraq, – “Biz günahsız insanların ölümünü düşünməməliyik. Raket zərbələri fərdi binalara tuşlanmalıdır. Xaricdə yaşayan hər bir erməni Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşməyə razı ola biləcək muzdlular axtarışında olmalıdır. Bu muzdlulara öyrətmək lazımdır ki, bu “xristianları məhv etmək istəyən” müsəlmanlara qarşı “haqq” döyüşüdür…” – yazdığı halda, “Papadan artıq katoliklik edən” müsəlman naziri Zərif müəllim Azərbaycanı müzdlulardan istifadədə suçlayırdı.

Böyük M.Ə.Sabir demişkən: “Qah! Qah! Əcəb gülməlisən…”

Bütün bu dəstək faktlarını inkar etmək istəyənlərə hətta məşhur Paşinyan da (“Bəs noldu, Paşinyan?!”) etiraz edərdi. Çünki şəxsən o özü dəfələrlə dəstəyə görə İran hökumətinə minnətdarlıq bildirib. İranın Dövlət Tele-Radio Şirkətinin Xəbər Agentliyinin Ermənistan şöbəsinin (!) məlumatında deyilir ki, N.Paşinyan dəfələrlə televiziyadakı çıxışında: “…Ermənistana heç bir tərəddüd etmədən vaxtında məhsul göndərən İrana xüsusi təşəkkür etmək istəyirəm!” – söyləyib.

Rəsmi Tehran adəta “sevgili Azərbaycanla dostuqdan” söz açsa da, reallıqda başqa mənzərə görmüşük. Müharibə dövründə işğal edilmiş Qarabağ bölgəsinə İran tərəfdən onlarla yük maşınında  yanacaq göndərildiyini əks etdirən videolar yayılıb. Cənubda yaşayan milyonlarla türk soydaşımız “Qarabağ bizimdir, bizim qalacaq!”, – deyə ayağa qalxıb. Güney Azərbaycanın paytaxtı Təbrizdə, Urmiya, Ərdəbil, Sulduz və Zəncanda xalq – “Nurduz, Gümrü qapıları qapadılsın!”, “İrəli, İrəli, Azərbaycan əsgəri!” şüarları ilə küçələrə tökülüşüb. Çünki Nurduz sərhəd-buraxılış məntəqəsindən Ermənistana silah-sursat və hərbi texnika daşınırdı. Ermənistan bu silahla Gəncə, Tərtər, Bərdə, Mingəçevir və b. yaşayış məntəqələrimizi bombalayırdı.

Bir sözlə, İran-Ermənistan əlaqələri inkaredilməzdir: silas-sursatdan başqa, işğal olunan ərazidə şirkət açılması, Ermənistana qaz çəkilməsi, Araz üzərində müştərək Su-Elektrik Stansiyasının qurulması… Və işğal altında olan Cəbrayıl rayonu ərazisində Araz üzərindəki körpüdən əleyhimizə istifadə olunacağı barədə Azərbaycan ictimaiyyətinin etirazları…

Şanlı qələbəyə aparan coşqun günlərdə genetik təxribatçı xarakterinə malik ermənilər min oyundan çıxdılar. Baş nazir N.Paşinyanın zəng vurmadığı dünya lideri qalmadı. Müharibəni dini müstəviyə çevirib xristian güclərindən kömək almaq üçün erməni ağla gələn və gəlməyən hədyanlar danışdı. Arada  S.Lavrov-Kalantaryan planına əsasən RF-nı KTMT xətti ilə savaşa qatmaq üçün, neçə dəfə razılaşdırılan atəşkəsləri bilərəkdən pozdu, dinc şəhərlərimizi raket atəşinə tutdu… Şər-böhtanla Türkiyəni bölgəyə qoşun göndərməkdə, F-16-lardan istifadə etməkdə, Azərbaycanı dəstəkləməkdə günahlandırdılar…

Erməni bax bu qədər iyrənc mahiyyətli idbar tayfadır!

Bu saxtakar tayfanın xoruna təəssüf ki, “dostlarımız” da qatılırdı. Ən çox canfəşanlıq edən iki dost – İİR XİN Məhəmməd Cavad Zərif və RF Prezidentinin mövqeyinə az qala açıq-açığına əks gedən ermənipərəst XİN  S.Lavrov-Kalantaryan ajiotajla – “genişmiqyaslı döyüş əməliyyatlarından ciddi narahat olur, dərhal atəşkəsə əməl edin” – deyirdilər. Nədənsə, bizim daxili  məsələmizi Lavrov-Zərif tandemi hamıdan çox “həll etməyə” girişirdi. Təbii ki heç nəyə məhəl qoymayan qüdrətli Azərbaycan Ordusu öz işində idi – Qarabağa daraşan terrorçu, işğalçı, quldur dəstələrini iti qovan kimi qovurdu və qovdu da!

Qəribədir, Azərbaycanın haqq işini dilə gətirmək üçün İİR rəsmilərinə bir aydan çox vaxt lazım olduğu halda, savaş boyu tüm varlığı ilə can-Azərbaycanın yanında olan Türkiyənin Prezidenti hörmətli R.T.Ərdoğanın Bakıda şeir söyləməsinə heç bir gün də dözmədilər. Zəfər paradının səhərisi gün sübh tezdən Cavad Zərif  öz Twitter səhifəsində nə adına, nə görəvinə yaraşan kobudluqla reaksiya verdi: “Prezident Ərdoğana məlumat verilməyibmi, Bakıda oxuduğu uğursuz şeir Arazın şimalındakı ərazilərin İran vətənindən zorla ayrılmasına aiddir? Yoxsa o, Azərbaycan Respublikasının suverenliyini sarsıtdığını dərk etmir? Kimsə bizim sevgili Azərbaycanımız haqqında danışa bilməz.” – yazdı. Sanki bu saat Cənub torpaqlarını kimsə tutub onların əlindən alır… Zərif diplomatiyadan əsər əlamət olmayan bu qədər kobudluq!

Əslində bu mənasız və yersiz twiti ilə o, R.Ərdoğanı yox, özünü ifşa etdi. Göstərdi ki, ermənilər kimi o da real dünyadan uzaq utopiyalar aləmində ilişib qalıb. Ermənilər özlərini “Dənizdən dənizə” xülyası ilə aldatdığı kimi, bu da cəmi yüz ildir fars idarəçiliynə keçən min illik tarixi əraziləri halal dədə-baba malı sayır. Ermənilər 195 il əvvəl Qafqaza köçürülsə də, burda azərbaycanlılara məxsus qədim Alban dəyərlərini mənimsəyib saxtakarlıqla özlərini Qafqazın ilk xristianları və ilk kilsə tikənləri kimi qələmə verirlər. İİR də nədənsə özünü İslamın yeganə səlahiyyətli nümayəndəsi və keşikçisi sayır. Sanki haralardansa onlara “vəhy” gəlib ki, siz yerdə Allahın əvəzinə (əstağfürullah!) hökmlər verə bilərsiniz, Allah bəndələrindən kimin doğru, kimin əyri yol getdiyini müəyyən edə bilərsiniz və hətta Allahın izni olmadan bəyənmədiyiniz adamları cəhənnəmə vasil edə bilərsiniz…

Bu – səhv gümandır, ağalar! İnsanın canını almaq ixtiyarı yalnız Ulu Tanrıya məxsusdur. Yaradan da, yaşadan da yalnız O-dur! Yerdəki bəndələr O-nun qulu ola bilər. Qul isə hökm verib can ala bilməz. Hər can birbaşa O-na bağlıdır və bu canın sirri O-nun verdiyi vicdanın içindədir. Tanrı ilə İnsan arasına başqa kimsə girə bilməz! İnanc Tanrıya sevgidən doğar. Sevgini zor ilə yaratmaq olmaz…

Əminəm qonşu İranda bu həqiqətləri məndən də yaxşı bilən milyonlarca vicdanlı mömin var! İranın hörmətli ziyalıları və başbilənləri onu da bilir ki, hamıya hikkə göstərməklə, işinə qarışmaqla, ayaqları altında cənnəti yaşadan Ana-qadınların hüququnu qısıtmaqla, boğazlara kəndir keçirməklə fərqli düşünənlərin azadlığını məhdudlaşdırıb, qadağalar tətbiq etməklə, nəhayət, erməni kimi işğalçı, terrorçu və təcavüzçülərə dəstək verməklə tərəqqiyə qovuşmaq, bəşərin inkişaf yolundan kənarda vaxtı keçmiş qaydaları tətbiq etməklə uğura çatmaq olmaz və olmur. Axı, çayın uzununa körpü salmazlar!

Arazı ayırdılar,

Lil ilə doyurdular,

Mən səndən ayrılmazdım,

Zülm ilə ayırdılar…

190 ildir Azərbaycanda oxunan bu nəğməyə qısqanmaq, qadağa qoymaq heç totalitar Sovet rejiminin ağlına gəlməyib ki, Zərif müəllim buna cəhd göstərdi. Cənub mövzusu həmişə Azərbaycan xalqının yaddaşında olub. Çünki o tayda-bu tayda bizim xalqın milyonlarla qohum-əqrabası, dostu-tanışı var. Çox təfərrüata varmadan deyim ki, məsələn, yadımdadır, biz uşaq olanda atamın atası Hüseyn babam (ruhu şad olsun!) hər gecə yatmazdan qabaq biz nəvələri başına yığıb nağıl danışardı və o nağıllarda İran mövzusu – Cənubi Azərbaycan da var idi.  Məşhəd, Xorasan, Təbriz… Dağlar, çaylar, meşələr… Sonralar heç yerdə rast gəlmədiyim “Sal-Sal pəhləvanın nağılı” indi də yadımdadır. Babamın nağıllarında bir Azərbaycan var idi, bir xalqın həyatı-məişəti var idi. O demirdi Arazın o üzü, ya bu üzü… Çünki dövlətlərin siyasətindən kənarda insanlar bütöv yaddaşla yaşayır. Babam da Şura hökumətindən qabaq öz atası ilə İsfahana tez-tez gedib gələrmiş, Xorasanla ticarətləri varmış, tacir kimi karvanla mal aparıb-mal gətirərmişlər.  Hətta Hüseyn babamın Göyçədəki evində o tərəflərdən gətirdiyi böyük, gözəl bir rəngli şəkil asılmışdı: “Məlikməmməd Zümrüd quşunun belində oturub qaranlıq dünyadan işıqlı dünyaya uçur”…

Sonralar mən ziyalı heyətin tərkibində İrana gedib ölkəni başdan-başa gəzdikdə – Ərdəbil, Təbriz, Tehran, İsfahan, Məşhəd, Tus, Rəşt torpaqlarından keçdikcə sanki hər şey mənə tanış gəlirdi. Evlər, küçələr, dağlar, bağlar, bağçalar, sərv ağacları, güllər, çiçəklər, meyvələr… O ölkə eynən babamın təsvir etdiyi kimi gözəl idi, səfalı idi… Adamları da eyni “tanıdığım” adamlar idi… Tusda olanda havanın, suyun, ağacın sərinliyi, təbiətin gözəlliyi o qədər valehedici idi ki, düşündüm “Nəsrəddin Tusi nahaq yerə dahi deyil ki! Adam belə yerdə gəl bir dahi də olmasın!” Eyni xoş təəssürat İsfahanda da yarandı və bugünədək İsfahanın füsunkarlığı xatirimdədir… Yəni Cənubla Şimalı bölmək dövlətlərin işi olub. Xalqlardan soruşulmayıb. Ancaq dövlətlərin tabusundan asılı olmayaraq bölünmüş xalqın ayrılıq nisgili hər iki tərəfdə əsrlərdir yaşayır… Hətta Sovetin şıdırğı vaxtında belə bu mövzu Bakının gündəmindən düşməyib. 1981-ci ildə Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev yazıçıların qurultayında tövsiyə edirdi ki, Cənubi Azərbaycan mövzusunu daim diqqətdə saxlamaq mütləqdir. Deyirdi: “Cənubi Azərbaycanla əlaqələri möhkəmlətmək, mədəniyyətin, mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək lazımdır”. Və onun tövsiyəsi ilə EA-da və AYB-də “Cənubi Azərbaycan” bölmələri yaradıldı. Dolayısı ilə bizim ikiyə bölünmüş xalq olduğumuzu dünya bilir, özümüz də həmişə açıq və ucadan demişik, gizlin ha deyil. Bəs M.C.Zərif bunu indimi eşitdi?! Ya nədən ürpəndi?! Bu ki karvan yoludur…

Twit-ində “Bizim sevgili Azərbaycanımız” deyən xarici işlər naziri o “sevgilisinin” hüquqsuz vətəndaşları, onların sosial-siyasi sıxıntıları barədə heç düşünübmü? “Sevgili Azərbaycanın” 35 milyonluq türk əhalisinin məhrumiyyətlərinə, hüquqsuzluğuna, basqılara məruz qalmasına zərif ürəyi necə dözür Zərif müəllimin? “İran heç kəsə öz ərazi bütövlüyünə müdaxilə etməyə icazə verməz”, – deyən BMT təcrübəsi görmüş yaşlı diplomat nədən hələ 190 ilimiz kənara dursun, əlavə 30 ildir ərazi bütövlüyü pozulan Azərbaycan Respublikasının haqq işinə yox, işğalçının yezidliyinə qahmar çıxıb…

Xülaseyi-kəlam, belə məlum olur ki, qıcıq doğuran mətləb nəsə ayrı mətləbdir. Biz bunun nədənini bilmədik. Ermənilərin rüsvayçı məğlubiyyətimi, illərlə onlara verilən dəstəyin, çəkilən xərcin, göstərilən yardımın puç olmasımı, peydər-pey ötürülən yüz tonlarla ağır silah-sursatın işə yaramadığımı, ya nə idi  məyus edən qonşu naziri? Bakı küçələrində Türk bayraqlarının dalğalanmasımı, Türkiyə silahlı qüvvələrinin paradda iştirakımı, Türkiyə Prezidentinin Azadlıq meydanında görünməsimi bir çox əcnəbi ölkələr kimi, yaxın qonşularımızı da pəjmürdə etdi? Hələ Türkiyə “Bayraqdarı” ilə İsrail “Harop”larının atəşfəşanlığını demirəm…

Axı, nəydi səbəb diplomatik etiketi kobudca çığnayıb şairanə çılğınlıq sərgiləməyə? Bilmirik və susub hörmətli İİR nazirinin cavab haqqını tanıyırıq.

***

Nəhayət, son olaraq, 1990-cı illər barədə… O illər ki, Odlar yurdu Azərbaycanımız od içində çırpınırdı. Yaddan çıxmayan Qarabağımızda ölüm-dirim savaşı gedirdi. Yüz minlərlə soydaşımız isti ocağından, yurd-yuvasından didərgin düşmüşdü. Nankor imperiya tırtılları müstəqillik arzulayan xalqın üstündən amansızca keçib gedirdi… O mürəkkəb dövrdə hər vətəndaş öz vicdanına, qeyrətinə, vətən və xalq sevgisinə uyğun fəaliyyət göstərməkdə idi…

Respublikada yenicə addımlarını atan üç-dörd müstəqil, demokratik mətbu orqandan biri olan bizim “Vətən səsi” qəzeti də 1990-cı ilin aprelindən dərcə başlayaraq, ölkədə azadlıq, müstəqillik, demokratiya uğrunda mübarizələrə informasiya dəstəyi verirdi. Qəzetimiz Sovet imperiyasının ədalətsizliklərinə, Kremlin dəstəyi ilə baş tutan erməni işğalına, qaçqın soydaşlarımızın hüquqlarının kobudcasına pozulmasına qarşı cəsarətlə səsini ucaldır, ədalətin zəfər çalması naminə haqqı xalqa bildirməyə çalışırdı…

 

Hər nömrəsi acılı-şirinli tariximizin bir parçasını özündə yaşadan salnamə xarakterli, dəyərli materiallarla zəngin “Vətən səsi” qəzetinin 25 yanvar 1992-ci il tarixli 3-cü sayı qarşımızdadır. Manşeti belədir: “İran erməniyə silah satır!”

1991-ci ilin sonunda Türkiyədə səfərdə olarkən milliyətçi, türkçü, vətənpərvər dostların təqdim etdiyi sensasion bir informasiyadan təbii, çox narahat oldum. İnanılmaz məlumat idi. İstanbulda “Ortadoğu” qəzetində işıq üzü görmüş “İran erməniyə silah satır” başlıqlı məqaləni Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmağı jurnalist kimi peşə borcum bilib Bakıya gətirdim. Yazını redaksiyada “latından kirilə köçürdərək” (o dövrün bəlli müzakirələri fonunda mövqeyimi bildirmək üçün “məqaləni tərcümə etdi” sözləri əvəzinə belə yazdım), çapa verdim.

İndiki informasiyalı cəmiyyət şəraitində həmin yazı hörmətli oxucuya bəlkə də adi görünər, ancaq o vaxtlar belə həqiqətləri kütləviləşdirmək əsil sensasiya idi və buna görə bizi qınayan da, diş qıcayan da olurdu. Təbii, biz özümüzü düşünmürdük. Bizim mübarizəmiz şəxsi mənafe üçün deyildi, əqidə naminə, vətəndaşlara həqiqəti demək naminə idi. Bu yazını verməkdə məqsəd də qonşunun işinə qarışmaq yox, əksinə, öz ölkəmizdəki narahatçılığı önləmək niyyətini əsas götürürdük. Çünki biz Vətənimiz uğrunda mücadilə aparırdıq!  Vətənimizin təəssübünü çəkərək addım atırdıq. Türk adaşım Mehmet Akif Ərsoyun vaxtilə apardığı Vətən mücadiləsi kimi: “Vermə, dünyaları alsan da, bu cənnət Vatanı”….

Sözügedən məqaləni bilgisi az olanların dosyesinə əlavə məlumat kimi təqdim edirəm:

İRAN ERMƏNİYƏ SİLAH SATIR

Türkiyənin “Ortadoğu” qəzetinin səhifələrində

ANKARA. Türkiyə təhlükəsizlik orqanlarında İranın ermənilərə silah göndərdiyi ortaya çıxarıldı.

Alınan xəbərə görə, Dağlıq Qarabağda Azərbaycan türklərinə hücumlar edən erməni terrorçuların istifadə etdiyi silahların bir qisminin İrandan göndərildiyi təsbit edildi.

Adının açıqlanmasını istəməyən yüksək vəzifəli bir təhlükəsizlik əməkdaşı bu vəziyyəti İran tərəfinin nəzərinə çatdırdıqlarını, ancaq Tehranın bunu qəbul etmədiyini söylədi.

Dağlıq Qarabağda erməni terroristlərin üstündə tutulan Avropa və Amerika mənşəli silahların haradan gəldiyini uzun müddətdir araşdırdıqlarını deyən həmin vəzifəli şəxs nəhayət, bunların İrandan göndərildiyini ortaya çıxardıqlarını söylədi.

Tehran təkzib edir

İranda keçirilən rəsmi görüşlərdə Türkiyə təhlükəsizlik əməkdaşlarının deyilənlərdən söhbət açmasına rəğmən, İranın bu həqiqəti təkzib etdiyi barədə həmin vəzifəli şəxs bunları söylədi:

“İranla aparılan görüşmələrdə bunu dəlillərlə birlikdə ortaya çıxardırıq, amma İranın məsul şəxsləri hər şeyi ölkələrində yaşayan ermənilərin üzərinə atırlar. İranlılar – “Biz qətiyyən ermənilərə silah göndərmirik. Ancaq İranda yaşayan 1,5 milyon erməni var. Bəlkə bunlar göndərmiş ola bilər”, – deyərək olanları ört-basdır etmək üçün – “İrandakı ermənilərə nəzarət edə bilmirik”, – deyirlər.

Xristian erməniyə İran dəstəyi

Müsəlman İran idarəçiliyinin xristian erməniləri silahlandıraraq müsəlman Azərbaycan türklərinin üzərinə göndərməsinə işarət edən həmin vəzifəli şəxs bunları da söylədi:

“İranın erməniləri dəstəkləməsi Azərbaycan Xalq Cəbhəsi tərəfindən yürüdülən müstəqillik ideyasının həyata keçməsinə yönəlmişdir. Bilindiyi kimi “Dağlıq Qarabağ” məsələsi müstəqillik məsələsini əsl hədəfindən sapdırmış, Azərbaycan türkləri Moskva ilə mübarizə apararkən, qarşılarında bir də Qarabağ məsələsi durdu. Beləcə Xalq Cəbhəsinin yürütdüyü mücadilədə diqqətlər müstəqillik və Moskva yerinə Qarabağa yönəlibdir.

Azərbaycan bilindiyi kimi ikiyə bölünmüşdür. Bir qismi, quzeyi Rusiyada, güneyi isə İranın hakimiyyəti altındadır. Sovet Azərbaycanı müstəqillik qazandıqdan sonra İran hakimiyyəti altında bulunan Güney Azərbaycanla birləşməyi arzulamaqdadır. Bu da İranın röyasını qatan qorxudur. İran beləcə erməniləri silahla təchiz edərək Azərbaycanın bağımsızlığını qabaqlamağa çalışır.”

Bu arada İranda dövlətə hakim olan farslarla eyni soydan gələn taciklərin də Azərbaycan – “Ermənistan” ixtilafında erməniləri müdafiə etdiyi öyrənildi. İran Sovetlər birliyindəki respublikalardan Tacikistanla münasibətlərini son illərdə artırmışdır.

Bu yandan “Ermənistan”ın Baş nazir müşaviri Hrant Baqratyan İranla ilişkilərini inkişaf etdirmək istədiklərini söylədi.

SİTA-nın xəbərinə görə Baqratyan İrəvanda təşkil etdiyi mətbuat konfransında sərhəd qonşuları olan İranla siyasi, ticarət və iqtisadi əlaqələrini genişləndirmək arzusunda olduqlarını bildirdi.

Hrant Baqratyan Ermənistanın durumunun yaxşı olmadığını qeyd edərək, respublikanın 410 milyon dollar xarici borcu ilə 12.3 milyard manat iç borcu olduğunu söylədi.

“Ortadoğu” qəzeti (Türkiyə)

9 oktyabr 1991-ci il.

Latından kirilə köçürtdü:

Akif Məhərrəmli

***

YEKUN SÖZÜ. Kosmik müşahidə, elektron cihazlar və internet əsrində heç kimdən gizli qalmayan bütün bu və bundan da artıq ilginc həqiqətlər bəlli olduğu halda, bu gün hansısa dövlətin, ya dövlət adamının özünü “məsum” görkəmdə təqdim edib, xəlvətdə pis niyyətlərlə yaşamasının mənası varmı əcəba? Yaxşı olmazmı, bütün perspektivsiz ambisiyaları və məkrli niyyətləri kənara qoyub, Azərbaycan Prezidentinin təklif etdiyi çoxtərəfli platforma çərçivəsində region dövlətləri bir-biri ilə dürüst, şəffaf əlaqələr qursun, iqtisadi-mədəni əməkdaşlığı inkişaf etdirsin? Onsuz da baş tutması mümkün olmayan uzaq keçmişin xülyalarından, köhnəlmiş nağıl və rəvayətlər əsarətindən qurtulub, XXI əsrin reallıqlarına uyğun yaşam tərzini seçmək həm ölkələrin, həm də o ölkələrdə yaşayan xalqların mənafeyinə uyğun olardı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*