Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin qarşılıqlı suverenliyə və ərazi bütövlüyünə hörmət prinsipi əsasında normallaşdırılmasını vacib hesab edir.
KONKRET.az xəbər verir ki, bu fikri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “İrəvan dialoqu 2025” beynəlxalq forumunda çıxışı zamanı səsləndirib.
Nazirin sözlərinə görə, Ermənistan regionda tərəfdaşlığın gücləndirilməsi məsələsində mövqeyini sabit saxlayır.
“Ermənistan keçmiş narazılıqlar deyil, nikbinlik və ümid əsasında formalaşacaq və real imkanlara söykənəcək bir gələcək qurmaq üçün həlledici seçim edir”,- deyə Mirzoyan vurğulayıb.
O əlavə edib ki, sülhə nail olmaq asan deyil və bu, yalnız cəsarətli diplomatiya, qarşılıqlı anlaşma və etimadın qurulması ilə mümkün olan uzunmüddətli bir prosesdir.
Müşviq Tofiqoğlu
KONKRET.az