Milli Müdafiə Universiteti post-müharibə dövrünün tələbidir – ÖZƏLbackend

Milli Müdafiə Universiteti post-müharibə dövrünün tələbidir – ÖZƏL

Güclü ordu dövlətin təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rol oynayır. Vətən müharibəsində qazandığımız qələbə bunu bir daha sübut etdi. Post-müharibə dövründə Azərbaycanın hərbi gücü daha da inkişaf etdirilir. Orduda aparılan yenilikçi islahatlarla yanaşı digər addımlar da atılır.

Belə ki, bu yaxınlarda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb. Əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında fəaliyyət göstərirlər.

Maraqlıdır, Milli Müdafiə Universiteti Azərbaycana nə qazandıracaq?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, belə bir universitetin yaradılması post-müharibə dövrünün reallığıdır:

“Bu çox vacib bir qurumdur. Türkiyə təcrübəsində belə bir nümunə var. Hesab edirəm ki, belə universitetin yaradılması ilə Azəbaycan ordu quruculuğunda və müdafiə məsələlərində yeni müstəviyə qədəm qoyur. Çünki post-müharibə dövrünün reallıqları bunu diqtə edir. Vətən müharibəsində qələbə qazanmağımıza baxmayaraq ölkəmizin milli müdafiə sisteminin gücləndirilməsi, ordu quruculuğunu daha müasir səviyyədə təşkil etməklə yanaşı elmi yanaşma ortaya qoymalıyıq. Müharibə göstərdi ki, yeni texnologiyalar və innovasiya olmadan qələbə qazanmaq mümkün deyil”.

Ekspert fikrinə belə davam edib:

“Hesab edirəm ki, bu qərar Azərbaycanda ordu quruculuğu sahəsində yeni mərhələnin başlanğıcı olacaq. Digər tərəfdən Milli Müdafiə Universitetinin tərkibinə əvvəllər mövcud olan bir neçə hərbiyönümlü ali və orta ixtisas müəssisələri daxil edilib. Ordumuzun inkişaf etdirilməsi və eləcə də elmi tədqiqat işlərin aparılması baxımından bu çox vacib qərardır. Türkiyənin hərbi sənayesinin son illər ərzində NATO standartları əsasında nə qədər inkişaf etdiyinin şahidi oluruq. Türkiyə artıq öz silahlarını sata bilir. Bizim əsas hədəflərimiz də məhz budur”.

Hərbi ekspert Üzeyir Cəfərov söyləyib ki, dünya təcrübəsində belə nümunələr çoxdur:

“İndiyə qədər yaradılan bütün hərbi təhsil müəssisələri bir mərkəzdə toplanması deməkdir. Bu çox mükəmməl bir sistemdir. Çünki hərbi təhsil sistemi vahid mərkəzdən idarə olunacaq. Qardaş Türkiyədə olduğu kimi Azərbaycanın da hərbi sənayesi və kadr potensialı daha da güclənəcək. Dünyada belə nümunələr çoxdur. Azərbaycanda da belə bir universitetin yaradılması mütərəqqi qərardır”.

Şəbnəm Mehdizadə

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*