Mobil nömrənin aktivliyi balansa müəyyən məbləğin yüklənməsindən və ya tarifin abunə haqqının ödənilib-ödənilməməsindən asılıdır. Əks halda nömrə aktivliyi ləğv edilir və müəyyən zaman keçdikdən sonra bərpa edilmədiyi təqdirdə satışa çıxarılır. Mobil nömrə həm də virtual platformalarda qeydiyyatdan keçmək üçün də əhəmiyyət kəsb edir. Əgər şəxs bank xidmətlərindən, mobil bankçılıqda şəxsi nömrə ilə qeydiyyatdan keçibsə, nömrənin deaktiv olub satışa çıxarıldığı təqdirdə nömrənin keçmiş sahibinin şəxsi məlumatları və bankla bağlı həyata keçirdiyi əməliyyatların təhlükəsizliyi risk daşıyır.
KONKRET.az xəbər verir ki, pravda.az-a açıqlama verən İT mütəxəssisi Vahid Qasımovun sözlərinə görə, oğurluq ehtimalı aşağı olsa da, nəzəri olaraq mümkündür: “Kredit kartı və digər kartları bankdan aldığımız zaman təhlükəsizlik şifrələrinin göndərilməsi üçün telefon nömrəsi istənilir. Kart başqa şəxsin əlinə keçərsə, təhlükə ehtimalı az da olsa, var. Telefon nömrəsinə görə nömrənin köhnə sahibinin adını tapmaq mümkündür. Şəxsin adına görə kart nömrəsini təsbit etmək mümkündür. Həmin nömrəyə 3DS şifrəsini göndərməklə kartdan pul oğurluğu da etmək mümkündür. Telefona görə pul ödənilməməsi, nömrənin satışa çıxarılması, başqası tərəfindən alınması yarım ilə yaxın keçən prosesdir. Bu müddətdə şəxs bankla əlaqə saxlayıb başqa nömrə qeyd edə bilər”.
Mövzuyla bağlı mobil operatorlardan Pravda.az-a bildirilib ki, abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinə əsasən müvafiq müddətədək nömrəyə balans məbləğ yükləmədiyində abunəçinin bu Müqavilədən birtərəfli qaydada imtina etdiyi kimi qəbul edilir: “Bu halda nömrə abunəçinin istifadəsindən çıxarılır (ləğv edir) və Müqaviləyə xitam verir. Müqaviləyə xitam verildikdə isə nömrədə aktiv olan xidmətlər ləğv olunur. Mobil telefon nömrəsinin ləğv edilməsi bank kartlarının təhlükəsizliyinə təsir etmir. Belə ki, müvafiq bank kartı məlumatları mobil rabitə operatoruna aid məlumatlar deyil və tərəfimizdən saxlanılmır. Eyni zamanda, istifadəçilər mobil telefon nömrəsini və mobil telefon cihazını dəyişdikdə, müvafiq tətbiqdə təkrar qeydiyyat və banklar tərəfindən müəyyən edilmiş digər təhlükəsizlik tələblərinə riayət edilməsi tələb olunur”.
Məsələ ilə bağlı banklardan Pravda.az-a bildirilib ki, şəxs mobil nömrəsini nəzarətdə saxlamalıdır, əks halda müəyyən hallarda bank hesablarının təhlükəsizliyi risk altına düşə bilər: “Bir çox hallarda bank və xidmət bildiriş, birdəfəlik kodlar mobil nömrəyə bağlı olur. Yeni istifadəçi həmin nömrəni alarsa SMS-lər və ya təsdiq kodları ona gələ bilər. Əgər vətəndaşın şəxsi mobil nömrəsi bağlanılıb və ya başqasına satılıbsa təhlükədən qorunmaq üçün bank kartındakı 3D təhlükəsizlik kodu dəyişilməlidir. Şəxs dəyişə bilmədiyi halda bank işçilərinə müraciət edə bilər. Bununla yanaşı mütləq şəkildə bank kartında qeyd olunan müvafiq bölmədə köhnə nömrə silinərək yeni nömrə qeyd edilməlidir”.
