“Bermud üçbucağı” haqqında müxtəlif əfsanələr danışılır. Təyyarə və gəmilərin yoxa çıxdığı bu ərazinin sirləri hələ də açılmayıb. Bəzi fərziyyələr olsa da, baş verənlərin nədən qaynaqlandığı hələ tam dəqiqləşməyib.
Dünyadakı sirli ərazilərdən biri də “Alyaska üçbucağı”dır. Bu sirli məkan elmdən tutmuş mistikaya qədər bir çox nəzəriyyələrin mövzusuna çevrilib. Burada da insanların yoxa çıxması alimləri narahat edir. Dünyanın ən gözəl məkanlarından hesab olunan Alyaska geniş əraziləri, gözəlliyi ilə insanları heyran edir. Bura təbiətin əzəmətinin gizlənən təhlükələrlə yanaşı mövcud olduğu bir diyardır. Alyaska sirlərlə doludur, lakin ən maraqlılarından biri şimaldakı Barrou şəhərindən Ankoric və cənub-şərqi Juneauya qədər uzanan “Alyaska üçbucağı”dır. İllər ərzində ərazidə insanlar itkin düşüb. 1988-ci ildən bəri “Alyaska üçbucağı”nda təxminən 20 min insan itib. Maraqlıdır ki, çoxsaylı axtarışlardan sonra itkin düşən 20 min insandan bir dənə də olsun iz tapılmayıb. “Alyaska üçbucağı”nda həm təcrübəli səyahətçilər, həm də turistlər yoxa çıxıblar. Üçbucaq ayrı-seçkilik etmədən gələn qonaqlara “qucaq” açır. 1950-ci ildə göyərtəsində 44 sərnişin olan C-54 hərbi təyyarəsi də burada it-bat olub.
Ərazidə bu qədər insanın itkin düşməsinin bir çox izahı var. Bəzi tədqiqatçılar hesab edir ki, insanların itməsinə səbəb sərt təbii şəraitdir. Bütün bunlar hətta ən təcrübəli macəraçıları da diqqətdən yayındıra bilər. Ərazi çox təhlükəlidir və hava gözlənilmədən hər an dəyişir. Daşqın çaylar və buzlu sular ən kiçik bir səhvdə insan ölümünə gətirib çıxara bilər. Qar altında gizlənən çatlar da ciddi təhlükə mənbəyidir. Bununla belə, mistik nəzəriyyələrin tərəfdarları da az deyil. Bəziləri naviqasiya cihazlarının işini poza və məkan anomaliyaları yarada bilən enerjilərin mövcudluğuna inanırlar. Mifik varlıqlar və ruhlar haqqında əfsanələr “Alyaska üçbucağı”nın sirlərini qoruyub-saxlayır. Bu hekayələr nəsildən-nəslə ötürülür və ətrafdakı dağlar və meşələr kimi sirr olaraq qalır.
Axtarışlar çox vaxt nəticəsiz qalır
“Alyaska üçbucağı”nın geniş və bərbad əraziləri axtarış əməliyyatları üçün ciddi problemlər yaradır. Bununla belə, fədakar xilasedicilər itkin düşənləri tapmaq üçün həyatlarını riskə atmağa hazırdırlar. Bu naməlum qəhrəmanlar çətin şərtləri dəf edərək, əsrarəngiz ərazinin sirlərini açmaq üçün son texnologiyadan, həm də ənənəvi üsullardan istifadə edirlər. “Alyaska üçbucağı” həll edilməmiş sirrlərdən biri olmaqda davam edir. Bu izaholunmaz itmələrin – mifik varlıqlar, geoloji anomaliyalar və ya sadəcə təsadüflərin arxasında nə dayandığı hələ də aşkarlanmayıb. Risklərə baxmayaraq, turistlər Alyaskaya sanki maqnit çəkmiş kimi axışmağa davam edir.
Vəli Həsənoğlu,
KONKRET.az