Moskva “mən də varam” desə də, artıq gecdir – Sülh müqaviləsi imzalanacaq – AÇIQLAMAbackend

Moskva "mən də varam" desə də, artıq gecdir - Sülh müqaviləsi imzalanacaq - AÇIQLAMA

Azərbaycanın Qarabağda yaşayan ermənilərin ərzaq və humanitar yardım tədarükü üçün Ağdam yolundan istifadə etməsi ilə bağlı təklifi Brüssel görüşündə Şarl Mişel tərəfindən də dəstəklənib. Amma ermənilər bunu qəbul etmək istəmir və bununla da danışıqlara mane olmağa çalışırlar. Mütəxəssislər ermənilərin bu yoldan imtina etməsini müxtəlif cür izah edirlər.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Qabil Hüseynli maraqlı məqamlara toxundu:


“Ermənilər hesab edir ki, həmin yoldan istifadə Qarabağın ermənilər yaşayan hissəsində Azərbaycanın suverenliyinin tətbiqi deməkdir. Onlar yüklərin Azərbaycanın daxili yolları ilə daşınmasını Xankəndinin Bakı qarşısında təslim olması və reinteqrasiya proseslərinə qoşulması kimi yozurlar. Qarabağ erməniləri elə hesab edirlər ki, guya onlar öz müqəddəratını təyin edəcəklər, müstəqilliklərini qoruyub-saxlayacaqlar. Humanitar yardımın Azərbaycan ərazisindən gəlməsinin qarşısını almaqla həm də reinteqrasiya prosesinə mane olmağa çalışırlar”.

Son vaxtlar ATƏT-in Minsk qrupunun yenidən bərpası ilə bağlı bəyanatlara toxunan politoloq bildirdi ki, Minsk qrupu çoxdan öz missiyasını başa vurub:

“Özü də fəaliyyətləri çox uğursuz olub. İndi sülh danışıqları gedir, bu proses kifayət qədər sürətli templə irəliləyir. Bu ilin sonlarına doğru Ermənistanla sülh müqaviləsi bağlanacaq. Onlar Minsk qrupu deyəndə Qarabağın dağlıq hissəsindəki ermənilərin Azərbaycanla münasibətlərini tənzimləyən beynəlxalq mexanizmi nəzərdə tutur. Elə bir mexanizm haqqında danışırlar ki, Azərbaycan bunu qəti rədd edir. Onlar istəyirlər ki, Azərbaycan ərazilərində yaşayan ermənilərin hüquq və azadlıqları, təhlükəsizlik məsələlərini hansısa beynəlxalq qurum həyata keçirsin. Bu isə Azərbaycan üçün qəbuledilməzdir”.
Brüssel görüşündən sonra rəsmi Moskva Azərbaycan və Ermənistan XİN-i Rusiya paytaxtına dəvət etdi.

“Artıq görüş başa çatıb. Moskvada müzakirə olunan mövzular Brüssel formatında da müzakirə olunub. Bu, bir növ paralellik vəziyyəti yaradıb. XİN başçıları ABŞ-da iki dəfə görüşüblər. Orada müzakirə edilən məsələlər yenidən Moskvada təftiş edilir. Bu paralellik Rusiyanın hikkəsindən doğur. Dərhal sübut olunur ki, Brüsseldən sonra Rusiyanın arzularına uyğun danışıqların keçirilməsi Qərbdə hikkə yaradır. Rusiya həm də regionda imperalist mövqedən çıxış edir. Nəticədən asılı olmayaraq, Brüssel formatı ilə Moskva formatını müqayisə etmək olmaz. Çünki Brüssel formatı çox irəlidədir, sülh müqaviləsinin əksər prinsipləri Brüsseldə razılaşdırılıb. İndi Moskva “Mən də varam” deyə bu prosesləri təkrarlayır”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*