“Moskvada yaraşıqlı bir gənc anası yaşda qadına seksual təklif edə bilərmi?” – AST Telman o gənci şərdən necə qurtardıbackend

"Moskvada yaraşıqlı bir gənc anası yaşda qadına seksual təklif edə bilərmi?" - AST Telman o gənci şərdən necə qurtardı

Mən onda Moskvada Qorki (indiki Tver) rayon milisində müstəntiq idim. “Belorus” dəmir yolu vağzalı və eyni adlı metro stansiyası bizim rayonun inzibati ərazisində yerləşirdi. “Belorus” metro stansiyasının arxasında kiçik bir gül bazarı vardı, burda bizim uşaqlar gül satırdı. Eşitdiyimə görə, bazarın müdiri (onda belə deyilirdi) Telman İsmayılov əslən azərbaycanlı idi, amma onu şəxsən tanımırdım. Günlərin bir günü bu İsmayılovun vəkili mənə müraciət etdi, onun adından bir yerli kimi kömək istədi. Dedim, məsələni araşdırım, bir “zondlama” aparım, baxarıq.

Deməli, Moskva teatrlarından birinin aktrisası “Belorus” metro stansiyasının arxasındakı gül bazarında öz premyerası üçün bahalı qızılgül buketi sifariş vermişdi. Amma aktrisanın adı yox, yaşı çox olduğundan buketin pulunu verən tapılmamışdı və satıcı ilə alıcı arasında konflikt yaranmışdı. Aktrisa bahalı buketi, faktiki olaraq, havayı almaq istəmiş və qarşı tərəfin haqlı müqaviməti ilə üzləşmişdi. Qarşı tərəfdən canfəşanlıq edənlərin biri də bazarın müdiri İsmayılovun bacısı, ya da qardaşı oğlu idi. Aktrisa da məhz ondan Milis idarəsinə şikayət etmiş, bazarda pozğun satıcılarla qarşılaşdığını, seksual təkliflər aldığını ərizəsində göstərmişdi. Xülasə, məsələ “bir buket qızılgül”ün miqyasından çıxmış, xeyli təhlükəli hal almışdı.

Mən bir xeyli fikirləşdim, əvvəl həmin şikayətçi aktrisanı dəvət etdim. Xanımın xarici görünüşü, uğurlu rolları, anşlaqları barədə (Moskvada hamı teatra gedir) bir-iki yüngül komplimentdən sonra mətləbə keçdim. Dedim, xanım, siz cavan görünsəz də, 50-ni keçmisiz, amma sizə seksual təklif edən satıcının heç 30 yaşı yoxdur, bildiyimə görə, sizin qızınızla yaşıddır. Onun dayısı Moskvada tanınan, imkanlı adamdır, artıq yaxşı bir vəkil də tutub. Siz mənə deyin görək, Moskva kimi bir yerdə cavan, yaraşıqlı bir gəncin anası yaşda qadına seksual təkliflər etdiyinə məhkəməni inandırmaq olarmı? Həm də siz bütün Moskvada tanınmış, məşhur aktrisasız, bu lazımsız səs-küy, adınızın mətbuatda hallanması sizə lazımdırmı?!

Mənim təəccübümə rəğmən, aktrisa mənə diqqətlə qulaq asdı, sözlərimlə razılaşdı, amma sonda qayıtdı ki, bunu belə qoymaq olmaz, axı, onlar məni təhqir ediblər. Dedim qələt ediblər, artıq səhvlərini başa düşüblər. Siz zəhmət olmasa, rəisin adına bir ərizə yazın ki, onları bağışlayırsız, artıq şikayətçi deyilsiz. Onlar da həmin buketi, yox, cərimə kimi ikisini sizin evinizə gətirərlər və Moskvanın ən böyük aktrisalarının birindən üzr istəyərlər. Aktrisa iki qızılgül buketi haqqında söhbəti eşidəndə gülümsədi, amma dedi, evimə yox, bazar günü tamaşadan sonra teatra, mənim adıma gətirsinlər. Razılaşdıq, xanım barışıq ərizəsi verdi və getdi.

Bir neçə gündən sonra İsmayılov şəxsən zəng etdi, məni ofisinə dəvət etdi. Yerliyik deyə getdim, həm də şəxsən tanış olmaq istəyirdim. Ofisi Belarus vağzalının yaxınlığında, “Malaya Qruzinckaya” küçəsində 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, 3 otaqlı mənzildə yerləşidi. O vaxt indiki cah-cəlal yox idi, amma mühafizəsi, katibəsi vardı. Məni gülərüzlə qarşıladı, xeyli söhbət etdik (Azərbaycanca salamlaşsaq da, rusca danışırdıq). “Napoleon” konyakı ilə şokolad nuş etdik, üstündən də ətirli “Pele” kofesi içdik. Ayrılanda dedi sənə qardaş, bir yurddaş (“zemlyak”) kimi bir hədiyyəm var, qoy Telmandan yadigar olsun.

Etiraz etmədim, mənə üstü şəkilli kağız paketin içində bir qutu verdi. Evdə açdım, Telman İsmayılovun “ekstrasensliy”inə heyrət etdim. O vaxt eşitmişdim ki, Mixail Qorbaçov ağ qızıldan “Omega” saat taxır. Mən də istəyirdim… Amma qara bazarda 2-3 min dollar (indiki kursla hardasa 7-8 min – Q.A) idi…

Qalib ARİF

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*