“MTN işi”ndə yeni qalmaqal: Zərərçəkənlərin 560 min manatı “Yelo Bank”ın hesabına qanunsuz köçürülübbackend

“MTN işi”ndə yeni qalmaqal: Zərərçəkənlərin 560 min manatı “Yelo Bank”ın hesabına qanunsuz köçürülüb

“MTN işi” üzrə zərərçəkmiş şəxslərə ödənməli olan 560 min 302 manat qanunsuz şəkildə “Yelo Bank”ın balansdan kənar hesabına köçürülüb və mənimsənilib. İş üzrə zərərçəkmiş şəxslər bu qanunsuzluğun araşdırılması tələbi ilə Dövlət Təhlükəsizliyi Xidmətinə və Mərkəzi Banka rəsmi şikayət ünvanlayıblar.

KONKRET.az musavat-a istinadən xəbər verir ki, zərərçəkmişlərin təqdim etdikləri sənədlərə əsasən, Nərimanov Rayon İcra Şöbəsi bu əməliyyatı məhkəmə qərarı olmadan həyata keçirib.

Zərərçəkmişlər bildirirlər ki, bu qanunsuz əməliyyatın icrasında İcra Baş İdarəsinin rəisi Vidadi Məmmədov, Nərimanov Rayon İcra Şöbəsinin icra şöbəsinin rəisi Rəşad Abbasov və icra məmuru Rafael Səfərov, eləcə də həmin idarənin keçmiş əməkdaşı Tural Süleymanov və onun qayınatası Cavidan Hacıyev iştirak edib.

Maraqlısı odur ki, “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov bu köçürməyə şəxsən “zəmanət məktubu” verib. Həmin məktubda qeyd olunub ki, əgər məhkəmə qərarı bu əməliyyatı əsassız saysa, vəsait geri qaytarılacaq.

Bakı Apellyasiya Məhkəməsi 7(103)-626/2025 saylı qərarı ilə köçürməni qanunsuz elan edib və qərar artıq qanuni qüvvəyə minib. Buna baxmayaraq, “Yelo Bank” pulu qaytarmaqdan imtina edir.

Zərərçəkənlərin əldə etdiyi rəsmi sənədlər arasında Nərimanov Rayon İcra Şöbəsinin 27 avqust 2025-ci il tarixli məktubu da var. Həmin sənəddə açıq şəkildə yazılıb:

“560 min 302 manatın “Yelo Bank”ın hesabına köçürülməsi barədə məhkəmə qərarı yoxdur”.

Bununla belə, icra orqanı bankın zəmanət məktubuna istinad edərək köçürməni həyata keçirib.

Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra icra orqanı “Yelo Bank”a rəsmi müraciət edərək vəsaitin geri qaytarılmasını tələb edib. Bank rəhbərliyi isə cavabında belə deyib:

“Məhkəmə qərarı qüvvəyə minərsə, bank vəsaiti geri qaytarmağa hazır olacaq”.

İndi qərar qüvvədədir, lakin “Yelo Bank” vəsaiti qaytarmaqdan boyun qaçırır. Zərərçəkmişlər hesab edirlər ki, bu, artıq mənimsəmə və məhkəmə qərarının icrasından yayınma əlamətləridir. Onların sözlərinə görə, şikayətdə adları çəkilən şəxslərdən Cavidan Hacıyev vaxtilə Azərbaycan Beynəlxalq Bankından 70 milyon manat kredit alıb geri qaytarmadığına görə 10 il həbsdə olub. Azadlığa çıxdıqdan sonra da zərərçəkənlərin iddiasına görə, dələduzluq əməllərini davam etdirib və kürəkəni, İcra Baş İdarəsinin əməkdaşı olmuş Tural Süleymanov vasitəsilə icra sistemindəki tanışları ilə birlikdə bu əməliyyatı həyata keçirib.

Zərərçəkmişlərin iddiasına görə, 560 min 302 manatlıq vəsait “Yelo Bank”ın balansdan kənar hesabına köçürülüb, “kredit ödənişi” kimi rəsmiləşdirilib, lakin faktiki olaraq heç bir kredit ödənilməyib.

Bundan əlavə, 200 min manatdan artıq vəsaitin də digər 7 şəxsin hesabına qanunsuz köçürüldüyü bildirilir.

Zərərçəkmişlər Dövlət Təhlükəsizliyi Xidmətindən və Mərkəzi Bankdan araşdırma aparılmasını, həmçinin bu əməliyyatda adı keçən şəxslərin “Yelo Bank” ASC-nin rəhbərliyinin, İcra Baş İdarəsinin rəisi Vidadi Məmmədovun, Nərimanov Rayon İcra Şöbəsinin rəisi Rəşad Abbasovun, icra məmuru Rafael Səfərovun, sabiq şöbə əməkdaşı Tural Süleymanovun, və onun qayınatası Cavidan Hacıyevin əməllərinə hüquqi qiymət verilməsini tələb edirlər.

Onların fikrincə, bu hadisə təkcə fərdi cinayət deyil, həm də bank sektoruna və məhkəmə sisteminə etimadı sarsıdan faktordur:

“Zərərçəkmişlərin haqqına “bank pərdəsi” arxasında qəsd olunması dövlətin hüquq sisteminə inamı zədələyir”.

Hazırda zərərçəkmişlər Mərkəzi Bankdan “Yelo Bank”da daxili audit və yoxlama aparılmasını, eləcə də istintaq tərəfindən cinayət əlamətlərinin araşdırılmasını gözləyirlər.

Onların tələbi açıqdır:

“Qanunsuz ötürülmüş 560 min 302 manat dərhal geri qaytarılsın və zərərçəkmişlərə ödənilsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*