Ermənistanın baş naziri Nikol Paşinyan düşmənçilik ritorikasının aradan götürülməsi üçün Cənubi Qafqazdakı situasiyanın Ermənistan, Gürcüstan və Azərbaycan arasında müzakirə ideyasını dəstəkləyib.
KONKRET.az xəbər verir ki, bu fikri İrəvandakı forum çərçivəsində səsləndirən Nikol regionda sülhə nail olmaq üçün sadə elementlərdən başlamağın əhəmiyyətini vurğulayıb:
“Ən azından bir-birimizi təhqir etməyə son qoymalıyıq”.
Yəqin ki, Paşinyan özünün bölgə və dünyada populyarlaşan “dabanyalayan”, “təlxək” ləqəblərinə görə kompleksə düşüb. Zarafat bir yana, Tbilisinin vasitəçiliyi II Qarabağ savaşı bitəndən, əsasən 2021-ci ildən sonra aktuallaşıb. Gürcüstan paytaxtında hətta Ermənistan ilə Azərbaycanda tanınan ziyalı və politoloqların görüşləri də keçirilib. Buna görə də Moskva ilə Tbilisi arasında rəqabət formalaşıb:
– Gürcüstan siyasi cəhətdən öz vasitəçiliyindən əlavə, iqtisadi zəmində 2+2 (Türkiyə, Gürcüstan, Ermənistan, Azərbaycan) platformasını dəstəkləyir;
– Rusiya siyasi cəhətdən öz vasitəçiliyinə heç Vaşinqton və Brüssel formatlarını yaxın buraxmaq fikrində deyil, o ki qaldı Tbilisinin təşəbbüsü ilə razılaşa. İqtisadi cəhətdən Kreml 3+3 (Türkiyə, Gürcüstan, Ermənistan, Rusiya, Azərbaycan, İran) formatını dəstəkləyir;
Gürcüstanla Azərbaycan arasında Keşikçidağ mübahisələri olsa da, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi regional və qlobal iqtisadi bağlar mövcuddur. Azərbaycanın bəzi rayonlarının qəsəbə və kəndlərində gürcü mənşəli millətlər yaşayır. Gürcüstan vətəndaşı olan azərbaycanlıların sayı isə daha çoxdur. Hər iki ölkə sivildir və işğalçı deyil. Daha doğrusu, işğala məruz qalmaq təcrübələri var. Bu baxımdan Bakı Tbilisinin vasitəçiliyinə güvənə bilər. Monoetnik Ermənistana gəlincə, gürcülər orada məskunlaşmasa da, Gürcüstanda az erməni yaşamır. Pravoslav-katolik müxtəlifliyi olsa da, hər iki xalq xristiandır. Ən mühüm məsələ isə hər 3 dövlətdə yaşayanların qafqazlı olmasıdır. Məntiqlə baxsaq, Cənubi Qafqazı niyə qafqazlı olmayanlar müzakirə etməlidir? Tbilisinin 3+3 formatından imtina səbəbi orada işğalçı Rusiya və İranın mövcudluğudur. Fars-rus məngənəsindən çıxmağın vaxtı deyilmi? Düzü, Qərbin əsas məqsədi bölgəni öz təsiri altına salmaq olsa da, bu hədəfin nikbin yanı Rusiyanın Cənubi Qafqazdan uzaqlaşdırılması, İranın da bura zillənən gözlərinin çıxarılmasıdır. Sadəcə, Vaşinqton-Brüssel-Ankara-Tbilisi vasitəçiliyindəki çək-çevirlərin Moskva boyda bir əmması var. Bu əngəl iki il öncə rəsmiləşdirilib:
– 2020-ci il 10 noyabr üçtərəfli bəyanatı ilə Putin Rusiyanın siyasi-iqtisadi gələcəyinə investisiya yatırmış oldu. Belə ki, bu baza ilə sülhə nail olunsa, rus sülhməramlılar reinteqrasiya adı ilə Qarabağın dağlıq hissəsində qalacaq. Zəngəzur dəhlizi açılsa, nəzarət qazancları Kremlə aid olacaq. Kreml İrəvan və Bakıya təzyiq vasitəsi olan Qarabağ kartını hələ də əlində saxlayıb və 3 tuz sıxanlar da Rusiyanın üstünə getmir;
Lakin hər şey Qarabağ masasında həll olunmur. Çünki Ukraynadakı siyasi oyun zalında Rusiyanın pas getməsinə nail olsalar, buradakı oyunçular da dəyişəcək. Azərbaycan Rusiyadan canını qurtarmaq istəyir. Bunun üçün siyasi asılılğı aradan qaldırmaqla sırf iqtisadi bağlar saxlamaq lazımdır. Siyasi asılılıq Kremlin Qarabağ özbaşınalıqlarıdır. İqtisadi bağları isə özünüz də bilirsiniz. Çox həssas məsələ olduğu üçün 1993-dən sonra Bakı buna aram addımlarla gedir. Sübut kimi 2 faktın qeyd olunması kifayətdir:
1. Rus-çeçen savaşında (1994-96) Azərbaycan yaralı çeçenləri qəbul edən ölkə olub;
2. Rusiya-Ukrayna savaşında Bakı Kiyevə humanitar yardım göndərir;
Bu 2 faktın içində məxfi saxlanıldığı üçün açıqlanması qadağan olan, yaxud rəsmi təsdiqlənməyən daha böyük dəstəklər var.
KONKRET.az-ın Analitik Qrupu